"Təbiəti mənəviyyat kimi qorumalıyıq"

 

       Onu hələ SSRİ dönəmində "Təbiətsevənlər" adlı məşhur televiziya verilişindən tanıyanlar daha çoxdur. O səbəbdən ki, bu verilişi o qədər maraqlı, təmkinli və səmimi aparırdı... Xüsusi təqdimata ehtiyacı olmasa da, adının qarşısına yazılmalı olan titullar çoxdur: Azərbaycan Zooloqlar Cəmiyyətinin vitse-prezidenti, Zoologiya Müdafiə Şurasının həmsədri, Dövlət Ekologiya eksperti, 600 məqalə, 69 kitab, 5 telefilmin senari, 18 elmi konsepsiya müəllifi, 35 disertasiyanın rəhbəri, "Şöhrət" ordenli, prezident təqaüdçüsü...

      Beləliklə, müsahibimiz Bakı Dövlət Universitetinin "Onurğalılar zoologiyası" kafedrasının müdiri, biologiya elmləri doktoru, professor Qara Mustafayevdir.

      - Təbiətin, quşların qorunması ilə bağlı son günlərdə hər hansısa bir kitab nəşr edilibmi?

      - Bu yaxınlarda Milli Elmlər Akademiyasından bir yoldaşla "Quşların qorunması" adlı monoqrafiya çap etdim. Monoqrafiyada quşların qorunmasının iki formasından söhbət gedir. Bunu dünyanın heç bir yerində heç bir xalq hələ açmayıb. Bütün dünyada ən güclü xalq ABŞ-nın əhalisidir. Amma mənim xalqımın, mənim nəslimin gördüklərini onlar görməyib. Onlar cəmiyyətin ilkin mərhələlərini görüblərmi? Yox, onlar ora hazır gedib. Deməli, şərq xalqlarının 50 min illik sivilləşmə dövründə gördüyü əziyyəti onlar görməyib. Bu səbəbdən onlar qaranquş tanıya bilməzlər. Qaranquşu bütün əzab-iztirablarla yaşaya-yaşaya sivilləşib, qalstuk bağlayan xalqlar başa düşür. Digər xalqlar qaranquşun qiymətini dərk edə bilməz.

      - Təbiəti dərk etməyən, onun qayğısına qalmayan insanları necə qiymətləndirir Qara müəllim?

      - Çox pis. İnsan həyatı iki yerə ayrılır. Maddi və mənəvi həyat. Maddi həyat həmişə çalışır ki, yüksələn xətt üzrə inkişaf etsin. Təəssüf ki, insan mənəviyyatı daima yüksələn xətt üzrə inkişaf etmir. Hətta pozulur. Təbiəti də qorumaq mənəviyyatı qorumaq kimidir.

      - İnsan mənəviyyatının pozulmasını bəzən onun azadlığı ilə əlaqələndirirlər. Sizcə, insan tam azad olsa, nələr baş verər?

      - İnsan tam azad ola bilməz, tam azadlıq onun heyvanlığa qayıtması deməkdir. Bu yaxınlarda auditoriyada bir tələbə mənimlə mübahisə etdi. Gördüm yox, mən onu başa sala bilmirəm. Dedim bütün paltarlarını soyunub burdan vağzala kimi get. Əgər tam azad olmaq istəyirsənsə, bunu et. Səni daşlayıb öldürərlər. Demək istəyirəm ki, insan müəyyən çərçivədə insandır. Həmin çərçivəni aşandan sonra təzədən heyvana dönür. Səhv etmirəmsə, Həsən bəy Zərdabinin sözüdür - "qanunçuluq səviyyəsində nə varsa, əsl azadlıqdır. Vay o xalqın halına ki, onun mənəviyyatı zəifləyir". Bax, buna görə də deyirlər ki, Qara müəllim sərt danışır.

      -Bəlkə bu sərtlik insan haqqında 8 kitabınızın işıqüzü görməsinin nəticəsidir?

      - O kitablar arasında elələri var ki, bədii ədəbiyyat deyil. Ancaq bədii ədəbiyyatın sirlərini açmağa yönəlib. Belə kitablardan "Əməl güclüdür", "Düşünək və düşündürək". Əgər mən düşünməsəm, sən düşünməsən, sənin oxucun da düşünməyəcək. Düşünərsən xeyrinədir, düşünməzsən nəslini bədbəxt edərsən.

      - Dediniz ki, xalq quşların qorunmasında daha böyük səy göstərir. Təxminən nə qədər quşu xalq qoruya bilir?

      -Azərbaycanda təxminən 35-40 növ quş xalq tərəfindən qorunur.

      - Bəs, təbiət alimi nədən narazıdır?

      -Mən Azərbaycan dilindən çox narazıyam. Ziyalılarımız, alimlərimiz Azərbaycanca bilmir. Ölünün qıdığı gələn kimi, mən onların Azərbaycanca yazısını oxuyanda qıdığım gəlir. Buna günahkar isə lüğət dilimizdir. Tərcümə zamanı bilməməzlikdən kobud səhvlərə yol verilib. Quşun lələyini tükcük yazırlar. Tükcüklə lələk bir-birindən fərqlidir. Lələk Allahın yaratdığı elə bir güclü möcüzədir ki, sanki lələyin quruluşu, strukturu Allaha sinəbahar oturubmuş elə bil. Bu, bir möcüzədir. Orda elə incəliklər var ki, min loğman, min peyğəmbər təzədən gəlsə Allahın o sirrini aça bilməz. O elə bir strukturdur ki, həm soyuğa, həm istiyə dözür.

      - Deyirsiniz heyvan heyvanlığında qalır...

      -Bəli. Yazın gəlişindən qaranquşlar xəbər verir. Elə bu səbəbdən fikrimi bu quşlarla bağlı bir misalla izah edəcəyəm. Bəzi kitablarda yazılır ki, qaranquşun böyütdüyü yuvadan uçan cavanlar valideynin ikinci dəfə bəslədiyi balalara kömək edir. Bu məsələ mənim üçün qaranlıqdır, buna şübhə ilə yanaşıram. Çünki milyon yarım heyvan növündə elə birisi yoxdur ki, o yeyib doyandan sonra bir çəngə ot götürüb aparıb anasının qarşısına qoysun. Burda deyirlər ki, heyvan heyvanlığında qalır.

      - Sizcə, niyə Avropa bütün ölkələrdən qabaqdadır?

      - Çox yaxşı məqama toxundunuz. İslam dininin ümumbəşəri dəyərlərinin çoxu gələcəklə bağlı olduğu üçün onun tətbiqi zəif gedir. Avropanın Hüqo kimi dahiləri yazırlar ki, Məhəmməd Peyğəmbərin göstərişlərinin 5 faizini Avropa, o cümlədən Almaniya reallaşdırmaqla onun vətənini 1000 il qabaqlayıb. Doğrudan da Almaniyanın həyat səviyyəsi Ərəbistanın həyat səviyyəsindən 1000 il qabaqdadır. Bizim həyat səviyyəmizdən həmçinin. Bunu Məhəmməd Peyğəmbərin xəyal həyatını nəzəri konsepsiyaları reallaşdırmağa cəhdlə qazanıblar.

      - 35 il "AzTV"də "Təbiətsevərlər" verlişinin yaradıcısı aparıcısı olmusunuz. Sizcə, indi belə maarifləndirici verilişlərin olmaması nədən irəli gəlir?

      -Həmin veriliş mənim xəstəliyimlə əlaqədar yarımçıq qaldı. Lakin bu verilişdən sonra mən telekanallarda buna bənzər veriliş görmürəm. İndi həyat şkalası dəyişib. Mənə belə gəlir ki, indi o səpkidə mən çıxıb danışsam, qulaq asmazlar. Amma biz yaşamaq istəyiriksə, dəyişməliyik. İş burasındadır ki, indi xalqı maarifləndirənlərin özü onları korlayır. Bu gün xalqı maarifləndirənlərin özünü maarifləndirmək lazımdır. Bax budu, Qara müəllimi narazı salan məsələ. Təbiətçi olan alim təbiəti tanımır.

      -Həyatda belələrinə tez-tez rast gəlirsiniz?

      -Bəli. Professor təbiətdən 400 səhifəlik kitab yazır. Həmin kitabda tüklə, lələyi tanımır. Mən təzədən professoru qaytarıb orta məktəbdə 6-cı sinifdə başa salım ki, tük lələk nədir?

     -Bəlkə elə səbəbləri orta məktəblərdə mükəmməl savadın verilməməsində axtarmalıyıq...

      -Yox. Buna əsas səbəb testdən istifadədir. Test beyini inkişafdan saxlayır. Qoy, Məleykə xanım məndən inciməsin, Avropanın bizə verdiyi testi onların özləri istifadə etmir. Onların uşaqları da testləri bizdəkindən 10 dəfələrlə güclüdür. Mən ekoloji testlə bağlı kitab yazdım. Heç kim istəmir. Çünki o testə heç kimin gücü çatmır. Sualın cavablarının 5-i düz olmalıdır. Niyə bizim uşaqlar cəfəngiyyata yönəlməlidir. Testin cavablarından biri tam, qalanının isə nəyisə çatmamalıdır. Amma indiki testlərdə sual verilir ki, canavar yeyir? Cavabın biri ət, digər dörd cavab daş, asfalt, torpaq, qranit. Burda aydındır ki, ət olan cavab qala-qala canavar daş yeyə bilməz. Buna ən savadsız şagird cavab verə bilər. Bunun da səbəbləri çoxdur. Bir şeyi açıq demək olar ki, bu gün bizim məktəblər sovet dövründəki məktəblərdən qat-qat zəifdir. Əgər belə olmasaydı, tələbələr bu gün boynunu büküb onun-bunun qarşısında pul verərək oxumazdı. Bu gün ali məktəblərə imtahan darvazasından keçmək üçün orta məktəblərin proqram planı onları qane etmir.

 

 

   Pərvin İsmayılova

 

   Həftə içi.- 2012.- 14-16 aprel.- S. 11.