Fransanın "Azərbaycan günü"

 

Fransanın dördüncü böyük şəhəri hesab edilən Lildə azərbaycanlı tələbə Babək Cəfərov tərəfindən ölkəmizin təbliğinə həsr olunmuş "Azərbaycan günü" adlı tədbir keçirilib.

Fransanın ən mühüm biznes məktəblərindən biri olan İESEG School of Managementin ilk və hələlik yeganə azərbaycanlı tələbəsi olan Babək Cəfərov universitetdə beynəlxalq biznes ixtisası üzrə magistr təhsili alır. O, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) təqaüdçüsüdür.

Dünyanın müxtəlif ölkələrini təmsil edən tələbə və professorların qatıldıqları tədbir iki hissədən ibarət olmaqla üç saat davam edib. Rəsmi hissədə qonaqlara Azərbaycanla bağlı videolar göstərilmiş, ölkəmizin tarixi, inkişafı, iqtisadiyyatı, mədəni irsi və müasir incəsənət nümunələri barədə geniş məlumat verilib. Tədbirin ikinci hissəsində isə ölkəmizin Fransadakı səfirliyinin və ARDNŞ-in dəstəyi ilə iştirakçılara milli mətbəximizin nümunələrindən olan şəkərbura, paxlava, plov, dolma və digər nemətlər təqdim olunub.

Sonda iştirakçılara ölkəmiz haqqında ingilis və fransız dillərində çap olunmuş məlumat kitabçaları və jurnallar, milli musiqi diskləri və ARDNŞ tərəfindən göndərilən hədiyyələr verilib.

 

 

Nigar

 

Həftə içi.- 2012.- 18 aprel.- S. 8.