Rənglərdə
yaşayan ömür
Üzüntülü rəsmləri ilə qəmgin əsərlərin
görüntüsünü yaradan bu rəssamı bəlkə
də çoxları tanıyır. Amma onun
yaratdığı əsərləri hər kəsin dərk
edib duyması mümkün deyil. Bu əsərlər sadə
olduğu qədər tamaşaçıları tərəfindən
mürəkkəb görünən bir dünyadır. Ona
görə ki, bu əsərlərin kompozisiyasının
içərisində minlərlə sual dolu cavablar var. Onun əsərlərinə
baxdıqca hər bir fırça izlərində minlərlə
suallar doğur.
Rəssam Səyyar Əliyev Ağcabədidə
dünyaya göz açıb. Uşaqlığını Azərbaycanın
dilbər guşəsi olan Qarabağda keçirən rəssamın
əsərlərində Qarabağ təbiətinin nümunələri
cəmlənib. "Xəzərin sahilində",
"Qarabağ mənzərəsi", "Cıdır
düzünün həsrəti", "Odlar yurdu",
"Sarı qayanın kədəri" kimi təbiət
mövzularına üstünlük verən müəllifin bu
tabloları, onun ağır və əzablı xatirələrinin
təcəssümüdür.
Səyyar Əliyevin görkəmli musiqiçilərin,
incəsənət xadimlərinin vətəni olan Qarabağ
torpağından olması, onun sənət aləminə bir qədər
də yaxınlaşmasına imkan yaradıb. Müsahibimiz rəssamlığa
meyilin hələ uşaq vaxtlarından
başladığını söyləyir: "Rənglər
dünyasını sevirdim. O zaman məni tanıyanların
hamısı gələcəkdə yaxşı rəssam
olacağıma ümid edirdilər. İlk rəsmi 3-cü
sinifdə oxuyarkən çəkmişəm. Elə o
gündən də rəssamlığa meyilim birə on qat
artdı".
Səyyar Əliyevin başqa rəssamlardan fərqi
ondadır ki, o yaratdığı əsərlərilə
keçirdiyi hisslərini başqaları ilə özünəməxsus
tərzdə bölüşə bilir. Bununla da o əsərlərinə
tamaşa edə bilən insanlarla dialoq qurmağa nail olur.
İlkin baxışda onun əsərlərinə nəzər
salanda elə düşünürsən ki, sən heç nəyi
başa düşə bilmirsən. Lakin bir qədər diqqətlə
baxdıqda, onun nə qədər böyük bir əsər
yaratdığının şahidi olursan. Onun əsərlərində
digər bir fərq də özünəməxsus yer alır.
Dünyasını əsərlərinə
sığdırmaq istəyən bu rəssam estetik məziyyətləri
öz əsərlərində cəmləməyi bacarır.
Həmsöhbətimiz bildirir ki, o, orta məktəbi
bitirdikdən sonra ali təhsil almaq üçün rəssamlıq
məktəbi əvəzinə Azərbaycan Politexnik
İnstitutuna üz tutur. Sonralar ali məktəbdə oxuduğu
illərdə də rəssamlıqdan uzaq düşmür:
"Hərdən çəkirdim. Əllərim boyalara
öyrəşmişdi. Ümidim var idi ki, bir gün rəssam
olacam".
Fırçanı bir dəfə
vurmaqla...
Uzun illər rənglər dünyası
üçün qəribsəyir Səyyar Əliyev. Alitəhsilli
mühəndis çox sonralar ardıcıl bu sahə ilə
məşğul olmağa başlayır. O da ki
yaşının ötdüyü bir vaxtda...
Öz duyğularını rənglər üzərində
kökləyir Səyyar Əliyev. Müxtəlif
ölçülü kətan üzərində yağlı
boya ilə işləyən rəssam rəngarəng və
düşündürücü görüntülər bəxş
edir hər bir əsərinə. Müsahibimiz bildirir ki, bu
günə kimi də saxladığı minlərlə eskizləri
var: "Tələbə vaxtı da dərslərdə eskizlər
çəkərdim. Mənim həyat yolum müxtəlif
çətinliklər arasında keçsə də, nəticədə
öz arzuma çatdım. Hazırda pedaqoji universitetdə
müəllim işləsəm də, dərsdən sonra
emalatxanama gəlir, burda saatlarla rənglər dünyasına
qərq oluram".
Səyyar Əliyev bildirir ki, o, öz əsərlərini
bir dəfəyə çəkir. Dediyinə görə, buna
bir çox rəssamlar inanmır: "Düzdür, minlərlə
eskizlərim var. Lakin mən hər hansısa bir əsəri,
kompozisiyanı işləyərkən həmin eskizlərdən
istifadə etməyə ehtiyac yaranmır. Sadəcə çəkirəm,
çəkdikcə də mənə növbəti eskizlər
üçün ilham gəlir. Mən fırçanı bir dəfə
vurmaqla bir insan rəsmini alıram".
Təbiidir ki, bu bütün rəssamlara xas olan
xüsusiyyət deyil. Həmçinin, müsahibimizdəki bu
ilham onun öz portretini də yaratmağa imkan verir. Səyyar Əliyev
deyir ki, güzgüdə özünə baxıb onu kətanda
əks etdirməyi bacarır. Baxmayaraq ki, hələ həmin
portret yarımçıqdır. Səbəb də odur ki, bu,
digər çəkilən rəsmlərdən bir qədər
çətindir: "Ona görə ki, insanın öz rəsmini
yaratması bir qədər cəsarət tələb edir. Buna
səbəb isə insanı tanrının
yaratdığı kimi yaratmağın
qeyri-mümkünlüyüdür. Yalnız rəssam bilə
bilər ki, həmin portretdə hansı detallar əskikdir".
Deyirlər, bu həyatda mübariz insanlar və
tutduğu yolu axıradək getmək iradəsi olanlar qalib gələ
bilərlər. Elə bu məqsəd və məramla
addımlayıb Səyyar Əliyev. O, özünü daxilən
yeni ideyalar axtarışına kökləyib. Bu da onun əsərlərindəki
cizgilərdə özünü büruzə verib. Sənətkar
danışır ki, onun əsərləri dəfələrlə
sərgilərdə nümayiş olunub. Və
yaratdığı tablolar sərgidə özünəməxsus
tamaşaçı diqqətini öz üzərində cəlb
edib.
Onun əsərlərinin əsas motivini vətənpərvərlik,
vətənə sevgi və xalqın başına gətirilən
müsibətlər təşkil edir. Görünür, bu səbəbdəndir
ki, Mədəniyyət və Turizm Nazirliyinin Muzey Mərkəzində
dəfələrlə sərgilərdə əsərləri
nümayiş olunub. Dövlət İncəsənət
Muzeyində isə "20 Yanvar"a həsr olunan sərgidə
ümumxalq kədərini əks etdirən tablo
tamaşaçı rəğbəti qazanıb.
Bundan başqa, bu il "Xocalı faciəsi"
mövzusunda sərgilərdə Səyyar Əliyevin də əsərləri
nümayiş olunub. Yaxın günlərdə isə
Şuşa şəhərinin ildönümü ilə
bağlı təşkil olunan sərgidə onun heç bir
yerdə nümayiş olunmayan əsərləri yer alacaq.
Rəssamın yağlı boya ilə işlənmiş
lövhələri ən müxtəlif mövzuları əhatə
edir. Lakin onun əsərləri müxtəlif mövzulu
olduğu kimi onlarda janr müxtəlifliyi də var. Səyyar Əliyev
deyir ki, əsərlərində mənzərələrə
daha çox meyillilik hiss olunur. Bu isə onun təbiətə
bağlılığından irəli gəlir. Ona görə
də əsərlərində mənzərələr konkret
məkanı əks etdirmir. Sadəcə, bir rəsmin
içində təbiətə aid olan bütün eskizlər
verilir. Bu isə rəssamın güclü
fantaziyasının nəticəsidir.
Süjetlərdən yaranan duyğular...
Səyyar Əliyevin tablolarına baxdıqca, orda olan hər
süjet insanı duyğulandırır, onun düşüncələrini
istiqamətləndirir. Onun "Nigaran ruhlar" tablosuna
baxdıqca isə insan bir qədər duruxur, sanki
özünü başqa bir aləmə düşmüş
kimi hiss edir. Kimlər var o ruhlar arasında. Şuşanın ən
dəyərli söz-sənət ustadları. Rəssam həmin
tablosu barədə danışır: "Bu ruhlar
Qarabağın erməni işğalında olmasından
narahatdırlar. Onların nigarançılığı o
vaxt sona yetə bilər ki, Qarabağ geri alınsın".
Bir qədər tabloya diqqətlə baxırıq.
Sözlə ifadə edə bilmədiklərini
fırçanın dili ilə necə deyib Səyyar Əliyev...
Onun "İnsanlar, talelər", "Rəssam
dünyası", "Sirli dünya",
"Qovuşanlar", "Analar, ümidlər",
"Bayram", "Azad bir quş idim...", "Bənövşəyi
xəyallar", "Mücərrəd kompozisiya",
"Sevincdi, kədərdi dünya...", "Şeytanın
hiyləsi" tablolarını izlədikdə isə
yaşadığın dünyanın keçmişdə nələrlə
qarşılaşdığını və bundan sonra
insanları nələrin gözləyəcəyindən xəbərdar
olursan. Tablolarda yaranan hər eskiz qorxudur insanı.
Çünki bu gerçəklə xəyal arasında yaranan
bir əlaqədir. Onun əsərlərində xəyalın
gerçəyə nə vaxt çevrilə biləcəyi də
öz əksini sadə formada tapmaqdadır.
Səyyar Əliyev bunları belə izah edir: "Mən
nə çəkəcəyimi özüm əvvəlcədən
bilmirəm. Fırça işə düşdükcə nələrinsə
alındığını görürəm. Tələsirəm,
çox gərgin oluram. Tezliklə işlədiyim tablonu
başa vurmağa can atıram. Çalışıram ki, mənə
gələn ilhamı boyalarla tez bir zamanda əks etdirə
bilim".
Yaradıcılığının axtarış mərhələsindən
usanmır Səyyar Əliyev. Onda yurda, vətənə
bağlılıq, torpağa sonsuz sevgi çox
güclüdür: "İstədiklərimi çəkməyim
üçün mənə bəlkə də iki ömür
lazımdır. Vətənimin hər qayasını,
daşını əsərlərimdə yaratmaq istəyirəm.
Ən böyük arzum vətənin işğaldan azad
olmasıdır. Qoy, Azərbaycanın üzərindən qara
buludlar tezliklə çəkilsin və Azərbaycan tam azad
olsun".
Pərvin İsmayılova
Həftə içi.- 2012.- 18 aprel.- S.
7.