Akkordlara köklənən Üzeyir ömrü

  

"Yaxşı dirijor əsərin partiturasını başında, pis dirijor isə əksinə, başını partiturada saxlayır", - deyib həmkarı Hans fon Bülov. O da bəstələdiyi bütün əsərlərin partiturasını başında saxlayanlardan idi...

Bu dəfə bir bəstəkarın - dahi Üzeyir bəyin musiqili aləmindən söz açacağıq. O, bəlkə də iki məzarı olan yeganə insandır. Həm ölkəsində, həm də sevdiyi bəstəkarın yanında dəfn olunmaq hər kəsə nəsib olmur. Avstriyalı həmkarı Mosartı çox sevirmiş. Bu sevgi ona ölkəsindən çox uzaqlarda mənəvi bir məzar qazandırıb.

Milli peşəkar musiqimizin banisi Üzeyir bəy Hacıbəyliyə məxsus olan xatirə-ev muzeyi bu gün bütün azərbaycanlıların ziyarətgahına çevrilib...

Dahi bəstəkarın vaxtilə dostu olmuş Şamil Əzizbəyovun adını daşıyan küçədə yerləşən ev muzeyi elə indi də əzəmətli görkəmi ilə göz oxşayır. Buradaca xatırladaq ki, bəstəkarın ilk ev-muzeyi uşaqlıq və gənclik illərinin keçdiyi Şuşa şəhərində hələ 1959-cu ildə açılıb. Sonradan Qarabağda müharibə alovunun qızışdığı dövrdə bəstəkarın Şuşadakı mənzilində olan şəxsi əşlayar, eksponatlar Bakıya, onun burada yerləşən evinə gətirilir. 1992-ci ilin mayında Şuşanın işğalı ilə Üzeyir bəyin də ev muzeyi əsarət altına düşüb. Düz 20 ildir həmin evdən heç bir məlumat yoxdur.

Ədibin Bakıda yaşadığı ev isə Üzeyir bəyin 90 illik yubileyi münasibətilə 1975-ci il noyabrın 20-də Şamil Əzizbəyov küçəsi ev 67-də açılıb. Bəstəkar bu evdə 27 il - 1915-ci ildən 1942-ci ilə qədər yaşayıb-yaratmışdır. Həyatının böyük bir hissəsini çox sevdiyi xanımı Məleykə və bacısının ailəsi ilə həmin ünvanda yerləşən mənzildə keçirib. Artıq kifayət qədər məşhur və tanınmış şəxs olan Üzeyir bəyin yaradıcılığı üçün bu evi kiçik hesab edən sovet hökuməti 1942-ci ildə bəstəkara monalit binadan mənzil verir. Bəstəkar ömrünün son illərini burada yaşayır və elə həyatla da bu mənzildə vidalaşır.

Lakin bu evlərdən muzey kimi fəaliyyət göstərəni monolit bina deyil, ömrünün çox hissəsini keçirdiyi Şamil Əzizbəyov küçəsində yerləşən evdir.

 

Sahibinə sadiq "ağıllı saat"

 

Evə yaxınlaşıb qapını döyürük... Əminik, ədibin ruhu da onu yad etməyimizdən fərəh hissi duyur.

Bizi qapıda bəstəkarın ev muzeyinin direktor müavini və bələdçi Gülnarə xanım Çingizqızı qarşılayır. Onunla birgə hər qarışı musiqi qoxuyan bu ocağı gəzib bir bəstəkar dünyası ilə daha yaxından tanış oluruq.

Muzey şüşəbənd də daxil olmaqla 5 otaqdan ibarətdir. Lakin şüşəbəndlə yanaşı bu otaqlardan ancaq 4-ü bəstəkara məxsusdur. Muzeyə bitişik olan evlər sonradan Mədəniyyət və Turizm nazirliyi tərəfindən alınaraq muzeyin tərkib hissəsinə qatılıb. Daxil olduğumuz ilk otaq da elə sonradan əlavə olunanlardandır. Bu otaq bəstəkarın rəsmlərindən ibarət qaleriya xarakteri daşıyır. Burada xüsusi diqqətçəkən əsərlərdən biri Mikayıl Abdullayevin fırçasından çıxan rəsmdir ki, burada balaca Üzeyir məktəbə gedərkən atası Mirzə Əbdülhüseyn bəy və Xurşudbani Natəvanın onu quranın altından keçirməsi əks olunub. Bu otaqda bəstəkarın adını daşıyan tankerin maketi və "O olmasın, bu olsun" əsərindən personajların eksponatlar da var. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən muzeyə hədiyyə olunan royal da otaqda xüsusi diqqət çəkir.

Oradan ayrılıb görkəmli sənətkarın şəxsi otağına keçirik. Duyğulanmamaq mümkün deyil. Sanki o indicə otağına qayıdıb piano arxasına keçib onu dilə gətirəcək...

Otaqda ilk eksponat bəstəkarın Şuşada yaşadığı evin maketidir. Ədibin yazı masası, şəxsi kitab dolabı, qonağı olan musiqiçi və görkəmli şəxsiyyətlərin rahatlığı üçün mebel dəsti indi də diqqət çəkir. Yazı masasında bəstəkarın eynəyi, mürəkkəb qabı, telefonu, qol saatı, tənbəki çubuğu və yarımçıq qalmış "Azərbaycan" simfonik poemasının partiturası hələ də qalmaqdadır.

Bir çox musiqini dilə gətirən o əllərin toxunduğu piano da bu otaqda öz yerini qorumaqdadır. "Bekker" royalının klavişinə Üzeyir bəyin barmaqları toxunub. Bəstəkarın qonağı olmuş M.Maqamayev, Bülbül, L.Rostropoviçbu pianoda ifa ediblər. Royalın üstündə Üzeyir bəyin skripkası qoyulub. O, 1908-ci ildə ilk Şərq operası olan "Leyli və Məcnun"un premyerasında orkestrin heyətində bu skripkada ifa edib.

Xüsusi diqqətçəkən isə Azərbaycan Elmlər Akademiyasının ona 60 illik yubileyi münasibətilə təqdim etdiyi divar xalçasıdır.

Divardan asılı saat isə bəstəkarın ən sevdiyi əşyalarındandır. Üzeyir bəyin "ağıllı saatım" adlandırdığı saatın əqrəbləri də sükuta qovuşub. 1948-ci il noyabrın 12-si gecə saat 2-də Üzeyir bəy həyatla vidalaşır və həmin andan bəstəkarın yaxınları saatın əqrəblərini dayandırır. Üzeyir bəyin "ağıllı saat"nın da "ürəyi" sevimli bəstəkarın ürəyi kimi dayanır. Saat əqrəbləri bu evə baş çəkənlərə bəstəkarın ölümünü sanki təkrar-təkrar yaşadır...

 

Çarpayı üzərindən asılmış qobelen

 

Bəstəkar sadəliyi və ürəyiaçıqlığı ilə daim seçilib. Mənzilin ikinci otağı olan yataq otağından da bunu hiss etmək olar. Otağın divarlarından Hacıbəyovlar ailəsinin bütün üzvlərinin fotoları asılıb. Bəstəkarın çarpayısı da bu gün öz yerini dəyişməyib. Əsərlərinə dirijorluq edərkən geyindiyi frakı (simokin) da bizi məhz bu otaqda qarşılayır. Çarpayının üzərində divardan asılmış qobeleni isə bəstəkara həyat yoldaşı Məleykə xanım hədiyyə edib. O, bu hədiyyəni çox sevərdi və onun üçündaim çarpayısının başı üzərindən asarmış.

Üçüncü otaq isə vaxtilə Üzeyir bəyin həyat yoldaşı vəfat etmiş bacısı və uşaqlarına aid otaq olub. İndi isə onun həm bəstəkar, həm pedaqoq, həm də ictimai xadim kimi fəaliyyətini əks etdirən şəkil, hədiyyə və sənədlər nümayiş olunur.

Növbəti otaq bəstəkarın ailəsinə məxsus qonaq otağıdır. Burada yemək stolu, dolab, qramafon və digər mətbəx əşyaları var. Divarda asılan fotolardan da görürük ki, buradakı stolun ətrafı həmişə qonaq-qaralı olub. Burada ədibi son mənzilə yola salarkən çəkilmiş şəkillər də yer almaqdadır. Fotolarda ədibin nəşini çiynində aparanlar arasında ön sırada Mircəfər Bağırovun durduğu aydın görünür. Həmçinin, muzeyin direktoru bəstəkar Sərdar Fərəcov tərəfindən bəstəkarın itmişbir müddət unudulmuş "Ər və arvad" operettasının bərpa olunmuş afişası da bu otaqdadır.

Şüşəbənddə nəzərə çarpan ən gözəl eksponat isə bəstəkarın rəssam Oqtay Şıxəliyev tərəfindən mərmər parçalardan mozaika üsulu ilə hazırladığı portretdir. Həmçinin, buradakı stendlərdə də ədibin əsərlərinin partituralarını da görə bilərsiniz.

 

 

Nigar İxtiyarqızı,

 

Sevda Zahidqızı

 

Həftə içi.- 2012.- 19 aprel.-S.8.