Muzeylərdə qalan tarix

 

   Abdulla Şaiqin üçmərtəbəli evin ikinci mərtəbəsindəki mənzil muzeyində gördüklərimiz

 

  Planlaşdırılan yazıya hazırlaşarkən haqqında bildiyimiz məlumatları, orta məktəbdə öyrəndiklərimizi saf-çürük eləməyə başlayırıq. Deyəsən, nəsə tapmışdıq, şeirlərinin birində hazırlayacağımız yazının ruhuna uyğun gələn bir bənd yazıya başlamaq üçün yaxşı bir ipucu verdi bizə:

   

   Dünyada bəxtiyardır əkdiyini biçənlər,  

   Bu həyat səhnəsindən vicdan ilə köçənlər.

   Biz hər zaman içərkən keçmişi yad eylədik,

   Bizi də yad eyləsin bizdən sonra içənlər.

    

   Unudulmaz şairin sözünə xilaf çıxmayıb onu yad etmək, bilmədiyimizi öyrənib oxucularımıza çatdırmaq üçün yollandıq mənzil muzeyinə. Səbəbsiz deyildi. Bəlkə də o, yeganə yaradıcı insanlardandır ki, oxucuları arasında uşaqlar daha çox üstünlük təşkil edir. "Mən yazıçılığımdan ziyadə müəllimliyimlə fəxr edirəm", - deyən şair Abdulla Şaiqdən gedir söhbət.

   Bütün yaradıcılığını bizlərə sərf edən şairə biz də yad edib evinin qonağı olduq. 1901-ci ildə anası Mehriböyük qardaşı Yusif Ziya Talıbzadə ilə Tiflisdən Bakıya köçən Abdulla Şaiq ailəsi ilk vaxtlar İçərişəhərdə kiçik bir mənzildə yaşayıb. 15 ildən sonra isə hazırda şairin ev muzeyi kimi fəaliyyət göstərən Yuxarı Dağlıq küçəsi-21 ünvanında yerləşən, 1905-ci ildə inşa edilmiş üçmərtəbəli binanın ikinci mərtəbəsindəki mənzilə köçürlər. Şaiq elə yaradıcılıqla da bu mənzildə məşğul olur. 

  Üçmərtəbəli binanın birinci mərtəbəsində yaşayan, gələcək həyat yoldaşı Şahzadə xanımla da burada tanış olur. Bu tanışlıq və səmimiyyət sonradan icdivacla nəticələnir və üç övladları dünyaya gəlir (Şahzadə xanım ədibin ikinci həyat yoldaşıdır. Şairin birinci həyat yoldaşı xəstəlikdən vəfat edib və onların övladları olmayıb).

   Vaxtilə şairin yaşayıb-yaratdığı bu mənzil 1990-cı ildən Nazirlər Sovetinin qərarı ilə muzeyə çevrilib və 1991-ci ildən muzey kimi fəaliyyətə başlayıb. 2001-ci ilin yanvar ayında ədibin 120 illik yubileyi ərəfəsində muzeyin ekpozisiyası açılıb.

    Muzeyin əsas vəzifəsi gənc nəsli onun həyat və yaradıcılığını, Şaiq fikri, onun sənət dünyası ilə tanış etməkdən ibarətdir.

    

   "Xan evi"nə gedən yol...  

   "Bir kiçik gölməçəyə 

   Yetişincə, gördü:  

   Tıq-tıq xanım çuxurda 

   Boğulur, əl-qol atır.

   Gah çıxır su üzünə,

   Gah birdən-birə batır..."

   

   Bu misraları əbəs yerə xatırlamadıq. Hazırda şairin ev muzeyinə gedən yollar da elə özünün bu şeirində dediyi kimidir. Biz o yolları elə "Tıq-tıq xanım" kimi gedərək şairin öz adını daşıyan küçələrlə irəliləyib mənzil başına yetişdik.

   Bina öz köhnəliyi ilə yanaşı, həm bir şair əzəmətli görünüşünü hələ qorumaqdadır. Qapıdan içəri daxil olub pilləkənlərlə Abdulla Şaiq zirvəsinə doğru addımlayırıq. Vaxtilə şairlə qonşu olanlar indi haqq dünyasına qovuşsalar da, onların gənc davamçıları şairin ev muzeyinə qonşuluq edirlər. Elə bu kiçik isti həyət özünüzü şair dünyasında hiss etmək üçün kifayət edir.

   Muzeyin girəcəyində bizi Abdulla Şaiqin heykəltəraş Natiq Əliyev tərəfindən yaradılmış büstü qarşılayır. Qapıdan içəri keçib ədibin dünyasına daxil oluruq. Muzeyin bütün divarları, əşyaları Abdulla Şaiqi xatırladır. Onun vaxtilə işlətdiyi şəxsi əşyaları muzeyin qonaqları üçün gözəl nümunələrdir.

   Xatırladaq ki, Abdulla Şaiqin Mənzil Muzeyinin 4000-dən artıq eksponatı olan zəngin kolleksiyası var. Kolleksiyanın əsasını xatirə məişət əşyaları, qədim kitablar, fotoşəkillər, şairin öz əlyazmaları, incəsənət əsərləri, afişalar təşkil edir. Kolleksiya arasında şairin yaratdığı ilk məktəb dərslikləri toplanıb. Onun 120 illik yubileyi ilə əlaqədar nəşr edilmiş "Abdulla Şaiq 120" kitabı məhz muzeyin fondunda qorunan nadir kitab əsasında hazırlanaraq işıqüzü görüb.

   Muzeyin fondunda 100-dən artıq qiymətli əlyazmalar da saxlanılır ki, bunların sırasında ədibin çap olunmayan ədəbi-tənqidi əsərləri, repressiya dövründə yazdığı nəşr edilməyən şeirlə var.

    Şaiqin "Arazdan Turana" (2004) adlı yeni toplusu muzeydə qorunan əlyazmalar əsasında tərtib edilib.

    Muzeyin "Orijinal fotolar" fondunda ötən əsrə aid ədibin həyat yaradıcılığını əks etdirən qədim qiymətli fotolar var. Kolleksiyanın əhəmiyyətli hissəsini özünə ailəsinə aid şəxsi xatirə əşyaları, XX əsdin əvvəllərinə məxsus fransız mebel dəsti, əntiq divar saatı, inkrustasiyalı yemək masası kimi qiymətli eksponatlar təşkil edir.

   

   4 otaqlı Şaiq dünyası...

   

   Ekspozisiya 4 otaqdan ibarətdir. Birinci otaq A.Şaiqin dünya şöhrətinə həsr edilib. Əvvəllər şüşəbənd-dəhliz funksiyasını daşıyan bu otaqda şairin müxtəlif dillərə tərcümə olunaraq xarici ölkələrdə dərc edilən əsərləri, özünün dünya ədəbiyyatından tərcümə etdikləri, onun haqqında görkəmli şəxsiyyətlərin dedikləri, şairin adını daşıyan təhsil mədəniyyət ocaqlarının şəkilləri yer alıb.

   Qonaq otağında Abdulla Şaiqin anadan olduğu Tiflis şəhərinin görüntüləri, ədibin nəsil səcərəsi, şəxsi həyatı, valideynləri, ailəsi ilə bağlı xatirə əşyaları, fotolar sənədlər yer alıb. Bu otaqda Şaiqin qardaşı Yusif Ziyanın, həyat yoldaşı Şahzadə xanımın yağlı boya ilə çəkilmiş portretləri xüsusi yer tutur.

    Ekspozisiyanın üçüncü otağı Abdulla Şaiqin pedaqoji fəaliyyətinə həsr edilib. Burada həmçinin rəssam Tofiq Kərimzadənin Abdulla Şaiqlə Hüseyn Cavidin birlikdə çəkdiyi portret xüsusi diqqət çəkir. Həmçinin, şairin şəxsi əşyalarından olan radiosu da bu otaqdadır.

    Dördüncü sonuncu otaq isə şairin şəxsi kabinetidir. Bu otaqda Abdulla Şaiqə aid olan memorial eksponatlar, mebel dəsti, şəxsi əşyalar, şairin şəxsi kitabxanasından nümunələr nümayiş olunur. Bura da həmçinin şairin oğlu, əməkdar elm xadimi professor Kamal Abdulla Şaiq oğlu Talıbzadənin guşəsi var.

    Ədibin şəxsi yazı masası da bu otaqdadır. Abdulla Şaiq "Araz" romanı, "Məktub yetişmədi", "Köç" hekayələri, "Həpimiz bir günəşin zərrəsiyiz", "Neyçün böylə gecikdin" kimi şeirlərini, dillər əzbəri olan "Tıq-tıq xanım" mənzum nağılını elə bu otaqdakı yazı masasında qələmə alıb.

    Masanın üzərində şairin əlyazmaları, şəxsi qələmi, saatı, telefonu bu kimi digər əşyaları var. Şairin şəxsi şkafı ilə tanış olduq. Bu dolabda Abdulla Şaiqi köynəkləri, palto pencəklərilə yanaşı, qalstukları da saxlanılır.

   

   Ölüm vaxtını göstərən saat...

  

   Qeyd edək ki, muzey kifayət qədər təmiz təmirli idi. Bizi muzeydəki əşyalarla tanış edib ətraflı məlumat verən bələdçi Humay Teymurova təsərrüfat müdiri Rauf Kərimov bildirdilər ki, dövlətin muzeyə qayğısı kifayət qədərdir. Əlavə etdilər ki, Mədəniyyət Turizm Nazirliyi mütəmadi olaraq muzeylərlə maraqlanır mövcud problemləri aradan qaldırmaq üçün yardım edir: "Muzeyimizin hazırda hər hansısa problem yoxdur. Sonuncu dəfə muzeyimiz 2006-cı ildə bütün otaqlarının tarixiliyini qorumaq şərtilə köklü təmir edilib. Hələ ki, yenidən təmir işlərinə ehtiyac yoxdur".

    Rauf Kərimov muzeyə gələnlərin kifayət qədər olduğunu bildirdi. Onun sözlərinə görə, ziyarətçilər arasında məktəblilər universitet tələbələri üstünlük təşkil edir: "Hətta məktəblilər muzeyimizə Abdulla Şaiqin şeirlərindəki personajlardan ibarət eksponatlar da təqdim ediblər. biz onları da muzeyin fəxri hədiyyəsi kimi saxlayırıq".

    Sonda onu da qeyd edək ki, qonaq otağını bəzəyən divar saatının əqrəbləri günün hər vaxtı Abdulla Şaiqin ölüm vaxtını göstərir...

 

 

    Nigar İxtiyarqızı, Sevda Zahidqızı

 

    Həftə içi.- 2012.- 11 aprel.- S.8.