İç dünyası ilə şeirə bağlanan şair

 

     Çıx get, yalvarıram, harasa çıx get,

     Çıx get, yük olacam adına sənin.

     Özümə dərd olar ulu hisslərim,

     Mən çata bilmərəm dadına sənin.

   

  Musiqi bəstələnən bu misralar qısa zaman kəsiyində bir çox insanların qəlbinə yol tapdı. Əlikram Bayramovun ifasında səslənən bu mahnının sözlərinin uzun müddət müəllifini axtarsam da, onun Vasif Süleyman olduğunu təsadüfən bildik. Şeirin sözləri hələ tələbəlik illərində yazdığı "Uçurum" poemasından götürülübmüş.

  Vasif Süleyman danışır ki, poema yazıldığı vaxt imtahan verəcəyi ərafəyə düşür. Buna baxmayaraq, gecələr həmin poemanı yazıb bitirir. Bu mahnının sözləri həmin poemanın sonunda yazılmış misralardır.

  Vasif Süleyman kimi söz sərrafı olmaq çətindir. Çünki onun yaradıcılığında poetik zirvə fəth olunub. O, bir şair kimi fərdiyyəti mənsub olduğu xalqın tarixi, mənəvi həyatı, etnoqrafik təfəkkürü, bir sözlə dünyası ilə bağlılığındadır. Bu şair başqalarından fərqli olaraq, şeirə dünyasından yanaşır, az-az, dərin-dərin yazır. Şairin bənzərsiz poeziyası haqqında fikirlər söyləmək çox çətindir. Çünki Vasif Süleyman haqda söz demək üçün ən azı onun qədər yazmağı düşünməyi bacarmalısan. Onun fikir dünyasına müdaxilə edib, orda yığılıb qalan, vaxtsa misralara çevrilə biləcək fikirləri oxumalısan.

   Vasif Süleyman səmimi mərd şairdir. Hərdən insana elə gəlir ki, onun üzündəki təbəssümdən doğur şeirləri...

    

   "Şəhid taleyi yaşayanlar qədər bu torpağı sevmişəm"

   

   Vətənə bağlılığı yaradıcılığının əsas motivinin torpaq sevgisi olduğundan bəllidir Vasif Süleymanın. Bu fakt onunla söhbətimizə körpü saldı: "Bir çox vətənpərvərlərimiz kimi mən bu torpağı, bu yurdu, vətəni dəlicəsinə sevənlərdənəm", - deyir müsahibimiz. Ardınca əlavə edir ki, bu düşüncə onda erkən formalaşıb: "Hələ kiçik yaşlarından, duymağa düşünməyə başlayandan bəri bu düşüncə məni müşayiət edib. Bir dəfə gözəl şairimiz Elçin İsgəndərzadə dedi ki, biz Vasifdən təkcə şeir yazmağı yox, həm övladları necə sevməyi öyrənmişik. Mən bunu bir az başqa formada demək istərdim. Mən şəhid taleyi yaşayanlar qədər bu torpağı sevmişəm".

   Torpağını sevən bu şairin, doğulub boya-başa çatdığı məkan da onun yaradıcılığı kimi fərqlidir. Özü Akif Səmədin, Ağamalı Sadiqin, Məmməd İlqarın əhatəsində böyüyüb, o mühitdə pərvazlanıb: "Nəslimizdə sazlı-sözlü insanlar olub. Mənim canlı olaraq gördüyüm ilk şair doğma əmim Qara Qaymaqlıdır. Bəlkə şeir yazmağa həvəs mənə gendən gələn bir şey idi. Bu günə kimi toplasam, yüzlərlə, minlərlə yazılarım çıxıb. Ancaq mən şeiri çox erkən yazmağa başlamışam. Hələ 3-cü sinifdə yazdığım təcnislərimdə baş tutmayan bir sevgidən yazırdım".

   

   "Nədənsə, oxucularımla sonuncu görüşüm olduğunu hiss edirəm"

   

   Övladları kimi valideynlərini çox sevib Vasif Süleyman. İlk qələmə aldığı şeirinin 1978-ci illərə təsadüf etdiyini deyən həmsöhbətimiz "Ən müqəddəs mahnı" adlı şerin "Pioner" jurnalına çap olunduğunu da söyləyir:

   

    Ən müqəddəs mahnı, ən şirin nəğmə,

    Ana laylasıdır, ana səsidir.

    Ana aləmində birinci övlad,

    Baharında bitən ilk laləsidir.

   

   Söhbət əsnasında olduqca kövrək məqama toxunur şair. Deyir təsadüfmü, ya zərurətdənmi, kitabları on ildən bir çap edilib. 1993-cü ildə hələ tələbə ikən "Sevgi atılandan sonra başlayır", 2003-də "Eşq ol dərgahına səcdəyə gəlim" adlı kitabları artıq oxuculardadır. "Bu ömürdü, mən dediyim nağıl yox" adlı üçüncü kitab isə gələn il çapdan çıxa bilər: "Sabir Rüstəmxanlının "Göy Tanrı", Zəlimxan Yaqubun "Qayıdaq əvvəlki xatirələrə", Vahid Əzizin, Musa Ələkbərlinin bir neçə kitabı haqqında mətbuatda dərc olunan yazılarım da itməsin deyə, kitabda dərc edəcəyəm".

   Vasif Süleymanın şeir yazmaq üslubu da başqadır. Əgər şeir sonuncu misrasına kimi beynində hazır olmasa, onu vərəqə köçürmədiyini deyir: "Bir dəfə mənə dedilər ki, axı əvvəlki bəndlər yaddan çıxa bilər. Dedim ki, əgər yaddan çıxırsa, deməli o getməli imiş. Amma şeir olub ki, bir an məsələsi olub onu yazmağım. Ölənlərinizə rəhmət, atam rəhmətə gedəndə mən gedib, qəbir üstündə şam yandırdım, qayıdanda qeyri-ixtiyari olaraq, dedim ki, kəndə qayıdan yoxdur? Sonra baxdım ki, heç kəs yoxdur. Orda ani olaraq bu şeiri yazdım:

   

     Ay bu məzarın yiyəsi,

     Orda torpaq, dəniz varmı?

     Aranızda havalınız,

     Dəli-divanəniz varmı?..

   

   Vasif Süleyman deyir ki, bəzən kimlərsə bir gecədə 20 şeir yazması ilə öyünür. Amma o, ədəbiyyatla məşğul olduğu 30 ildə 3 kitab yazıb: "Bilmirəm, 30 ilə 3 kitab az, ya çoxdur. Amma nədənsə, bunu oxucularımla sonuncu görüşüm kimi hiss edirəm. Bütün 30 ildə yazdıqlarımı toplasam, 1 poema, 150 şeir yazmışam".

   Doğrudan da, böyük bir ömür yolu keçib müsahibimiz. Deyir ki, 1999-cu ildə prezidentin sərəncamı ilə gənc şairlərə təqaüd veriləndə ikinci qrup şairlər arasında onun da adı vardı. Bu münasibətlə haqqında onlarla yazılar yazılıb. Tanınmış publisist-şair Şərif Ağayar "Sözün namusunu qoruyan şair" başlıqlı yazısında Vasif müəllimin yaradıcılığının ən maraqlı məqamlarından bəhs edib: "Məmməd İsmayıl isə haqqımda yazdığı yazıda "söz ana kimi, torpaq kimi müqəddəsdir. Bu da Vasif Süleymanın fikridir" demişdir. Sonralar bir çox insanlar bu fikrimi başqa formada səsləndirdilər. Onların arasında dostlarım da vardı. Daha demədim ki, bu söz 15 il əvvəl mətbuatda çap olunub. Bunun formulası var. Mən həqiqətən sözə namus kimi baxmışam. Allah - Təalanın "ol" kəlməsindən dünya yaranıb. Buna görə biz sözü müqəddəs bilməliyik".

   Vasif Süleyman söhbətimizin sonunda bir fikri xüsusilə qeyd edir. O hesab edir ki, torpağın, namusun üzərində eksprement aparmağın mümkün olmadığı kimi, sözün üstündə eksprement aparmaq olmaz: "Sözün üzərində eksprement aparıldıqda, o sözün müqəddəsliyi tapdanır. Mənim düşüncəmə görə sözə namusla qulluq etmək odur ki, şeir səni yazdıranda yazasan".

 

 

  Pərvin İsmayılova

 

  Həftə içi.- 2012.-21-23 aprel.- S.13.