Balabanımızı necə qoruyaq?

 

      Nədənsə Azərbaycan xalq mahnısı "Sarı gəlin"i heç zaman balabansız təsəvvür etmirik. Sanki bu mahnı balabanla ifa olunarkən daha yanıqlı səslənir, daha doğma gəlir insana. Balabanla "Sarı gəlin"i bir-birinə bağlayan görünməz bağlardan xəbərsizik. Gördüyümüz və duyduğumuz isə sadəcə, doğmalıqdır. Səbəb isə hər ikisinin də Azərbaycana məxsus olmasındadır.

      Mövzum səsini çox sevdiyimiz milli sərvətimiz olan balabandandır. Bu gün ölkəmizdə bu alətə münasibətdən, ona olan danışmaq istərdim. Maraqlıdır, əzəli düşmənizm ermənilərlə hələ də bölüşə bilmədiyimiz balabana musiqi məktəblərində yer ayrılırmı və bu alətin sirlərini öyrənmək istəyən varmı?

      Bu sirli alət haqqında qısa da olsa məlumat verim ki, balaban - Azərbaycanın qədim xalq musiqi alətidir. Bu alətin adının mənası "bala" (kiçik) və "ban" (səs tembrinin xoruz banına bənzədilməsi) sözləri ilə bağlı olub, "kiçik ban" (ilk, erkən ban) deməkdir. Yumşaq və həzin səsə malik balabandan ansambl, orkestr və solo aləti kimi nəfəsli alətlər qrupunu, o cümlədən aşıqlar dəstəsini müşayiət etmək üçün istifadə edilir. Balaban ərik, qoz, tut və armud ağaclarından xüsusi dəzgahlarda yonulub, içərisi oyulduqdan sonra müəyyən bitki yağları ilə yağlanaraq xüsusi temperaturda uzun müddət qurudularaq hazırlanır.

      Balaban arxa hissəsində bir, üzərində səkkiz dəlik açılaraq əsasən tut ağacından hazırlanan nəfəsli musiqi alətidir.

      Hazırda Türkiyədə yaşayan və yaradıcılıqla da elə orada məşğul olan həmyerlimiz balaban ifaçısı Əlixan Səmədov bu alətin tədrisi və təbliği ilə məşğul olan musiqiçilərimizdəndir. Hətta o "Balaban metodu" adlı 3 dildə (türkcə, rusca və ingiliscə) kitab da nəşr etdirərək sözügedən musiqi alətinin dünyada tanıdılmasında və incəliklərinin öyrənilməsi kimi önəmli işə imza atıb. O, mətbuata verdiyi müsahibəsində Türkiyədə bu alətə marağın həddən artıq çox olduğunu bildirmişdi. Onun sözlərinə görə, hazırda Türkiyədə Azərbaycandan daha çox insan bu alətdə ifa etməyə can atır.

      Ermənistan vətəndaşı müsiqiçi Jivan Gasparyan da onların "düdük" və ya "çiqanapox" adlandırdıqları balabanın təbliği ilə məşğul olanlardandır. Onu da qeyd edək ki, Ermənistan da bu tip alətlərin öyrənilməsinə və təbliğinə xüsusi diqqət ayrılır.

      Bəs görəsən, Azərbaycanda necə, musiqi məktəblərində balaban dərsləri tədris olunurmu və buna maraq hansı səviyyədədir?

      Şuşa humanitar kollecindən bu fənni tədris edən bir neçə müəllimin olduğunu bildirdilər. Burada digər nəfəs alətləri ilə yanaşı, sırf balabanda ifa etməyi öyrədən müəllimlər dərs keçirlər. Məktəbdən bildirdilər ki, bu alətə maraq var və şagirdlərin də sayı kifayət qədərdir.

      1 saylı Füzuli şəhər incəsənət məktəbində isə nəfəs alətlərindən dərs deyən müəllimlər olsa da, xüsusilə balaban fənnini öyrədən yoxdur. Çünki heç məktəbdə bu alətə maraq göstərən də yoxdur. Məktəbdən bildirdilər ki, hazırda xüsusilə balabanda ifa etməyi öyrənmək istəyən şagird yoxdur: "Əslində bir nəfəs alətində ifa etməyi tədris edən müəllim digər nəfəs alətlərində də ifa etməyi bacarır. Klarnet dərsi deyən müəllimlər balabandan da dərs deyiblər. Ancaq gərək bunun üçün müraciət edən olsun".

      Vaqif Mustafazadə adına 2 saylı uyşaq incəsənət məktəbi ilə də əlaqə saxladıq. Oradan da xüsusilə balaban fənnini tədris edən müəllimlərin olduğunu bildirdilər. Eləcə də 3 saylı uşaq incənət məktəbində. Burada da digər nəfəs alətlərindən dərs deyən müəllimlər var ki, həm də balaban fənnini tədris edirlər və maraq da kifayət qədərdir.

    1 saylı uşaq incəsənət məktəbində isə bu balabanda ifa etməyi öyrədən müəllimlərin olmadığını bildirdilər. Məktəbdən bildirdilər ki, bu alətdə ifa etməyi öyrənmək üçün heç müraciət edən də olmayıb.

      İncəsənət Gimnaziyası da balaban ifa etməyi tədris edən musiqi məktəblərindəndir. Məktəbin müəllimi Balaxan Əmirov Milli Konservatoriyanın elmi laboratoriyasının əməkdaşı olmaqla yanaşı, həm balaban ifa etməyi öyrədir. Hazırda onun kifayət qədər tələbəsi var və hətta vaxtilə onlar arasında Nataşa adlı Amerika vətəndaşı da olub.

      Hazırda Nataşanın da Amerikada 80 tələbəsi var ki, amerikalı xanım da onlara azərbaycanlı müəllimindən öyrəndiyi balaban alətində ifa etməyi öyrədir. Hətta o, Azərbaycandan gedəndən sonra elmi iş yazıb və dərəcə də qazanıb. Professordur və İllinoys Universitetində Şərq musiqi tarixindən dərs deyən yeganə mütəxəssisdir.

 

 

    Nigar İxtiyarqızı

 

    Həftə içi.- 2012.- 24 aprel.- S.8.