Xocalı faciəsinə həsr olunmuş cizgi filmi
Almaniyadakı Azərbaycanlıların
Koordinasiya Mərkəzində (AAKM) Xocalı faciəsinə həsr
olunmuş "Pozulmuş sülh" cizgi filmi təqdim
edilib.
Təqdimat Berlində
yaşayan azərbaycanlı rəssam və rejissor Məsud Pənahinin
yaradıcılığına həsr olunmuş "Sənətin
sevincli-kədərli səhnələri" adlı tədbir
çərçivəsində keçirilib. Azərbaycanın
Almaniyadakı səfirliyinin dəstəyi ilə keçirilən
tədbiri AAKM-in icraçı direktoru Samira
Patzer-İsmayılova açaraq, tədbirin animasiya sənətinə
həsr edildiyini bildirib və rejissor Məsud Pənahini tədbir
iştirakçılarına təqdim edib.
Daha sonra Azərbaycan
səfirliyinin birinci müşaviri Rizvan Nəbiyev
çıxışında Azərbaycan incəsənəti
haqqında Almaniya mətbuatında demək olar ki, heç bir
məlumat verilmədiyini, əksinə, Azərbaycana
qarşı qərəzli və birtərəfli
yazıların sayının çoxaldığını təəssüflə
qeyd edib. O, Məsud Pənahinin
yaradıcılığı haqqında danışaraq bir ölkənin və onun
tarixinin tanıdılmasında mədəniyyətin,
incəsənətin bir vasitə olduğunu vurğulayıb, mədəniyyət
işçilərinə bu işdə dəstək
verilməsinin vacibliyini vurğulayıb. Filmin rejissoru Məsud Pənahi
tədbirdə filmin yaradılması
ideyasından və film üzərində
aparılan işlərdən danışıb. Tədbirdə,
həmçinin rejissorun "Qız
qalası" və onun şagirdlərinin
çəkdiyi "İki cəngavər"
cizgi filmləri nümayiş
etdirilib. Tədbirdə Azərbaycan
səfirliyinin digər məsul əməkdaşları, Almaniya ictimaiyyətinin nümayəndələri,
Almaniyada fəaliyyət göstərən
Azərbaycan cəmiyyətlərinin üzvləri, diaspor təmsilçiləri, azərbaycanlı
tələbə və gənclər, AAKM-in
əməkdaşları iştirak ediblər.
Nigar
Həftə
içi.- 2012.- 24 aprel.- S.8.