"Heydər Əliyev və Kitabi-Dədə Qorqud"

 

Suraxanı rayonunda bu mövzuda elmi-praktik konfrans keçirilib

 

Suraxanı rayonundakı Heydər Əliyev Mərkəzində "Heydər Əliyev və Kitabi-Dədə Qorqud" mövzusunda elmi-praktik konfrans keçirilib.

AMEA-nın Arxelogiya və Etnoqrafiya İnstitutunun, Atatürk Mərkəzi və Suraxanı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən konfransdan əvvəl iştirakçılar Heydər Əliyev parkında ulu öndərin abidəsini ziyarət ediblər. Daha sonra Heydər Əliyev Mərkəzində Elektron lektoriya zalında "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin istehsalı olan "Heydər Əliyev və Kitabi-Dədə Qorqud" filmi (ssenari müəllifi türkoloq Güllü Yoloğlu) nümayiş etdirildi.

Elmi-praktik konfransda çıxış edən Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov çıxışında Heydər Əliyev irsinin öyrənilməsindən danışıb. O qeyd edib ki, Suraxanı rayonundakı Heydər Əliyev Mərkəzində gənclər ulu öndərin zəngin irsini, həyat və fəaliyyətinin müxtəlif dövrlərini öyrənirlər: "Ümummilli liderin Azərbaycana rəhbərlik etdiyi illər ərzində göstərdiyi səmərəli fəaliyyət o qədər zəngindir ki, bu, təkcə gəncləri deyil, həm də dövlət adamlarını, tədqiqatçıları da daim düşündürür və maraqlandırır. Onun layiqli davamçısı, möhtərəm prezidentimiz İlham Əliyevin rəhbərliyi altında ölkəmiz müstəqillik, demokratiya yolu ilə inamla irəli addımlayaraq bütün sahələrdə geniş islahatlar proqramını həyata keçirir, suveren Azərbaycanımız dünya birliyinə inamla inteqrasiya edir, iqtisadiyyatımız durmadan inkişaf edir. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva xalqın milli varlığını özündə yaşadan hər bir maddi-mənəvi və intellektual irsə böyük həssaslıqla yanaşır, milli mədəniyyətimizin dünya arenasına çıxmasında, təbliğində çox böyükvacib işləri görür".

İlqar Abbasov onu da bildirib ki, Azərbaycan mədəniyyətinə, tarixinə, ədəbiyyatına xüsusi diqqət və qayğı ilə yanaşan ümummilli lider 1997-ci ildə Azərbaycan xalqının, türklərin milli-mənəvi dəyərlərinin və tarixi köklərinin böyük abidəsi olan "Kitabi-Dədə Qorqud" dastanının 1300 illik yubileyinin keçirilməsi haqqında fərman imzalayıb. Bu müddət ərzində böyük işlər görüldüyünü deyən icra hakimiyyətinin başçısı "Kitabi-Dədə Qorqud"un Azərbaycanın da bir parçası olan Böyük Türk Dünyasına məxsus olduğunu vurğulayıb. Onun sözlərinə görə, 15 ildə kitablar nəşr olunub, əsərlər yaranıb: "Alimlərimiz, yazıçılarımız bu müddətdə yeni əsərlər yazıblar. "Dədə Qorqud" haqqında bizim həm tarixi əsərlərimiz, həm də ədəbi-publisistik kitablarımız artıb. Bu əsərlər tariximizin daha da geniş, dərin təhlil olunması və gələcək nəsillər üçün böyük töhfədir".

Mərasimdə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix elmləri doktoru Maisə Rəhimova, Atatürk Mərkəzinin direktoru, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, AMEA-nın müxbir üzvü Nizami Cəfərov, AMEA-nın Ədəbiyyat İnstitutunun direktor müavini, filologiya elmləri doktoru, professor Məhərrəm Qasımlı, AMEA-nın Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor Muxtar Kazımoğlu, akademik Vəli Əliyev, tarix elmləri doktoru, türkoloq Güllü Yoloğlu, 85 saylı tam orta məktəbin müəllimi Cəmilə Allahverdiyeva məruzələrlə çıxış edərək bildiriblər ki, "Kitabi-Dədə Qorqud" dastanını hər bir azərbaycanlı məktəbdən başlayaraq bilməlidir.

Konfransda Milli Məclisin deputatları Sevinc Fətəliyeva və Fərəc Quliyev Azərbaycan mədəniyyətinin və tarixinin mücəssəməsi sayılan "Kitabi-Dədə Qorqud" haqqında fikirlərini bildiriblər. Millət vəkilləri ölkə rəhbərliyinin bu tarixi və mədəni irsimizin yaşamasına, onun gənc nəsillər arasında təbliğinə xüsusi diqqət göstərdiyini də söyləyiblər.

  

 

Qələndər Xaçınçaylı

 

Həftə içi.- 2012.- 23 aprel.- S. 15.