"Məşədi İbad hamamı" yenidən açıldı

 

İki il öncə təmirə bağlanan "O olmasın, bu olsun" filmindən "Məşədi İbad hamamı" kimi tanınan Ağa Mikayıl hamamı bu ilin ilk günündən fəaliyyətə başlayıb. Hamamın direktoru Qorxmaz Xəlilovun verdiyi məlumata görə, hamamda 3 duş kabinəsi, xüsusi vannalar, cakuzi, quru və yaş istixana, soyunub-geyinmə kabinələri var. Bundan başqa, hamamda masaj xidməti mövcuddur. Gələn müştərilərin yorğunluqlarını alması üçün müxtəlif otlardan və adi çay dəsgahı da təklif olunur.

Direktorun sözlərinə görə, təmirdən əvvəl hamama giriş 4 manata idi, lakin təmirdən sonra hamamın ödənişi 10 manata qalxıb. Lakin digər hamamlardan fərqli olaraq burada vaxt məhdudiyyəti qoyulmayıb. Bundan başqa, hamamda çimmək üçün istifadə edilən bütün əşyalar misdəndir.

"Mis qabdakı su insana xüsusi enerji verir. Müştərilər bundan çox razıdırlar. Ən əsas da burada qədim adət-ənənələr gözlənilir. Bütün əşyaları qədim dövrü xatırladır. Bura yerli əhali ilə yanaşı, xaricilər gəlirlər. Onlar buraya çox maraq göstərirlər".

Elə müştərilər hamamdan çox razı görünürlər. 56 yaşlı paytaxt sakini İlham İsmayılov 20 ildən artıqdır bura gəldiyini deyir. "Adam hamamda rahatlıq tapır. Axı bizim qədim ənənədən gələn bir mədəniyyətdir hamam. Hamam yeganə yerdir ki, burada hamı eyniləşir, varlı-kasıb fərqi olmur. Yeganə yerdir ki, qışda da, yayda da adam dincəlir".

Qeyd edək ki, hamam bu aydan etibarən xüsusi aksiya keçirəcək. Ayın müəyyən vaxtında hamampulu 5 manata endiriləcək. Belə aksiyanın hər ay keçirilməsi planlaşdırılır. 

Xatırladaq ki, Bakının ən qədim atributlarından olan, bizə "O olmasın, bu olsun" filmindən "Məşədi İbad hamamı" kimi tanınan Ağa Mikayıl hamamı XVIII əsrdə Şamaxı sakini Hacı Ağa Mikayıl tərəfindən İçərişəhərin cənub-qərb tərəfində, əsas küçələrdən biri olan Kiçik Qala küçəsində tikilib. Onun yerləşdiyi ərazi xalq etimalogiyası dilində hamamçılar məhəlləsi adlanır. Hamamın girişi Kiçik qala küçəsindədir. Otaqların daxili quruluşu öz genişliyi ilə digər hamamlardan fərqlənir. Soyunma yuyunma otaqları kvadrat formalıdır. Otaqlar dörd mərkəzi dayaq sayəsində böyük kompozisiya təşkil edir. Hamamın memarlıq kompozisiyası proporsional təyin olunan yaruslara bölünmüş çatma formalı tağlar, qübbələr günbəzlərlə ifadə olunub. Yerli memarlıq formasına uyğun işlənilmiş sərt fasad daş üzərində üstünlük təşkil edən günbəzlərin cəlbedici həcmi hamamın əsasını təşkil edir. Bina üzərində cəsarətli siluet kimi ucalan, özünəməxsus formalı tüstü bacası maraqlı qurulub. Abidə cənub-şərq şəhər mülki sisteminə fəal ictimai bina kimi daxil olunub.

 

 

Nigar İxtiyarqızı

 

Həftə içi.- 2012.- 7 fevral.- S. 7.