Bakıda hər
şey var, tək
Xocalıdan "danışan" lövhələrdən başqa
"...Səhərin
soyuğunda biz Daşbulaq yaxınlığındakı
bataqlıqdan keçmək üçün ölülərdən
körpü düzəltməli olduq. Mən ölülərin
üstünə getmək istəmədim. Bunu
görən podpolkovnik Ohanyan
mənə işarə etdi ki, qorxmayın. Mən ayağımı 9-11
yaşlı qız meyitinin sinəsinə
basıb addımlamağa başladım. Mənim ayaqlarım
və şalvarım qan içində idi... Martın 2-də "Qaflan" erməni qrupu
türklərin cəsədlərini toplayıb
ayrı-ayrı hissələrlə Xocalının 1
kilometrliyində yandırdı. Axırıncı yük maşınında mən
başından və qollarından yaralanmış təxminən
10 yaşlı bir qız
uşağını gördüm.
Diqqətlə baxanda gördüm
ki, o yavaş-yavaş
nəfəs alır. Soyuq, aclıq və
ağır yaralanmasına baxmayaraq, o, hələ də sağ
idi. Ölümlə mübarizə aparan bu uşağın
gözlərini mən heç vaxt yaddan
çıxarmayacam. Sonra Tiqranyan
familiyalı bir əsgər onun qulaqlarından tutub
artıq üzərinə mazut tökülmüş cəsədlərin
içərisinə atdı. Daha sonra onları yandırdılar. Tonqaldan ağlamaq və imdad səsləri gəlirdi..."
Bu dəhşətləri bir erməni
müəllifi, yazıçı-jurnalist David Xerdiyan
"Xaç uğrunda" adlı kitabında yazıb. Deyilənə
görə, bu erməni sonra
Suriyaya qaçıb...
İnsanın damarda
qanını donduran bu
sətirlərdən sonra nə yazasan?!
Nə yazaq, nə
deyək ki, hələ də qan daman yaramıza məlhəm
ola bilsin?! 20 ildir bu yaramız qaysaq bağlamır, qanadıqca qanayır, göyüm-göyüm göynədir bizi. Hələ nə qədər yalnız yazmaqla, deməklə kifayətlənəcəyik.
Tutalım, bütün dünya
Xocalı faciəsini soyqırım kimi
tanıdı, təsdiq etdi. Bununla ürəyimizi soyudacağıq?! Bəs
meyiti üzərindən adlanan
o qız uşağı, diri-diri
yandırılan körpənin qisası nə olacaq?!
Əsirlikdə namusu tapdanan
qız-gəlinlərin üzünə necə
baxacağıq?!
Çox çətindi, bu barədə
yazmaq. Gözlərini
qapamaq, üzünü
çevirib olanlardan qaçmaq, olan-bitəni beynindən, hafizəndən
silmək istəyirsən. Dözə bilmirsən, bu fəlakətə, acıya. Adamın ürəyi
partlamaq həddinə çatır. Amma yenə dözürsən. Gözümüzün
önündə həmin dəhşətləri, o qiyaməti yaşayanlar var - xocalılılar!.. Balasını itirmiş analar,
anasını itirmiş balalar.
Balası gözü önündə,
qucağında can vermiş
analar. Bütün ailəsi
qətlə yetirilmiş fərdlər. Onlar necə dözür bu müsibətə?! Kənardan
faciə haqqında nələrisə oxumaq,
o illərdə baş
verənləri, Qarabağ müharibəsinin
bütün o dəhşətlərini
sadəcə xəbərlərdən bilmək, hansısa
videogörüntüdə izləmək, şahidlərlə
söhbət etmək həmin faciələrin şahidi
olmayanlara bu qədər
ağır, məşəqqətlidirsə, gör,
o ağrıları, faciələri yaşayanlar nələr çəkir. Ürəyimizi
didib-parçalayan bu
müsibətin təsirindən ayrılmaq çox
çətindi. Danışdıqca danışmaq, dedikcə
demək istəyirsən. İnsana elə
gəlir ki, ürəyindəki sözləri
deyib qurtara bilmir. Nə qədər danışsan da az gəlir sənə.
Ürəyimiz danışmaqla soyuyası deyil,
ondandı. Amma güc
tapıb nələr etməli olduğumuzu
da düşünməliyik. Nə etmişik xocalılılar üçün?
Məcburi köçkün adı verilib onlara. Müavinət
alırlar. Yeni qəsəbələr tikilib, yeni mənzillərə
köçüblər. Məcburi köçkün
kimi bir sıra güzəştlərə,
imtiyazlara malikdirlər. Daha
nə?.. Bunlar sosial məsələlərdir
və Azərbaycan kimi iqtisadi
potensialı olan bir
ölkə üçün hansısa sosial problemin həlli
çətin də deyil.
Xocalılıların yarasına məlhəm olurmu
bunlar. Olsa da, yəqin ki, qismən. Əsas
Xocalı faciəsini soyqırım kimi
tanıtmaq və ermənilərin bu iyrənc,
mənfur hərəkətlərinin hüquqi
təsdiqini tapmasıdır. Bütün
Azərbaycan bu qənaətdədir.
Dövlət də, vətəndaşlar da.
Amma hələ də biz
buna nail ola bilməmişik.
Xocalını bəyan edən həmkarlarımız
- əcnəbilər
Onlarla niyə əlaqə
yaradılmır?
Azərbaycan türkünün
qanını içdiklərini, körpələri necə qəddarcasına
qətlə yetirdiklərini özləri etiraf
edən ermənilər tarixdə yaşanmamış, olmayan bir hadisəni
"soyqırım" kimi dünyaya tanıdıblar. Qondarma
erməni soyqırımını rəsmən
tanımış nə qədər dövlət var. Hətta bu qondarma soyqırımı inkara
görə cinayət məsuliyyəti tətbiq edən
dövlətlər də. Fransa
Senatının rüsvayçı qərarının üzərindən
sadəcə sayılı günlər keçir.
Bəs biz nə edirik?
Sözdə etiraz və müəyyən
qruplar tərəfindən səfirlik
binası önündə etiraz
aksiyası. Biz başımıza gətirilən
real faciəni hələ də lazımi
səviyyədə tanıtdıra bilməmişik. Halbuki Xocalı soyqırımını təsdiqləmək
üçün 1992-ci illərin xarici mətbuatındaca konkret
faktlar mövcuddur.
Xocalı faciəsinin izinə düşəndə, həmin
dəhşətli günlərdə dünya
mediasında bu müsibətin əks olunduğu görünür.
Baş verən
bu dəhşət haqqında o zaman dünya
mediasında aşağıdakı fikirlər yer
almışdı: "Krua l"""Eveneman"
jurnalı (Paris): Ermənilər
Xocalıya hücum etmişlər. Bütün dünya eybəcər
hala salınmış meyitlərin şahidi oldu. Azərbaycanlılar
çoxlu sayda ölənlər
barədə xəbər verirlər. "Sandi
Tayms qəzeti" (London),
1 mart 1992-ci il: Erməni
əsgərləri minlərlə ailəni məhv etmişlər.
"Faynenşl Tayms"
qəzeti (London), 9 mart
1992-ci il: Ermənilər Ağdama
tərəf gedən dəstəni güllələmişlər.
Azərbaycanlılar 1200-ə qədər cəsəd
saymışlar. Livanlı kinooperator təsdiq
etmişdir ki, onun ölkəsinin varlı daşnak
icması Qarabağa silah
və adam göndərir. "Tayms" qəzeti (London),
4 mart 1992-ci il:
Çoxları eybəcər hala
salınmışdır, körpə qızın ancaq başı qalmışdır. "İzvestiya" (Moskva), 4 mart 1992-ci il: Videokamera qulaqları kəsilmiş
uşaqları göstərdi. Bir
qadının sifətinin yarısı kəsilmişdir.
Kişilərin skalpları (baş dəriləri)
götürülmüşdür. "Faynenşl Tayms" qəzeti
(London), 14 mart 1992-ci il: General Polyakov
bildirmişdir ki,
366-cı alayın 103 nəfər erməni hərbçisi
Dağlıq Qarabağda
qalmışdır. "Le Mond" qəzeti (Paris),
14 mart 1992-ci il: Ağdamda olan xarici jurnalistlər, Xocalıda öldürülmüş
qadın və uşaqlar arasında
skalpları götürülmüş,
dırnaqları çıxardılmış 3 nəfəri
görmüşlər. Bu, azərbaycanlıların
təbliğatı deyil, bu
reallıqdır. "İzvestiya" (Moskva), 13 mart 1992-ci il: Mayor Leonid
Kravets: Mən şəxsən təpədə
yüzə yaxın meyit gördüm.
Bir oğlanın başı yox idi. Hər tərəfdə
xüsusi qəddarlıqla öldürülmüş
qadın, uşaq, qocalar
görünürdü.
"Valer aktuel" jurnalı (Paris),
14 mart 1992-ci il: Bu "muxtar regionda" erməni silahlı dəstələri
Yaxın Şərqdən çıxmışlarla birlikdə
müasir texnikaya, o cümlədən vertolyotlara
malikdirlər. ASALA-nın Suriya və Livanda hərbi düşərgələri və
silah anbarları vardır. Ermənilər
yüzdən artıq müsəlman kəndlərində
qırğınlar törədərək Qarabağdakı azərbaycanlıları
məhv etmişlər.
R.Patrik,
İngiltərənin "Fant men nyus" teleşirkətinin
jurnalisti (hadisə yerində olmuşdur): Xocalıdakı vəhşiliklərə
dünya ictimaiyyətinin gözündə
heç nə ilə haqq
qazandırmaq olmaz.
Bunları yazan bizim həmkarlarımız
- jurnalistlərdir. O insanlar bəlkə indi də jurnalist
fəaliyyətlərini davam
etdirir. Niyə onları arayıb
Azərbaycana dəvət
etmirik, birgə beynəlxalq tədbir, konfranslar düzənləmirik.
Bu ki sadə
bir işdir. Azərbaycanda nə qədər jurnalist təşkilatları, beynəlxalq
mətbuat qurumları
ilə əlaqə saxlayan, ünsiyyətdə
olan birliklər, cəmiyyətlər, fondlar
var. Bu iş onların
üzərindədir.
Sevinclə kədər əkizdirsə...
Faciələrimiz barədə çox
danışmağı, açıb-ağartmağı
o qədər də sevmirik. Görünür, bu bizim türk təfəkkürümüzdən
irəli gələn xüsusiyyətdir. Pis keyfiyyət
deyil. Mənfur qonşularımız kimi ağlayıb-zızlamırıq.
"Əzabkeş" obrazı yaratmırıq.
Lap yaxşı. Amma bu, unutqanlığa doğru aparacaq səviyyəyə çatırsa,
artıq pis nəticə verir. İndi fevral ayıdır və demək olar ki, bütün
ölkə Xocalı faciəsinin növbəti
ildönümünə köklənib.
Hətta
o səviyyədə ki,
qardaş Türkiyədə,
İstanbulun mərkəzində
- Taksim meydanında
"Hamımız Xocalılıyıq"
kəlmələrinin ucalacağı
günü səbirsizliklə
gözləyirik. Bu, türk birliyinin, qardaşlığının, sevincdə
də, kədərdə
də bir olmağımızın yenidən
təsdiqi olacaq.
Əsas məsələ bundan sonrasıdır. Fevral başa
çatan kimi başımız Novruz bayramına qarışacaq.
Sonra da "Avroviziya" mahnı müsabiqəsinə.
Əslində isə bütün
Avropanı Azərbaycanın
ayağına gətirən
bu müsabiqə bizim üçün indiyədək ələ
düşməyən bir
imkan, şansdır.
Musiqi yarışması
olanda, nə olar... Məgər kimsə bizə
bu yarışma müddətində Qarabağdan
danışmağı, Xocalını
anlatmağı yasaqlayır?
Xeyr.
Söhbət ondan getmir ki, "Avroviziya" səhnəsində Qarabağdan
danışaq, mədəni
tədbirə, rəngarəng
şouya siyasi çalar qataq. Hərçənd, məsələn,
"Avroviziya" üçün
quraşdırılacaq səhnəni
Qarabağ ornamentləri
ilə bəzəmək,
məsələn, arxa
fonda Gövhər
ağa məscidinin, Şuşanın giriş
qapılarının görüntüsünü
verməyi kimsə bizə qadağan edə bilməz. Qarabağ da Azərbaycandır. Şuşa da
Azərbaycandır. Xocalı
da Azərbaycandır.
Vacibdir ki, "Avroviziya"nın loqosu mütləq məşəl olsun?! Azərbaycanın odlar yurdu olduğunu hər kəs bilir. Amma ermənilərin işğalı altında
olan Qarabağın, soyqırıma məruz qalan xocalıların da Azərbaycana aid olduğunu bilməyənlər
var. Niyə əlimizə
düşən imkandan
bu təbliğat üçün istifadə
etməyək? Azərbaycan faktiki
müharibə şəraitində
olan dövlətdir.
Əgər Qarabağ
həqiqətlərini, Dağlıq
Qarabağ münaqişəsində
haqlı tərəf olduğumuzu, işğala
məruz qalan tərəf kimi üstəlik ermənilər
tərəfindən Xocalı
soyqırımına da
məruz qaldığımızı
dünyaya daha geniş çatdırmaq,
daha geniş tanıtdırmaq istəyiriksə,
paytaxtda da, ümumən ölkədə
də bunu göstərən bir şeylər olmalıdır.
Bu işlərin reallaşmasına hava limanından başlamaq lazımdır. Azərbaycana - paytaxta ayaq basanları
təkcə ingiliscə
"Xoş gəlmisiniz"
sözləri qarşılamamalıdır.
Bu lövhə ilə bərabər Qarabağdan, Xocalıdan
"danışan" lövhələr
də qoyulmalıdır.
Eləcə də şəhərin
müxtəlif yerlərində,
müsabiqənin keçiriləcəyi
konsert kompleksinin önündə, ətrafında,
ora aparan yollar boyunca. Kim bizi qınaya
bilər ki, bunu məhz "Avroviziya" yarışması
üçün etmişik.
Əslində, bütün bunlar
indiyədək edilməliydi.
Amma baxaq görək, harada, hansı küçədə, hansı
səkidə belə bir lövhə var?! Qonaqların qalacaqları mehmanxanalarda
da təbliğat işini çox gözəl qurmaq olar. Mehmanxanaların foyelərində, müəyyən zallarda Xocalı soyqırımını
əks etdirən fotolardan ibarət stendlər və bu barədə qısaca məlumatlar yerləşdirmək olar.
Qoy bu zallara giriş
könüllü olsun,
sadəcə, bildirilsin
ki, hansısa guşədə Qarabağ
münaqişəsi, Xocalı
haqqında məlumat əldə etmək mümkündü. Bəlkə kimsə
maraqlanıb ora istiqamətlənəcək və
həqiqətləri öz
gözləri ilə görəcək. Yəni biz yaranmış
imkandan maksimum yararlanmağı düşünməliyik.
Bəlkə, faciəni
musiqi bayramına qatmaq olmaz" deyə düşünənlər
də ola
bilər. Yox, heç nə
bir-birinə qarışmır.
Sadəcə, qoşa addımlayır.
Kədərimizin içində sevinməyi
bacarırıqsa, sevincimizə
də kədərimizi
ortaq etməliyik.
Çünki bu dərd, bu ağrı qəbr evinədək, qiyamətədək bizimlə
olacaq. Dərd, ağrı dedim. Qisas, intiqam demədim! Qisas da, intiqam da bu dünyada
alınmalıdır. Biz
narahat şəhid ruhlarının qarşısına
əliboş çıxa
bilmərik. Çıxmamalıyıq!..
Məlahət Rzayeva
Şərq.- 2012.- 17 fevral.-.S.12.