Mədəniyyət
və turizm imkanlarımız İtaliyada
Mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev İtaliyada bu ölkənin
turizm və idman naziri ilə görüşüb. Azərbaycanın
İtaliyadakı səfirliyindən verilən məlumata
görə, nazir italiyalı həmkarına
Azərbaycan hökumətinin turizmin
inkişafına verdiyi prioritet
əhəmiyyət, turizm infrastrukturunun
inkişafı istiqamətində görülən tədbirlər
və İtaliya tərəfi ilə əməkdaşlığa
dair məlumat verib. O, iki ölkə arasında turizm sahəsində mövcud
olan zəngin əməkdaşlıq
imkanlarının reallaşdırılması məqsədilə
nazir P.Nyudini Azərbaycana
səfərə, eləcə də bu ilin aprelində Bakıda keçiriləcək
11-ci Azərbaycan beynəlxalq turizm və
səyahət sərgisinə dəvət edib.
Əbülfəs Qarayev
İtaliyanın turizm operatorlarının və turizm
materiallarının naşirlərinin Azərbaycana səfərlərinin
təşkil olunması təşəbbüsü ilə
çıxış edib. Səfərlərin nəticəsi
olaraq, digər məsələlərlə
yanaşı, italyan dilində Azərbaycan
turizmi ilə bağlı müxtəlif
informasiya-təbliğat materiallarının nəşr
etdirilməsi də nəzərdə tutulur.
Eyni zamanda, Azərbaycanın
turizm sahəsində təhsil istiqamətində
İtaliya ilə əməkdaşlıqda
maraqlı olduğu bildirilib.
Nazir həmçinin İtaliyanın mədəniyyət
naziri Lorentso Ornaqi ilə də görüşüb.
Əbülfəs Qarayev iki
ölkə arasında tarixən mövcud
olan mədəni əlaqələrin
inkişafına mühüm əhəmiyyət
verildiyini, mədəniyyət infrastrukturunun bərpasında İtaliya
şirkətlərinin və mütəxəssislərinin
iştirakından məmnunluğunu deyib.
Nazir L.Ornaqi Romada "Azərbaycan:
İpək yolu üzərində Odlar Yurdu" sərgisinin
açılmasından məmnunluğunu bildirib, İtaliyada
Azərbaycan mədəniyyətinə, xüsusilə də
sivilizasiyalararası dialoq, mədəni-dini müxtəliflik və
tolerantlıq kontekstində dərin maraq göstərildiyini
vurğulayıb. O, incəsənət, musiqi, kinematoqrafiya, mədəni
abidələrin bərpası və digər sahələrdə
əməkdaşlığın vacibliyini
bildirərək bu istiqamətlərdə
Azərbaycan ilə birgə işləməyə davam edəcəklərini diqqətə
çatdırıb.
Nigar İxtiyarqızı
Həftə içi.- 2012.- 17 fevral.-S.8.