Mədəniyyət və turizm imkanlarımız İtaliyada
Mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev İtaliyada bu ölkənin
turizm və idman naziri ilə görüşüb. Azərbaycanın
İtaliyadakı səfirliyindən verilən məlumata
görə, nazir italiyalı həmkarına
Azərbaycan hökumətinin turizmin
inkişafına verdiyi prioritet
əhəmiyyət, turizm infrastrukturunun
inkişafı istiqamətində görülən tədbirlər
və İtaliya tərəfi ilə əməkdaşlığa
dair məlumat verib. O, iki ölkə arasında turizm sahəsində mövcud
olan zəngin əməkdaşlıq
imkanlarının reallaşdırılması məqsədilə
nazir P.Nyudini Azərbaycana
səfərə, eləcə də bu ilin aprelində Bakıda keçiriləcək
11-ci Azərbaycan beynəlxalq turizm və
səyahət sərgisinə dəvət edib.
Əbülfəs Qarayev İtaliyanın turizm
operatorlarının və turizm materiallarının naşirlərinin
Azərbaycana səfərlərinin təşkil olunması təşəbbüsü
ilə çıxış edib. Səfərlərin nəticəsi
olaraq, digər məsələlərlə
yanaşı, italyan dilində Azərbaycan
turizmi ilə bağlı müxtəlif
informasiya-təbliğat materiallarının nəşr
etdirilməsi də nəzərdə tutulur.
Eyni zamanda, Azərbaycanın
turizm sahəsində təhsil istiqamətində
İtaliya ilə əməkdaşlıqda
maraqlı olduğu bildirilib.
Nazir həmçinin İtaliyanın mədəniyyət
naziri Lorentso Ornaqi ilə də görüşüb. Əbülfəs
Qarayev iki ölkə arasında tarixən mövcud olan mədəni
əlaqələrin inkişafına mühüm əhəmiyyət
verildiyini, mədəniyyət infrastrukturunun bərpasında
İtaliya şirkətlərinin və mütəxəssislərinin
iştirakından məmnunluğunu deyib.
Nazir L.Ornaqi Romada "Azərbaycan: İpək yolu
üzərində Odlar Yurdu" sərgisinin açılmasından
məmnunluğunu bildirib, İtaliyada Azərbaycan mədəniyyətinə,
xüsusilə də sivilizasiyalararası dialoq, mədəni-dini
müxtəliflik və tolerantlıq kontekstində dərin
maraq göstərildiyini vurğulayıb. O, incəsənət,
musiqi, kinematoqrafiya, mədəni
abidələrin bərpası və digər sahələrdə
əməkdaşlığın vacibliyini
bildirərək bu istiqamətlərdə
Azərbaycan ilə birgə işləməyə davam edəcəklərini diqqətə
çatdırıb.
Nigar
İxtiyarqızı
Həftə
içi.- 2012.- 17 fevral.- S. 8.