Gəncənin ərazisi iki dəfə böyüdü

 

Əli Rüstəmli: "Yeni Baş Plana əsasən, Gəncədə fərdi yaşayış evləri çoxmərtəbəli binalarla əvəz olunacaq"

 Gəncə şəhərinin sonuncu Baş Planı 43 il əvvəl, 1967-ci ildə hazırlanıb. Elmar Vəliyev şəhər başçı təyin olunandan sonra Gəncənin yeni Baş Planı işləndi və geniş müzakirəyə çıxarılıb və bəyənilib. Hazırda Gəncədə həyata keçirilən irimiqyaslı quruculuq və abadlıq işləri məhz bu sənəddə nəzərdə tutulan işlərin tərkib hissəsidir.

      

   Şəhər icra hakimiyyəti başçısının Şəhərsalma və Memarlıq İdarəsinin rəisi, baş memar vəzifəsini icra edən Əli Rüstəmli "Həftə içi"nə eksklüziv müsahibəsində yeni Baş Planda nəzərdə tutulan yeniliklərdən və şəhərin inkişaf perspektivlərindən danışıb:  

   - Əvvəla deyim ki, icra hakimiyyəti başçısının təşəbbüsü ilə perspektiv və planlı inkişaf nəzərə alınmaqla Gəncənin yeni Baş Planının hazırlanması üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Dövlət Layihə İnstitutuna sifariş verildi. Baş Plan tamamlanandan sonra ictimaiyyətin iştirakı ilə müzakirə olundu. Artıq bir sıra mərhələlərdən keçib. Plan hazırlanarkən qonşu rayonlarla mübahisəli torpaq məsələlərinə də aydınlıq gətirildi. Çünki Gəncənin Göygöl, Daşkəsən, Samux və digər rayonlarla torpaq problemi var. Vaxtilə Gəncəyə aid torpaqların bir hissəsi təsərrüfat məqsədləri üçün həmin rayonlara verilib. Həmin torpaqlar ərazi inzibati cəhətdən Gəncəyə aid olsa da, o torpaqlar artıq həmin rayon sakinləri tərəfindən istifadə olunur. Yəni həyətyanı, yaxud əkin torpağı kimi kimlərəsə verilib. O vətəndaşlar isə bilmədən Gəncənin mərkəzində həmin rayonların sənədləri əsasında özlərinə ev tikib və yaxud da təsərrüfat qurub.

  

   -Belə çıxır ki, həmin ərazilərdə qanunsuz tikililər aparılıb...

  

   - Bəli. Ərazi inzibati cəhətdən qanunsuz sayılır. Amma vətəndaşın bu haqda məlumatı yoxdur. Yeni Baş Plan həm də bu məsələlərə son qoyulması üçün işlənildi və əvvəl 8523 hektar olan ərazi indi iki dəfə böyüyərək, 17 000 hektara çatdırıldı. Məqsəd şəhərin planlı inkişafını davam etdirməkdir. Plana uyğun olaraq, şəhərdə yeni müəssisə və obyektlərin açılması nəzərdə tutulub. Belə ki, sosial-iqtiadi əlaqələr saxlanılmaqla bütün növ yolların inkişafı və bu sahədə olan nöqsanlar aradan qaldırılacaq. Bundan başqa, "Gəncəçay" üzərində bir neçə yerdən körpülərin tikilməsi və çay ətrafı bəndlərin qurulması nəzərdə tutulub.

      - Məlumdur ki, Gəncə şəhəri seysmoloji ərazidir. Vaxtilə şəhərdə hündürmərtəbəli binaların tikilməsinə az halda rast gəlinirdi. Yeni Baş Planda bunlar nəzərdə tutulubmu?

      - Əlbəttə, bunların hamısı Baş Plan hazırlanarkən xüsusi diqqət mərkəzində olub. Şəhərdə çoxmərtəbəli, gözəl infrastruktura malik binaların tikilməsi və yeni yaşayış məhəllələrinin salınması nəzərdə tutulub. Yeni Baş Plana uyğun olaraq, binaların tikintisində onların 9 bal gücündə zəlzələyə davamlılığı nəzərə alınıb.

      - Gəncə tarixi abidələrlə zəngin olan bir şəhərdir. Şəhərin genişləndirilməsində tarixi abidələrə toxunulacaqmı?

      - Şəhərin özünəməxsus milli memarlıq üslubunda bişmiş kərpicdən tikilən ikimərtəbəli qədim binaları var. Onların tarixi 300-400 ilə yaxındır. O binaların saxlanılması məqsədi ilə küçələrin genişləndirilməsi zamanı yaşayış massivlərindəki boş sahələrdə söküntü aparılacaq. Ancaq həmin abidələrə toxunulmayacaq. Ən başlıcası isə küçələr genişləndiriləcək. Bu da ona görədir ki, müasir dövrdə yaşayırıq, hazırda texnologiya və maşınların sayı artıb. Vaxtilə Gəncədə 15-20 araba olub və yollar da o arabalara münasib olaraq çəkilib. İndisə küçələrdə maşınların sayı-hesabı yoxdur. Yolların genişlənməsinə ehtiyac var.

      - Bəzi yaşayış massivlərinin söküləcəyini dediniz. Məlum məsələdir ki, bu, vətəndaşlar arasında narazılığa gətib çıxarır. Belə olan halda, evi sökülən vətəndaşlara kompensasiya verilməsi məsələsi necə həll olunur?

  

   - Bəli, indi də bəzi ərazilərdə söküntü işləri aparılır. Təbii ki, mülk sahiblərinə kompensasiya verilib. Hətta bir çoxlarına müəyyən obyektlər də təklif olunub. Obyektlə razılaşmayanlara isə vaxtilə istifadə etdikləri və yaxud icarəyə götürdükləri obyektin haqqı ödənilir. Gələcəkdə ərazidə tikinti aparıldıqdan sonra əhalinin əlində olan sənədlərə müvafiq olaraq, onlara yer veriləcəyi də nəzərdə tutulub. Onlardan bəziləri başqa ərazidən torpaq götürüb əvvəlkindən də geniş tikinti aparıb. Yaşayış massivlərində isə bəzilərinə ev və yaxud kompensasiya veriləcək.

      - Avropa ölkələrində şəhər mərkəzində inzibati binaların tikintisi üstünlük təşkil edir. Yaşayış binaları isə şəhərdən bir qədər kənarda salınır. Gəncənin Baş Planında yaşayış binalarının şəhərdən bir qədər kənara salınması perspektivi nəzərə alınıbmı?

 - Şəhərsalma dünyanın hər yerində eyni qaydada aparılır. Belə ki, şəhərdə insanlara lazım olan obyektlərin də tikilməsi vacibdir. Şəhərin mərkəzində əsasən inzibati binaların tikintisi nəzərdə tutulub. Bu da planlı şəkildə həyata keçiriləcək. Lakin ola bilər ki, şəhər mərkəzində yaşayış binaları da mövcud olsun. Məsələn, bir sıra köhnə və davamlı binalarda təmir işləri aparılıb və hazırda da bu kimi işlər davam etdirilir.

      - Karvansara ətrafında aparılan tikinti işləri nəticəsində onun binasında çatlar əmələ gəldi. Ümumilikdə gələcəkdə yeni binalar inşa olunarkən yaxınlıqdakı köhnə və tarixi binaların möhkəmliyi yoxlanılırmi?

      - Bu ərazilər seysmoloji zonadır. Karvansarada yaranan çatlar yer altında baş verən xırda təkanların nəticəsi idi. Ola bilər ki, təbii zərbələr olsun. Bu da diqqətdə saxlanılır. Hazırda yeni inşa olunacaq binaların davamlılığı nəzərə alınır. Bütün tikinti işləri ilə bağlı məsələlərə mütəxəssislər tərəfindən nəzarət olunur. Hazırda 258 tarixi abidə qeydə alınıb ki, bunun da uçotu Mədəniyyət və Turizm Nazirliyi tərəfindən aparılıb. Onlar dövlət tərəfindən qorunur və bizim tərəfimizdən də son dərəcə diqqətdə saxlanılır. Həmçinin, sözügedən binaların çoxu mükəmməl olmadığından şəhər icra başçısının göstərişi əsasında təmir və bərpa edilir. Cavadxan küçəsinə perpendikulyar Mirəli Qoşqay küçəsi başdan-başa fərdi yaşayış evləridir. Küçədə 60-a yaxın yaşayış binaları var. Onların 10 faizi demək olar ki, bərbad vəziyyətdə idi. İndi artıq onlar bərpa olunub. Karvansaraya gəldikdə isə artıq dövlət tərəfindən təmir olunur.

      - Baş Plan hələ təsdiqlənməsə də, hazırda Gəncə şəhərində artıq söküntü işlərinə başlanılıb. Bu, nə dərəcədə doğrudur?

      - Artıq bizə bəllidir ki, plan doğru meyarlarla hazırlanıb. Düşünürük ki, plan öz təsdiqini tapacaq. Baş Plan bir növ bizə istiqamət verməkdir. Biz də buranın sakinləri və bu işin mütəxəssisiyik. Ona görə də əminik ki, yeni Baş Plan öz təsdiqini tapacaq və ilkin olaraq şəhərə giriş tərəfdə yollar genişlənəcək. Nəticədə iki tərəfli yol genişlənəcək və hərəkətin tənzimlənməsi asan olacaq. Hazırda bu sahədə planlanma işləri gedir və ərazidə bir sıra obyektlər plana düşüb. Həmin obyektlərin dəyəri hesablanacaq, kompensasiya olunandan sonra onların razılığına əsasən söküntü işlərinə başlanılacaq. Bundan əlavə, mərkəzi meydanda 6 mərtəbəli və müasir şəkildə Azərbaycan Dövlət Gəncə Filarmoniyası inşa olunacaq. Həmin bina köhnə "Bakı" kinoteatrının və ətrafında olan köhnə binaların yerində inşa olunacaq. "Bakı" kinoteatrı 1992-ci ildə yandı və tam yararsız vəziyyətə düşdü. Ora dövlət tərəfindən plana salındı. Baş Planda nəzərdə tutulan binaların indikindən ən böyük fərqi isə binaların bir-birinə bənzəməsi olacaq. Planda əsasən köhnəliklə yeniliyin arasında bir körpü olacaq. Köhnə arxitektura o dövr üçün salınmışdı, indisə müasir dövrdür və şəhərin gözəlləşməsi üçün imkanlar daha çoxdur. Əvvəlki binaların əksəriyyətində rahatlıq da yox idi. Ancaq indi tikilən binalarda vətəndaşlar tam olaraq rahatdır. Həmin binlarda həm xarici görünüşünə, həm də daxili planlaşma işlərinə görə bir fərqlilik var. Gələcəkdə mərkəzdən çay hövzəsinə qədər olan küçələrdə memarlıq abidələrinə xələl gətirmədən küçələrdə yenidə genişlənmə aparılacaq.

      - Qeyd olunan prosesdə vətəndaşların fərdi həyətlərinə toxunulacaqmı?

      - Gəncədə elə məhəllələr var ki, küçələrdə qapıları açıb, içəri keçəndə görürsən ki, böyük həyəti var, 1 hektar ərazidə bir ailə yaşayır. Onlar vaxtilə bəy nəslindən olub və torpaq onlara dədə-babasından qalıb. Ancaq küçənin genişlənməsinə 1 metr vermir. Gələcəkdə həmin yerlərin sahiblərini kompensasiya etmək şərti ilə orada böyük bina inşa etmək olar. Bir ailə əvəzinə ora 50-100 ailə yerləşdirmək olar. Yeni inşa olunan binaların altında ticarət obyektləri, xidmət obyektləri fəaliyyət göstərəcək, yuxarı mərtəbələrdə isə vətəndaşlar yaşayacaq. Həm ailələrin sayı cəmləşəcək, həm də infrastruktur baxımından yaxşılaşacaq. Həmin ərazidə vaxtilə yaşayan bir neçə ailəyə də istəsələr həmin binadan, istəməsələr başqa ərazilərdən fərdi yaşayış evi veriləcək.

      - Yəqin ki, Gəncə əhalisinin uzun illər böyük probleminə çevrilən içməli su və kanalizasiya məsələləri də baş planda öz əksini tapıb.

      - Bəli, yeni başçımız təyin olunana qədər istər işıq, istər su, istərsə də kanalizasiya xətləri bərbad vəziyyətdə idi. Amma Elmar müəllimin gəlişindən sonra bu sahədə problemlər artıq aradan qaldırılmağa başlayıb. Gəncənin ən böyük problemi olan içməli su məsələsi də həll olunacaq. Artıq tender keçirilib, alman mütəxəssisləri bu tenderin qalibi olaraq Gəncə əhalisinin sayına müvafiq olaraq, içməli suyun çəkilişinə başlayıb. Onlar da öz növbəsində layihənin baha başa gəlməməsi üçün sifariş veriblər. Həmçinin, başçının müvafiq nazirliklərə müraciəti əsasında kanalizasiya xətləri ilə bağlı problemlər də aradan qaldırılacaq. Elektrik xətlərinin əksəriyyəti təhlükəsizlik baxımından yer altına salınıb. Qaz xətləri yeniləri ilə əvəz olunub. Yaşayış binlarının istilik sistemlərinin çoxu sıradan çıxdığından yeni sistem quraşdırılacaq və mərkəzi qazanxana sitemi ilə əhali istiliklə təmin olunacaq.

 

Pərvin İsmayılova

 

Həftə içi.- 2012.- 18-20 fevral.- S. 10.