"Müasir Beynəlxalq
Hüquq və Davamlı İnkişaf"
İB-nin Xocalı genosidinin
20-ci ildönümü ilə əlaqədar
B Ə Y A N A T I
Müasir beynəlxalq
hüququn norma və prinsiplərinin, insan hüquq və
azadlıqlarının kütləvi şəkildə
kobudcasına pozulması ilə nəticələnən
1992-ci ilin fevral ayının 26-da erməni silahlı qüvvələri
tərəfindən Azərbaycan Respublikasının Xocalı
şəhərinin dinc əhalisinin vəhşicəsinə və
kütləvi qırğınından - Xocalı genosidindən
20 il ötür.
Ermənistan tərəfindən
Azərbaycan torpaqlarında etnik əlamətlərinə
görə, məhz azərbaycanlı olduqlarına görə
əvvəlcədən düşünülmüş niyyətlə
azərbaycanlılara qarşı hələ ötən əsrin
əvvəllərindən başlayaraq, 1905-1907-ci illərdə,
1918-ci ildə kütləvi qırğınlar törədilməklə
genosid siyasəti həyata keçirilməyə başlanmışdır.
Ermənistanın 1988-ci ildən Azərbaycana qarşı
başladığı təcavüz də bu siyasətin tərkib
hissəsidir. Bu məqsədyönlü genosid siyasətinin
davamı olaraq 1992-ci il fevral ayının 25-dən 26-na
keçən gecə erməni hərbi qüvvələri Azərbaycanın
Dağlıq Qarabağ bölgəsindəki Xocalı şəhərində
beynəlxalq humanitar hüquq normalarını kobud şəkildə
pozaraq (məsələn, dinc əhali üçün
keçid koridorunu verməməklə) dinc əhalini
xüsusi amansızlıq və vəhşiliklə məhv
etmişlər. Bir gecənin içərisində bir Azərbaycan
şəhəri yerlə-yeksan edilmiş, milli əlamətinə
görə minlərlə sakin, o cümlədən qocalar,
qadınlar və uşaqlar müxtəlif vəhşi
metodlarla qətlə yetirilmişlər.
Beynəlxalq hüquqa
görə genosid ən ağır beynəlxalq cinayət
olmaqla təcavüz, insanlıq əleyhinə cinayətlər,
müharibə cinayətləri, beynəlxalq terrorizm kimi cinayətlərlə
yanaşı sülh və bəşəriyyətin təhlükəsizliyi
əleyhinə yönələn cinayətlər qrupuna aid
edilir.
Ermənilər tərəfindən
Xocalıda törədilmiş əməllər də, əvvəlcədən
düşünülmüş qaydada (yaxınlıqdakı kəndlərdə,
qaçmaq istəyən əhalini məhv etmək məqsədilə
əvvəlcədən pusquların qurulması da bunu
sübut edir) məhz azərbaycanlı olduqlarına görə
milli qrupu tam və ya qismən məhv etmək məqsədilə
bu qrup üzvlərinin öldürülməsi olmuşdur. Həmçinin
Xocalıda uşaqların zorla valideynlərindən
alınması faktı da məlumdur. Belə ki, faciə
zamanı yüzlərlə azərbaycanlı ermənilər
tərəfindən girov götürülmüşdür.
Uşağı olan girov götürülmüş azərbaycanlılardan
isə uşaqları zorla alınmışdır.
Uşaqların zorla bir qrupdan alınıb başqa bir qrupa
verilməsi də genosid cinayətinin obyektiv cəhətini təşkil
edən əlamətlərdəndir. Bütün bunlar isə
ermənilərin genosid cinayəti törətmələrini
bir daha sübut edir.
26 noyabr 1968-ci il
tarixli, müddətin hərbi cinayətlərə və bəşəriyyətə
qarşı cinayətlərə tətbiq edilməməsi
haqqında Konvensiya imkan verir ki, törədilmə
vaxtından asılı olmayaraq genosid cinayəti törətmiş
məsul şəxslər istənilən vaxt cinayət məsuliyyətinə
cəlb olunsunlar.
Xüsusilə qeyd
olunmalıdır ki, genosid cinayətinə görə məsuliyyətin
meydana çıxması üçün bütövlükdə
müəyyən qrupun məhv edilməsindən ibarət son
nəticə tələb olunmur. Yuxarıda qeyd etdiyimiz genosid
cinayətinin tərkibini təşkil edən əməllərdən
birinin və ya bir neçəsinin müəyyən qrupu
tamamilə və ya qismən məhv edilməsi niyyətilə
törədilməsi genosid kimi qiymətləndirilir.
Beləliklə, ermənilər
tərəfindən Xocalı əhalisi olan etnik azərbaycanlılara
qarşı törədilmiş əməllər beynəlxalq
hüquqa müvafiq olaraq beynəlxalq cinayət - genosid kimi
qiymətləndirilməlidir və beynəlxalq hüquqa əsasən
genosid törədənlərin cəzalandırılması
onun törədilməsi vaxtından asılı olmayaraq zəruridir.
Müvafiq olaraq, azərbaycanlılara qarşı genosid
törətmiş (istər cinayətin bilavasitə
icraçıları, istərsə də təşkilatçıları)
erməni və onların havadarları olan şəxslər,
vəzifə mövqeyindən asılı olmayaraq (cinayətkarın
dövlət başçısı və ya vəzifəli
şəxs qismində çıxış etməsi ona
immunitetdən istifadə etmək imkanı vermir) cinayət məsuliyyətinə
cəlb edilməli, ya dövlətdaxili məhkəmədə,
yaxud da beynəlxalq məhkəmə qarşısında cavab
verməlidirlər. Həmçinin genosid cinayəti törətmiş
şəxsləri dəstəkləyən və genosidin
dövlət siyasətinin tərkib hissəsi təşkil
etdiyi Ermənistan dövlətinə qarşı da beynəlxalq
birlik tərəfindən müxtəlif sanksiyalar tətbiq
olunması zərurəti yaranır, həmçinin bu
dövlətin beynəlxalq-hüquqi məsuliyyətini
doğurur.
"Müasir Beynəlxalq
Hüquq və Davamlı İnkişaf" ictimai birliyi təəssüflə
qeyd edir ki, baş verməsindən 20 il keçməsinə
baxmayaraq, Xocalı genosidi beynəlxalq aləm tərəfindən
lazımi qiymətini almamışdır. Uzun illərdən bəri
Ermənistanın Azərbaycana qarşı apardığı
məqsədyönlü təcavüz və genosid siyasətinə
və bunun nəticəsində baş verən beynəlxalq
hüquq pozuntularına, o cümlədən Xocalı faciəsinə
beynəlxalq birlik tərəfindən heç bir ayrı-seçkilik
olmadan ədalətli qaydada, ümumi beynəlxalq hüquq norma
və prinsiplərinə müvafiq olaraq hüquqi qiymət
verilməli və cinayətkarlar cəzalandırılmalıdır.
Beynəlxalq cinayətkarlığa qarşı mübarizənin
daha da gücləndiyi bir vaxtda Ermənistanın qeyri-hüquqi,
sülh və bəşəriyyət əleyhinə yönələn
hərəkətlərinə beynəlxalq birlik, o cümlədən
beynəlxalq təşkilatlar öz münasibətini bildirməlidir.
Beynəlxalq hüquq normalarını kobud şəkildə
pozan, beynəlxalq hüquqa əsasən öz üzərinə
götürdüyü öhdəlikləri yerinə yetirməyən,
beynəlxalq təşkilatların aktlarına saymazyana
yanaşan, cinayətkarları dövlət səviyyəsində
dəstəkləyən Ermənistanın bu hüquqazidd əməllərinə
son qoyulmalıdır.
Ləman Əliyeva,
"Müasir Beynəlxalq Hüquq
və Davamlı İnkişaf"
ictimai
birliyinin sədri
23 fevral 2012-ci il
Həftə içi.- 2012.- 25-27
fevral.-S.10.