Şəki Xan Sarayı "Dünya irsi" siyahısında

 

Şəki Xan Sarayının "Yuxarı Baş" tarix-memarlıq qoruğu ilə birgə kompleks şəkildə UNESCO-nun "Dünya irsi" siyahısına daxil edilməsi istiqamətində işlər aparılır. Mədəniyyət və Turizm Nazirliyindən "Həftə içi"nə verilən məlumata görə, bu məqsədlə ötən ay beynəlxalq ekspertlər Azərbaycanda səfərdə olub, abidəyə baxış keçirib və lazımi prosedur tədbirlərin icrasına başlanılıb. Ekspertlər abidənin "Dünya irsi" siyahısına daxil edilmə şansını yüksək qiymətləndirirlər.

Mədəniyyət və Turizm Nazirliyi ilə Şəki şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şəki Xan Sarayının 250 illiyinə həsr olunmuş yubiley tədbirlərinin keçirilməsi də nəzərdə tutulub. Yubiley tədbirləri iyulun 4-dən etibarən "Yuxarı baş" tarix-memarlıq qoruğunun ərazisində başlayacaq. Tədbirlər çərçivəsində XVIII əsr Şəki xanlığının tarixini əks etdirən teatrlaşdırılmış səhnənin təqdimatı və qala divarları daxilində "Şərq bazarı" adlı satış yarmarkasının təşkili də nəzərdə tutulur. Axşam saatlarında isə Aşağı Karvansarada yubiley tədbirləri və "İpək yolu" Beynəlxalq Musiqi Festivalının təntənəli bağlanmış mərasimi keçirilməsi planlaşdırılır.

    

 

Nigar

 

Həftə içi.- 2012.-3 iyul .-  S. 8.