El sənətini yaşadan aşıq

 

Uca dağları, füsünkar gözəlliyi, sərin bulaqları və təmiz havası ilə seçilən Gədəbəy rayonu aşıqlar diyarıdır desək yanılmarıq. Onun hər daşında, qayasından sanki ulu ozanın qopuzunun, sazının səsi gəlir, hər qayasında bir söz, bir dastan yaşayır.

 Neçə-neçə böyük sənətkarlar yetirib bu torpaq. Aşıq İmamverdi də məhz belə sənətkarlardandır. 1952-ci ildə başı qarlı, sinəsi nərgizli, bənövşəli Qanlı dağının ətəklərində yerləşən, bağlı-bağçalı Leşkər kəndində sənətkar ailəsində dünyaya göz açıb İmamverdi Mustafayev. O "sarıtel"lə yuxuya gedib, "Cəlili" havasıyla yuxudan oyanıb. Bir sözlə, beşiyi başında həmişə saz çalınıb. Atası Məhəmməd Qeybaliyev tanınmış ustad aşıqlardan olub. Deyilənə görə, çox zil səsə malik bir insan imiş və kəndə gələn qonaqları o qarşılayarmış. Aşıq Məhəmməd oxuyanda hətta masanın üstündəki lampalar dərhal sönərmiş. Aşıq Məhəmməd sənətin sirlərini gənclərə həvəslə öyrədərmiş, habelə Göyçə mahalından, borçalıdan, Qazaxdan, Tovuzdan, Gəncədən gələn aşıqlar tez-tez onun qonağı olarmış.

  

   "Beşiyimin başında..."

  

   İmamverdi Müstafayev sənət yolunu xatırlayaraq deyir ki, aşıq sənətinə onun marağı uşaqlıq illərindən başlayıb: "Mən dünyaya gələndə beşiyimin başında atam sazda "Sarıtel" havasını çalarmış. Sazın səsi sanki bir ana laylası idi. O laylalar günbəgün, zaman-zaman ciyərlərimə, qanıma, ruhuma hopurdu. "Ustadım atam olub. Ondan saz tutmağı, söz deməyi və aşıq sənətinin sirlərini öyrənmişəm. Həm də gözəl səsim, yaradıcılıq qabiliyyətim var. 15 yaşımda sazda sərbəst çalırdım. Artıq aşıq dastanlarını öyrənməklə yanaşı özüm də şeirlər yazıb onu məclislərdə deməyə başladım. Atamla birgə bölgələrdə el şənliklərində, rayon tədbirlərində olardıq. 1983-cü ildə Bakı şəhərində Mədəni-Maarif texnikumunu bitirmişəm. Və həmin ildən Gədəbəy rayon mədəniyyət şöbəsində bir mədəniyyət işçisi kimi fəaliyyətə başladım. Elə 1981-ci ildən də rayon mədəniyyət evi "Xalq aşığı" ansamblın üzvüyəm. Düz 40 ildir ki, saz sinəmdən düşmür, bayramlarda, dövlət tədbirlərində oluram, zəhmətkeşlər qarşısında çıxışlar edirəm".

       Tanınmış aşıq İmamverdi Mustafayev deyir ki, Sovetlər Birliyi dövründə xarici ölkələrə qastrollara da gedərdilər. Onun sozlərinə görə, Moskvada Kremlin Qurultaylar Sarayında keçirilən festivalların, o cümlədən, Azərbaycan on günlüyünün iştirakçısı olub: "Dəfələrlə medal və döş nişanları ilə təltif olunmuşam. Aşıq Alının 180 illik yubileyinin, 1989-cu ildə Zaqafqaziya, orta Asiya, Qazaxıstan və Dağıstan xalqlarının gənc ozanlarının müsabiqəsində iştirak etmişəm, döş nişanı və diploma layiq görülmüşəm. Və nəhayət YAP Gənclər Birliyinin birinci ümumrespublika toplantısının, Azərbaycan aşıqlarının 3-cü, 4 və 5-ci qurultaylarının iştirakçısı olmuşam, əməyim bir sıra medal, döş nişanları və diplomlarla qiymətləndirilib. Beləliklə 2011-ci ildə mənim həyatımda əlamətdar bir gün oldu. Ölkə başçısının sərəncamı ilə Azərbaycan mədəniyyətində xidmətlərimə görə "əməkdar mədəniyyət işçisi" fəxri adına və prezident təqaüdünə layiq görüldüm".

 

      Aşıq sənəti YUNESKO-nun siyahısında...

 

      Müsahibim deyir ki, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri millət vəkili Mehriban Əliyevanın köməkliyi nəticəsində aşıq sənəti YUNESKO-nun qeyri-maddi irs siyahısına düşüb: "Prezident İlham Əliyevin Gədəbəyə ikinci dəfə gəlişi bizim üçün çox əlamətdar oldu. Dövlətimizin başçısı Heydər Əliyev adına mədəniyyət və istirahət parkında aşıq musiqi məktəbi üçün binanın təməlini qoydu və bu yaxın günlərdə həmin binanın açılışı olacaq. Onu da deyim ki, rayonumuzda aşıq sənəti yüksək səviyyədə inkişaf edib. Belə ki, üzv olduğum "Xalq aşığı" ancamblının adını da ulu öndər Heydər Əliyev qoyub. BU ansamblın yaradıcısı görkəmli aşıqlarımızdan olam Əməkdar Mədəniyyət İşçisi, prezident təqaüdçüsü aşıq İspəndiyyar Rüstəmovdur. Bu ansambl indiyə qədər onlarla ustad şəirdlər yetirib. Artıq o şəirdlər respublika və onun hüdudlarından kənarda tanınan ustad aşıqlardır. Onlardan Səyyad Pənahov və mən, İmamverdi Mustafayev "Əməkdar Mədəniyyət İşçisi" fəxri adına layiq görülüb".

 

      "Bizə təlxək yox, sənəti yaşadan aşıq lazımdır"

 

      Aşıq İmamverdi sənəti, zəhməti ilə ucalan aşıqlardan olduğunu deyir. Onun sözlərinə görə, kamil ustad həmişə özünə, şəxsiyyətinə və sənətinə hörmətlə yanaşar. "Təəssüf ki, sıramızda elə sənətçilər də var ki, bu sənətə kölgə salırlar. Bir balaca səsləri olan kimi tez meydana atılırlar, şöhrət gözlərini örtdüyündən toy məclislərində və el şənliklərində sazı bağrılarına basırlar, amma sənət əvəzinə daha çox şəbəbdə qoşurlar, bir sözlə təlxəklik edərək bu sənəti də özləri kimi ucuzlaşdırırlar. Bizə təlxək yox, bu sənəti yaşadan Aşıq Ələsgər, Dədə Şəmşir, aşıq İsfəndiyyar, aşıq Pənah, aşıq Xosrov kimi ustadlar lazımdır. Çünki saz da söz qədər ulu və müqəddəsdir. Hər birimiz bu müqəddəsliyi qoruyub saxlamalıyıq. Elə yaranan gündən Respublika Aşıqlar Birliyinin üzvüyəm. Mən çox sevinirəm ki, bu gün sazın-sözün qədrini bilən və bu sənətin ağır yükünü çiyinlərində daşıyan xalq şairi Zəlimxan Yaqub kimi insanlar Aşıqlar Birliyinin başında dayanıb. Baxmayaraq ki, yaşım 60 haqlayıb, indinin özündə də respublika əhəmiyyətli tədbirlərdə iştirak edirəm".

 

      "Aşıq öz geyiminə də nəzarət etməlidir"

 

       Aşıq İmamverdi deyir ki, aşıq sənətini inkişaf etdirməklə, onu qoruyub yaşatmaqla və təbliği ilə yanaşı ənənələrimizə və milli aşıq geyimlərinə də xüsusi diqqət yetirilməlidir: "Bizim ansamblın üzvləri el arasına, səhnəyə həmişə milli geyimdə çıxırlar. Aşıqlar geyimi ilə seçilir. Şəhər və kəndlərdə el arasına çıxanda onlar geyimi ilə seçilməlidirlər. Aşıqların geyim libasları hər cür rəngli parçalardan hazırlanır. Amma elələri də var ki, milli aşıq geyiminə əməl etmirlər".

       İmamverdi Müstafayev həm də ustad aşıqdır. Sinəsi dastanlarla, bayatılarla, nağıllarla, qoşmalarla, gərayılarla, təcnislərlə, dodaqdəyməzlərlə doludur. Azərbaycan xalqının milli-mədəni sərvəti olan-aşıq, saz-söz sənətinin qorunub saxlanmasında və gələcək nəsillərə ötürülməsi işini yüksək qiymətləndirməyi bacarır. Hazırda onun 3 oğlu atasının sənətini yaşadır, ozan-aşıq sənətinin sirlərini dərindən öyrənirlər. Ustad aşıq deyir ki, oğlanlarımdan Habil Mustafayev gözəl saz ifaçısıdır, eyni zamanda, məlahətli oxuduğuna, eləcə də respublika əhəmiyyətli tədbirlərdə iştirak etdiyinə görə ııı dərəcəli diploma, festival laureatı adına, respublika Mədəniyyət və Turizm Nazirliyinin pul mükafatına layiq görülüb.

 

 

       Qələndər Xaçınçaylı

 

        Həftə içi.- 2012.- 5 iyul.-  S. 7.