Çörəyi papaqdan
çıxan papaqçı
"İndi mən
papağımı nə cür qoyum ki, qızın xoşuna
gəlsin? Əgər belə qoysam, onda qız məndən
qorxar, elə bilər ki, Bakı qoçusuyam. Yox, belə
qoysam, onda da qız məndən hürkər, elə bilər
Qarabağın lopabığ bəylərindənəm.
Yaxşı, əgər belə qoysam, qızın məndən
lap zəhləsi gedər ki, elə bilər Gəncə
qumarbazıyam. Belə qoysam, vay-vay-vay, onda da lap Şamaxı
lotusuna oxşayaram ki".
Məşədi İbadın güzgünün
qarşısındakı bu monoloqunu elçi getdiyi Gülnaza
özünü bəyəndirmək cəhdi kimi də izah edə
bilərik. Axı o dövr üçün papaq azərbaycanlı
kişilərin əvəzolunmaz atributu idi. Ancaq "O
olmasın, bu olsun"un bu qəhrəmanı sonra
qızın qarşısına papaqsız çıxmaq qərarına
gəlib "başı açıq daha yaxşıdı.
Onda qız elə bilər abrazovonskiyəm" deyir.
Görünür, XXI əsrin gəncləri də özlərini
"obrazovonski" göstərməyə
çalışırlar. Elə bir papaqçı ilə
söhbətim də köhnə kişilərin kişilik rəmzi
olan milli papaqlarımızın gələcək aqibəti,
papaqlara olan maraq və indiki durumundan oldu...
"Obrazovonski" kişilərin bəyənmədiyi
papaqların dünyası
Yol kənarında yeni tikilən göydələnlərin
və bir də köhnə binaların arasında o kiçik
otelye elə də diqqət çəkmir. Bəlkə də
bir çoxlarımız keçərkən ora heç bir nəzər
də salmırıq. Axı bizim üçün orda nə
maraqlı bir şey ola bilər ki?! Kənardan baxarkən mən
də belə düşünmüşdüm. Ta ki...
Hər açılan yeni qapı insana çox şey
öyrədir deyirlər. Sən demə, o qapının
kandarından içəridə də çoxumuzun görmədiyi
bir dünya var. Keçmişimiz, köhnə kişilərin
başlarında qürurla gəzdirdiyi bir dünya.
Söz açdığım məkan "papaqlar
dünyası" idi. İndiki "obrazovonski" kişilərin
bəyənib taxmadığı papaqların dünyası.
Otelyedəki papaqların ustası Hafiz dayı qəzetdən
gəldiyimiz biləndə dərdi təzələndi. Əvvəlcə
müsahibə verməkdən boyun qaşıran usta "ay
qızım, axı indi dəbdə olmayan bir şey kimi
maraqlandırır ki, yazırsız" desə də, bizə
papaqlar haqqında hər şeydən danışdı. Hafiz
dayı deyir vaxtilə Bakıda hər addımbaşı
papaqçı dükanı vardı. Çünki papaq alan
kişilər də çox idi o vaxtlar. Ancaq: "İndi
Bakıda 1-2 papaqçı dükanı qalıb ki, ora da nə
gələn var, nə gedən. Ustalar da papaqların
satılmadığını, bu işdə bir xeyir
olmadığını görüb bağlayırlar
dükanı. Axı heç alan da yoxdu bu papaqlardan. Gərək
bu papağı başında daşımağa layiq adam olsun
ki, alsınlar da. İndikilər "kepka",
"bezbolka" taxır. Kişinin kişi papağı var.
Kepka nə müsəlman, nə Qafqaz, nə də Azərbaycan
kişisinə yaraşmaz".
Usta deyir aylarla tikdiyi papaqlar rəflərdə
qalır. Qışda bəzən alıcı olur, yayda isə
ümumiyyətlə gələn olmur. Alanlar isə təmiz
quzu dərisindən olan papaqlardan almır, çünki təmiz
dərindən olan papaqlar nisbətən bahadır: "Quzu dərisindən
də papaq tikirəm, qeyri-təbii parçalardan da.
Alıcılar da elə qeyri-təbbi mala qaçır. Ucuz
olduğu üçün daha çox ona üstünlük
verirlər".
Hafiz dayı deyir ki, quzu dərisindən olan papaqlar
qaldıqca köhnəlir. Belə olduqda biz də məcbur
olub papağı uzuc satırıq: "Bu təbii dəridi.
Qaldıqca öz keyfiyyətini itirir. Dəri elə də ucuz
deyil. 200 manata alıb zəhmətlə papaq
hazırlayırıq. Ancaq satanda bəzən heç dərinin
pulunu çıxara bilmirik. İndi nə papaqçı
qalıb, nə papaq taxan, nə də papağa hörmət".
"Milli papaqlarımız mədəni
irs kimi qorunsun"
Bir çox
papaqçı dükanlarında şahidi olduğum bir məqamla
burada rastlaşmadım. Bəzi ustalar papaq
satışından gəlir əldə edə bilmədikləri
üçün divara "papaqla şəkil çəkdirmək
1 manat" yazılı lövhə vururlar. Ancaq Hafiz
dayının dükanında belə bir lövhəyə rast
gəlmədim. O deyir mən əlimin zəhmətilə pul
qazanıram. Papaqçılığı atasından öyrənən
usta 15 yaşından 30 ildir ki, həvəslə bu işlə
məşğul olduğunu deyir: "Atam babamın, mən isə
atamın sagirdi olmuşam. Ancaq indi mənim davamçım
yoxdu. Mən öz peşəmi sevirəm. Həvəslə də
çalışıram. Alıcının olmaması da məni
ruhdan salmır. Əlimdən bundan başqa heç nə gəlməz".
Ancaq papaq ustasının bir arzusu var. O, milli papaqlarımızın
keçmişə qarışıb
yox olmasını istəmir. Deyir ki, milli papaqlarımız
mədəni irs, nümunə kimi qorunsun: "İndi bu papaqlardan
taxmasalar da, heç olmasa bilək ki, unudulmayacaq. Gələcək nəsil bilsin
ki, köhnə kişilərin belə papaqları olub".
Papaqlarla bizi tanış edən usta deyir ki, bəy
papaqları balaca olur. Eynən H.Z.Tağıyevin papağı kimi. Papağın forması bölgələrə
görə də fərqlənirmiş. Usta deyir
ki: "Bəzi bölgələr var ki, 12 sm-lik papaq
taxır. Bakıdan kənara
çıxıb şimala
getdikcə papaqların
hündürlüyü də
artır. Səbəbini bilmirəm ancaq Qarabağ, Şəki xanları da bir qədər böyük və uzun papaqlar taxıblar.
Vaxtilə haralı olduğunu
taxdığın papağın
formasından biliblər".
Doğulmamış quzu Sibir tülküsündən
qiymətlidi!
Dükanda divardan balaca quzu dəriləri
asılmışdı. Onlar da öz növbələrini gözləyirdi.
Görəsən, o balaca
quzulardan neçə
bəyin başına
papaq hazırlanacaq?..
Əlimizə alıb daha yaxından baxdıq dərilərə. Usta deyir ki, bu dərilər heç doğulmamış
quzunun dərisidir.
O dəri quzu hələ ana bətnində olarkən götürülür və
tam hazır olandan sonra papaq hazırlamaq
üçün satılır.
Dükanda diqqətimizi çəkən bir neçə
maraqlı papaqlar da var idi. Usta deyir onlar
Sibir tülküsünün
dərisindəndir. İndi daha çox
xanımların bəzək
xətrinə çiyinlərinə
atdıqları o dərilərdən
gözəl və isti papaqlar lazırlanır.
Qiymətlərinə gəlincə isə quzu dərisindən
olan papaqlar daha bahadır. Qiymət 80 manatdan başlayaraq
150-200 manat arasında
dəyişir. Tülkü dərisindən
olan papaqlar isə 50-100 manat dəyərindədir. Süni dəridən
olanlar isə 30-20 manatdan baha deyil.
Ən bahalı papaqlar quzu dərisindən hazırlananlardır.
Papaqların növlərindən və tikilmə qaydalarından
da danışan usta bu işin sevgi və əmək tələb
etdiyini deyir. Bir papağın tikilməsinə elə də çox vaxt sərf olunmasa da, usta
burada da diqqətli olmağın mütləq olduğunu bildirdi: "Bir papağı 1 günə
də tikmək olar, 3 günə də. Sənin diqqətli və
cəld olmağından
asılıdır. Ancaq vaxt
çox olanda daha rahat və
incəliklə işləyirsən.
Papağın təkcə üstü
deyil, onun içini, astarını da diqqətlə tikmək lazımdır.
Bir-iki tikiş atıb satsam, baxan deyər
bu heç papaqçı deyil ki?"
Sonda usta deyir ki, əsl insan nə ilə məşğul
olmasından asılı olmayaraq işini vicdanla görməlidir:
"İstər müəllim ol, istər həkim, istər
papaqçı, istərsə də çəkməçi.
Əsas vicdandır. Hər kəs öz
işi ilə sevərək və vicdanı ilə məşğul olsa, kifayət edir".
Sonda... cibimizdə ustadan quzu dərisindən olan papaq
alacaq qədər pulumuz olmasa da, hər biri ilə şəkil
çəkdirib qoyulduq yola, Hazif dayının papaqlar
dünyasından ayrılmaq asan olmasa da...
Nigar İxtiyarqızı
Həftə içi.- 2012.- 11
iyul.- S.8.