Əbülfəs
Qarayevin turizm obyektlərindən
tələbi
Azərbaycanın mədəniyyət və turizm
naziri Əbülfəs Qarayev yay mövsümünün
başlaması ilə əlaqədar ölkədə fəaliyyət
göstərən turizm şirkətləri və mehmanxanalara
müraciət edib.
Nazir jurnalistlərə açıqlamasında deyib
ki, mehmanxana və turizm şirkətləri bu mövsümdə
qonaqlara yüksək xidmət təqdim etməlidirlər:
"Turizm şirkətləri və mehmanxanalar bütün təbəqələrin
maddi imkanlarına uyğun gələn xidmətlər təqdim
etməlidirlər. Bununla da ölkədə turizmin
düzgün yolla inkişaf etdiyi sübuta yetirilməlidir. Əgər
bütün bunlara cəhd göstərməsək Azərbaycanda
turizmin inkişafından danışmaq yersizdir".
Nazir Azərbaycanda fəaliyyət göstərən
turizm obyektlərinin fəaliyyətinin daim nəzarət
altında saxlanılacağını da bildirib:
"Hazırda yay turizm mövsümü ilə əlaqədar
müvafiq monitorinqlər həyata keçirilir. Monitorinq
zamanı turizm obyektlərinin nöqsanlardan aradan
qaldırılması tələb olunacaq, əgər bunlar
aradan qaldırılmayacaqsa, artıq dövlət tərəfindən
müəyyən olunmuş qaydalar tətbiq olunacaq. Tələb
etdiyimiz kriteriyalara - xidmətlərin dərəcəsinə
uyğun olması, təmizlik, sanitariya normaları, xidmətlərin
müxtəlifliyi və insanların asudə vaxtını səmərəli
keçirmələri daxildir. Sözsüz ki, biz həm də
kadr hazırlığını, qonaqpərvərlik sisteminə
nə qədər cavab verməsini də önəm
tuturuq".
Nazir bildirib ki, mövsüm zamanı turizm obyektlərində
süni qiymət artımı monitorinqlə
bağlanılmamalıdır: "Monitorinqlər ona xidmət
edir ki, xidmətlərin səviyyəsi artırılsın və
bizim insanlar turizm xidmətlərindən səmərəli
istifadə etsinlər. Qiymətlərin
formalaşdırılmasını yalnız bazar tənzimləyir".
Ötən il Azərbaycanda daxili turizm qiymətlərində
20 faizə qədər endirim müşahidə olunduğunu
da əlavə edən Əbülfəs Qarayev, bu il ötənillə
müqayisədə 10%-ə qədər endirimin nəzərdə
tutulduğunu vurğulayıb.
Nigar
Həftə içi.- 2012.- 15 iyun.- S. 8.