Türkiyədə
"Azərbaycan Mədəniyyəti Günləri"
İyunun 17-dən Türkiyədə "Azərbaycan
Mədəniyyəti Günləri" start
götürüb. Mayın 21-ək davam edəcək tədbir
iki ölkənin müvafiq nazirlikləri arasında
imzalanmış mədəni əməkdaşlıq protokola əsasən
gerçəkləşir.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat
xidmətindən "Həftə içi"nə verilən
məlumata görə, Ankara və İzmir şəhərlərində
təşkil olunan "Azərbaycan Mədəniyyəti
Günləri" çərçivəsində iki
qardaş ölkə arasındakı mədəni əlaqələrin
daha da inkişafına xidmət edən konsert proqramları, sərgi
və konfransların təşkili nəzərdə tutulur.
Türkiyədə ilk dəfə keçirilən
"Azərbaycan Mədəniyyəti Günləri"ndə
mədəniyyət və turizm naziri Əbülfəs
Qarayevin rəhbərliyi ilə ziyalılar və incəsənət
ustalarından ibarət 70 nəfərlik nümayəndə
heyəti iştirak edir. Mədəniyyət günlərinin təntənəli
açılış mərasimi iyunun 18-də Ankara şəhərində
gerçəkləşib və mərasimdə incəsənət
ustalarımız geniş konsert proqramı təqdim ediblər.
Mədəniyyət günlərinin ikinci günü
TÜRKSOY-un Ankaradakı iqamətgahında dahi Azərbaycan
şairi Nizami Gəncəvinin 870 illiyi münasibətilə
elmi konfrans keçiriləcək. Tədbirdə AMEA-nın
müxbir üzvü, professor, millət vəkili Nizami Cəfərov
və Azərbaycan Bəstəkarlar İttifaqının sədri,
Xalq artisti Firəngiz Əlizadə Nizami və Azərbaycan
musiqisi mövzusunda çıxış edəcəklər.
Tədbir çərçivəsində Ankarada rəsm,
xalça, milli geyim və xalq tətbiqi sənət nümunələrimizdən
ibarət sərgi də təşkil olunacaq.
Mədəniyyət günləri İzmir şəhərində
davam edəcək. Burada incəsənət ustalarımızın
iştirakı ilə geniş konsert proqramı keçiriləcək.
Azərbaycanın xalq tətbiqi sənət inciləri, milli
geyim, xalça və rəngkarlıq nümunələrindən
ibarət sərgi İzmirdə də nümayiş etdiriləcək.
Qələndər
Həftə içi.- 2012.-19 iyun.- S.8.