Türkiyədə Azərbaycanın zəngin mədəniyyəti yaxşı tanınır

 

"CerModern" incəsənət mərkəzində Azərbaycan Mədəniyyət Günlərinin təntənəli açılış mərasimi olub. Azərbaycanın Türkiyədəki səfirliyindən verilən məlumata görə, Türkiyə və Azərbaycanın mədəniyyət və turizm nazirləri Ərtoğrul Günay və Əbülfəs Qarayev tədbir çərçivəsində təşkil olunmuş xalq sənəti sərgisinin açılışını bildirən qırmızı lenti kəsiblər.

Qeyd olunub ki, Ankara və İzmir şəhərlərində keçiriləcək bu tədbir iki ölkənin nazirlikləri arasında imzalanmış mədəni əməkdaşlıq protokoluna əsasən həyata keçirilir. Ə.Günay deyib ki, bu tədbir, əslində bir xalqın musiqi, mədəniyyət inciləri və mədəni irsinin nümayişdir. Çünki Azərbaycan və Türkiyə xalqları bir milləti təmsil edirlər. Türkiyədə qardaş Azərbaycanın zəngin mədəniyyəti çox yaxşı tanınır və sevilir. Ə.Qarayev vurğulayıb ki, bu tədbir iki qardaş ölkənin əlaqələrinin tarixində yeni bir səhifə açır. Türkiyədə ilk dəfə keçirilən və ziyalılar və incəsənət ustalarından ibarət 70 nəfərlik nümayəndə heyətinin iştirak etdiyi Azərbaycan Mədəniyyəti Günlərinin açılış mərasimindən sonra Ankaranın Ulus rayonundakı teatrda konsert olub. Türkiyənin milli müdafiə naziri İsmət Yılmaz, ölkəmizin Türkiyədəki səfiri Faiq Bağırov və digər rəsmi şəxslər mərasimdə iştirak ediblər. Mədəniyyət Günlərinin ikinci günündə TÜRKSOY-un Ankaradakı iqamətgahında dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illiyi münasibətilə elmi konfrans, habelə rəsm, xalça, milli geyim və xalq tətbiqi sənət nümunələrimizdən ibarət sərgi də təşkil olunacaq. Mədəniyyət günləri iyunun 21-də İzmir şəhərindəki tədbirlərlə başa çatacaq.

    

 

Vüsal

 

Həftə içi.- 2012.- 20 iyun.- S.2.