Hər
şey kinosu naminə...
Respublika Kinematoqrafçılar
İttifaqının əsas məqsədi gənc
kinematoqrafçılar ordusu yaratmaqdır
"Bu kino ki var, çox qəliz məsələdir.
Həm qəlizdir, həm də vacib". Hidayət müəllimin,
daha doğrusu, ölməz sənətkar Səməndər Rzayevin
bu məşhur kəlamı istənilən dövr
üçün aktualdır. Uzun müddət ərzində həqiqətən
də qəliz bir hala gəlmiş kinomuza qayğı son
dövrlər bir qədər artıb. Dövlətin bu sahəyə
xüsusi diqqəti də milli kino istehsalının
inkişafını sürətləndirib.
Bir müddət əvvəl "Nizami" Kino Mərkəzində
"Kino və konseptual problemlər" mövzusunda
keçirilmiş tədbirdə Azərbaycan Respublika
Kinematoqrafçılar İttifaqının
yaradılmasına qərar verildi. Xalq artisti Şəfiqə
Məmmədovanın sədrlik edəcəyi qurum milli filmlərin
beynəlxalq arenaya çıxarılması, milli filmlərin
təşkili, beynəlxalq simpozium və konfransların təşkili,
kino infrastrukturunun formalaşdırılması kimi
missiyanı öz üzərinə
götürdüyünü elan edib.
Xatırladaq ki, yeni ittifaqın yaranmasına mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev də belə bir təşəbbüsün
irəli sürülməsinə ehtiyac olduğunu deyib: "Əgər
bu qədər çoxsaylı tanınmış və ciddi
kino xadimi bir yerə toplaşıbsa, belə təşəbbüs
irəli sürülübsə, deməli, buna ehtiyac
vardı".
Nazir ittifaqa ehtiyac olduğu zaman müraciət edəcəkləri
təqdirdə onlara kömək edəcəyini də bildirir:
"Yeni təsis olunan Azərbaycan Respublikası
Kinematoqrafçılar İttifaqı əvvəlcə Ədliyyə
Nazirliyinə dövlət qeydiyyatdan keçmək
üçün müraciət etməlidir. Qeydiyyatdan
keçəndən sonra bizə müraciət etsələr,
onlara köməklik edəcəyik".
"Yaradıcı ailəyə ehtiyac
var idi"
İttifaqın sədri, Xalq artisti Şəfiqə Məmmədova
"Həftə içi"nə açıqlamasında
qurumun qarşısında duran əsas məqsədin yeniliklərə
və böyük işlərə imza atmaq olduğunu deyir. O
bildirir ki, qurumun bütün işləri xüsusi proqram əsasında
aparılacaq. İttifaqın ilk işini isə Kino
Günündə görə biləcəyik: "Proqram,
nizamnamə dəqiqləşməli və bütün proqram
tam şəkildə işlənməlidir. Biz hər şeyi,
ən əsas istiqaməti bilməliyik. Avqustun 2-də, yəni
Kino Günündə hazırlanan proqramı ictimaiyyətə
təqdim edəcəyik. Həmin müddətdə
ittifaqın nizamnaməsi də işlənəcək. Nizamnamədə,
proqramda bütün məsələlər əhatə
olunmalıdır".
Xalq artisti bu sahəyə gənc nəslin cəlb
olunması arzusundadır. Onun sözlərinə görə,
qurumun qarşısında dayanan əsas məsələlərdən
biri gənc kinematoqrafçılar ordusu yaratmaqdır: "Bu,
böyük məsələdir. Bunun üçün əlimizdən
gələni edəcəyik. Gənc nəslin demokratik,
sağlam, mədəni mühitdə inkişafı çox
vacib məsələdir. Biz bunu kinoya da gətirib, maarifləndirmə
işi aparmalıyıq".
Kinorejissor Ayaz Salayev də "Həftə
içi"nə açıqlamasında belə bir
ittifaqın yaranmasının Azərbaycan kinosu
üçün böyük əhəmiyyət kəsb
etdiyini deyir. Kinorejissor qeyd edir ki, ittifaqda birləşən
kino xadimləri cəmiyyət üçün dəyərli insanlardır:
"Biz heç nədən məhsul - film
hazırlayırıq. Film həm satmaq üçün məhsul,
həm də mədəniyyətin təbliğidir. Bizlər
gələcəyə doğru addımlayırıq. Gələcəyə
filmlərlə addımlamaq mümkündür və vacibdir.
Digər vacib olan məsələ isə - dəyərlərdir.
Lazımi dəyərlərin yaranması və inkişafı
üçün kino ictimaiyyətinin belə birliyinin
yaranması vacib idi. Yaradıcı insanlar tək olsa da,
yaradıcı ailəyə ehtiyacı var. Yaxşı ki, belə
bir cəmiyyət yarandı və biz bu cəmiyyətin
içindəyik".
İstedadına güvənən hər
kəs...
"Azərbaycanfilm" Kinostudiyasının direktoru
Müşfiq Hətəmov isə bizi ittifaqın fəaliyyəti
ilə daha ətraflı tanış etdi. O, bir çox
ölkələrdə kino sənayesinin inkişafı
üçün belə addımların
atıldığını deyir. Əlavə edir ki, son
dövrlər belə bir ittifaqın yaradılmasına zərurət
yaranmışdı: "Dünya praktikasında da belə bir
təcrübə var. Ancaq təbii olaraq bu ittifaqın
yaradılması digərinin keyfiyyətsizliyinə dəlalət
etmir. Bu qurum gənc və orta nəsildən olan eyni
baxışlı insanların təşəbbüsü ilə
yaradılıb. Onların təşəbbüsü nəticəsində
də müəyyən layihələr irəli sürüləcək
və bu layihələr nəticəsində də kinomuzun
inkişafı daha da sürətləndiriləcək. Əsas
məqsəd də məhz Azərbaycan kinosunun inkişaf
etdirilməsidir. Hər hansı ittifaq olmasından
asılı olmayaraq, bu qarşıda duran əsas məqsəddir".
Müşfiq Hətəmov qeyd edir ki, əməli
işə Ədliyyə Nazirliyindən qeydiyyatdan keçəndən
sonra başlanılacaq. Ancaq o, hələ bu barədə nə
isə deməyin çox tez olduğunu bildirdi. Qeydiyyatdan sonra
planlar haqqında ətraflı məlumat veriləcək:
"Qeydiyyatdan keçmək üçün Ədliyyə
Nazirliyinə müraciət edəcəyik. Bundan sonra tam olaraq
işə başlaya bilərik. Təbii ki, ilk işimiz bu sahədə
dünya praktikasını öyrənmək olacaq. Və əlbəttə,
kino sənayesində gedən proseslərlə də
yaxından tanış olacağıq".
Müşfiq Hətəmov ittifaqa məhz Şəfiqə
xanım Məmmədovanın sədr seçilməsinə də
aydınlıq gətirdi. O, bunu gözəl aktrisanın həmişəki
kimi prinsipiallığı ilə əlaqələndirdi:
"Şəfiqə xanımın tərifə və təqdimata
ehtiyacı olmayan bir insandır. Onun prinsipiallığı,
gözəl aktyor bacarığı, istedadı kifayət edir
ki, o ittifaqın sədri olsun. O, kinoya, öz sənətinə
heç vaxt xəyanət etməyib və daim öz xüsusi
insani keyfiyyətləri ilə seçilib. Məhz buna görə
hər kəs Şəfiqə xanımın yeni qurumun sədri
olmasını məsləhət gördü".
"Azərbaycanfilm" Kinostudiyasının direktoru
deyir ki, onlarla həmfikir olan hər kəs Respublika
Kinematoqrafçılar İttifaqı qeydiyyatdan keçəndən
sonra müraciət edib onların sıralarına qatıla bilər.
Qurumun maliyyəsinə gəlincə isə Müşfiq Hətəmov
onların dövlətdən maliyyələşməyəcəyini
bildirdi: "İttifaq qrant layihələr tərəfindən
maliyyələşib inkişaf edəcək".
Nigar İxtiyarqızı
Həftə içi.- 2012.- 26-27 iyun.-
S.8.