"Qırx qız" qayasının sirri

 

Azərbaycanın tarixi abidələri, ziyarətgahları çoxdur. Hər ziyarət haqqında müxtəlif əfsanələr olmasına baxmayaraq, bu müqəddəs yerləri ziyarət edənlərin bir amalı və məqsədi var. Bu, həmin ziyarətgaha sonsuz inamdan irəli gəlir.

Belə ziyarətgahlardan bir neçəsi də Bakının qədim kəndi olan Güzdək qəsəbəsindədir. Qəsəbənin girişində, "Güzdək yamacı" adlanan yerdə əfsanəvi "Qırx qız" qayası var. Qəsəbə sakinləri bu yamaca hər həftənin cümə axşamı üz tutmalı olurlar. Sakinlərin sözlərinə görə, qayanı ziyarət etmələrinin səbəbi, həmin gün qayanın ağlamasıdır. Güzdək sakini Sura Əhmədova bildirir ki, sözügedən qaya VII-VIII əsrin ən dəyərli yadigarıdır. Həmsöhbətimiz qayanın əfsanəsindən danışır. O bildirir ki, qayanın yaranması ərəb xilafəti dövrünə təsadüf edir: "Belə danışırlar ki, Ərəblərin Azərbaycana hücumu vaxtı Bakıətrafı kəndlərdə 40 qız kənddən baş götürüb qaçıb. Buna səbəb ərəblərin kəndlərdən əsir götürdükləri qızları hərəmxanalara satmaları olur. Həmin 40 qız qaçaraq onların əlindən qurtarmağa çalışır. Lakin ərəb qoşunlarının nümayəndələrindən olan atlıları qızların ardınca gedib. Qızlar Güzdək kəndinin yamacına çatanda görürlər ki, düşmən atlıları bunları yaxalayacaq. Bu səbəbdən də onlar qaçıb qayanın altında gizlənməyə çalışır. Elə bu anda qaya uçaraq, qızların üstünə tökülüb. Qızlar da həmin qayanın altında qalırlar".

Qayanın özünə görə xüsusiyyətinin olduğunu bildirən Sura Əhmədova onu da qeyd edir ki, hər cümə axşamı qayanın arasından ya su axır, ya da qaya islanaraq palçıq olur. El arasında deyirlər ki, hər cümə axşamı qızlar ağlayır. Ona görə də xalq arasında onların qanı göz yaşlarına qarışdığından qaya müqəddəs sayılır. Qayaya niyyət edib, gedənlər niyyətlərinə çatır".

Sura xanım bildirir ki, əvvəllər özü də bu əfsanəyə inanmayıb: "Mənim üçün bu bir qədər inanılmaz gəlirdi. Lakin sonralar mən özüm də həmin qayanı ziyarət etdikdə bəzi faktların şahidi oldum. Belə ki, hava isti olduğu vaxtlarda Güzdəkdə toraq da çatlayır. O qədər isti olur ki, torpaqdan od püskürür. Lakin həmin günlərin birində cümə axşamı qayaya qalxsan, oranı nəmli, qayadan su damdığının şahidi olursan".

İndi yüzlərlə insanlar həmin qayanı ziyarətə gəlir. Qayanın yaxınlığında daş karxanasının fəaliyyət göstərdiyini deyən Sura Əhmədova onu da bildirir ki, sovet dövründə həmin qayanın daşını kəsmək istəsələr də mümkün olmayıb: "Həmin qaya çox möhkəmdir ".

Biz sözügedən ərazidə olarkən qayaya qalxmağa çalışdıq. Havanın temperaturu yüksək olmasına baxmayaraq, qaya nəmişlik içərisində idi.

 

 

Pərvin İsmayılova

 

Həftə içi.- 2012.- 26-27 iyun.- S. 5.