Ankara Alış-Veriş Festivalı astanasında

 

     Ankara Alış-Veriş Festivalı Məlumat verdiyimiz kimi, iyunun 8-dən iyulun 1-dək Ankarada Alış-veriş Festivalı - Ankara Shopping Festival keçiriləcək. Türkiyə Cümhuriyyətinin Azərbaycandakı Səfirliyinin Kültür və Tanıtma Müşavirliyinin təşkil etdiyi press-tur çərçivəsində qardaş ölkənin paytxatında olarkən Ankara Alış-veriş Festivalına hazırlıqların çox qızğın şəkildə davam etdirilməsinin şahidi olduq.

      Hətta təkcə adıçəkilən cümhuriyyətin ayrı-ayrı vilayətlərindən deyil, həmçinin xarici ölkələrdən də Ankaraya gələn yerli və əcnəbi turistlərin sayının durmadan artmasının da şahidi olduq. Azərbaycanı təmsil edən KİV-lərin nümayəndələri olaraq biz də həmin turistlər kimi Ankaranın gəzməli-görməli yerlərini, tarixi-mədəni abidələrini ziyarət etməyə müvəffəq olduq. Gəzinti zamanı bizim, o cümlədən yerli və əcnəbi turistlərin diqqətini özünə cəlb edən məkanlardan biri də Türkiyənin dünyaca məşhur Bəybazarı mahalı oldu.

      Ankaranın şəhər mərkəzindən 98 kilometr qərbdə, dəniz səviyyəsindən 700 metr yüksəklikdə yerləşən və 3500 illik tarixi olan Bəybazarı özünün memarlıq və dizayn quruluşu ilə təkcə Türkiyədə deyil, onun hüdudlarından kənarda da çox məşhurdur. Xüsusilə də bu mahaldakı evlər yerli və xarici turistləri özünə daha çox cəlb edir. Oradakı 2, yaxud 3 mərtəbəli evlərin birinci mərtəbələri daşdan, üst qatları isə taxtadan və ya kərpicdən tikilib. Bəybazarındakı bağçasız, kiçik bağçalı və ya böyük bağçalı olan 3500-ə qədər evlərlə bağlı maraqlı məqamlardan biri də odur ki, onların ən üst hissəsi tikilməyib və "quşxana"nı xatırladır. İlk baxışdan bu, insanlarda inşaat işlərinin yarımçıq saxlanılması təsəvvürü yaratsa da, əslində belə deyil və yerli sakinlər evlərini bilə-bilə bu formada tikiblər. Çünki bəybazarılılar həm ailə üzvlərinin sayının arta biləcəyini nəzərə aldıqlarından gələcəkdə evlərinin sahəsini böyütmək ehtimalını öncədən düşündüklərindən, həm də qış azuqəsi və ehtiyatı üçün müxtəlif qidaları qurudarkən və ya mühafizə edərkən "quşxana"lardan faydalanmaq üçün evlərini bu cür tikirlər. Sabahın ərzağını bu gündən hazır edən tədbirli bəybazarlılar istiqanlı olduqlarından onların evləri bir-birilərinə bitişikdir. Hətta bir-birilərinə qonşu evlərdəki qapılar, pəncərələr, "quşxana"lar da üzbəüzdür. Bu da yerli sakinlərin sakit həyat tərzi keçirmələrindən və səmimi olmalarından xəbər verir.

      Bağçaların qonşu evlərlə az qala bitişik olması da xalq arasındakı etibarlılıq duyğusunun nümunəsidir. Yerli mədəniyyəti əks etdirən dəyərlərin təqdim edilməsi üçün evlərin bəziləri restoranaya pansionata, daha kiçik evlərdə isə yerli qida məhsullarının satıldığı mağazalara, yaxud əl işləri sahəsində böyük əhəmiyyət daşıyan obyektlərə çevrilib.

  

   Yerli yeməklər və şirniyyatlar

  

   Yerli yeməklərin və şirniyyatların hazırlanmasında istifadə olunan məişət əşyaları misgərliyin məşhur olduğu bu mahalda bəybazarlı ustalar tərəfindən hazırlanıb. Suluquru yeməklər daş sobalarda bişirilir. Onların bişirilməsində həmin bölgədə yetişən tərəvəz və meyvələrdən, qışda isə çərəzlərdən və qurulardan istifadə olunur. Yerli mətbəxiylə məşhur olan Bəybazarında yemək və şirniyyatlar arasında tarhana, yarpaq dolması, yalkı, bici, göce, perçem, yarımca, Bəybazarı güvəçi, kartalaç, bazlama çörəyi, oğmaç, tohma, şerit, uruş bağlaması, Bəybazarı qurusu, mumbar (Bəybazarı sosiskası), paxlava, ebesüt, höşmerimyerkökü lokumudur. Bu yeməklərdən və şirniyyatlardan bir qisimi Türk Patent İnstitutunda qeydə alınıb. Mahalda turizm sektorunun canlanması bölgənin mətbəxini də canlandırıb.

    Oradakı Bəybazarı Mədən Suyunun istehsal etdiyi mineral sular müalicəvi əhəmiyyətinə görə təkcə Türkiyədə deyil, Avropa ölkələrində də çox məşhurdur. Avropa ölkələrində adambaşına 180 litr mədən suyu istehlak edilir. Türkiyədə isə bu rəqəm 10 litrdir. Bəybazarı Mədən Suyunun idarə heyəti isə bu göstəricinin bu ildən etibarən 12 litrə çatdırılması üçün müəyyən tədbirləri həyata keçirməyə başlayıblar.

  

   Mahalın dünyaşöhrətli əl sənətləri

  

   Qeyd edək ki, Bəybazarı Türkiyənin yerkökünə olan ehtiyacının 60 faizini ödəyən "yerkökü anbarı" da adlanır. Əkinçilik əsas dolanışıq mənbəyidir. Amma orada əl işlərinə də böyük üstünlük verilir.

     Bəybazarında əl işləri ilə bağlı sənətlərin inkişaf etdirilməsində uzun illərdir gümüşdən, misdən, dəmirdən, dəridən və ipəkdən istifadə olunur. Əl sənətləri arasında ən məşhuru və ən qədimi Telkari adlanır. Orada gümüşün işlənib incə tel halına gətirilməsi üsuluna telkari deyilir. Yəni Telkari sənətiylə gümüşdən kəmər, boyunbağı, bilərzik, sırğa, iynə, başlıq kimi bijüteriyaaksessuarlar hazırlanır. Toxuculuq da bir ailə sənəti olaraq uzun illərdir davam etdirilir. Süni ipəkdən, pambıq ipliyindən və yun ipliyindən istifadə edilir, toxuma dəzgahlarında parçalar toxunur, şalvarlar və digər geyimlər tikilir. Bəybazarında "ipəkli bürgü" bu mahala xas toxuma işidir. Bürgü isə qadınların örtmək üçün istifadə etdiyi örtük növüdür və qədim dövrlərdən üzübəri toxuculuğun əsas məhsullarından biridir. Türkiyənin Qaziantəp, Şanlıurfa, MardinKilis kimi şəhərlərində də davam etdirilən yeməyiniçilik Beybazarı üçün olduqca əhəmiyyətli bir sənətdir. Yeməni isə dəridən hazırlanmış qısa dabanlı ayaqqabıdır. Onun hazırlanmasında müxtəlif rənglərə boyanmış dərilərdən istifadə edilir. Bindallı adlanan əl işləri də çox məşhurdur. Burda həm toxumadan, həm də iynə ilə işləmədən istifadə edilir. Toxuma işi olanya incə dəridən hazırlanmış bəzi geyimlərə yaxud əşyalara iynə ilə müxtəlif rəngli ipliklərdən istifadə etməklə bəzək, naxış vurulur. Məşhur və qədim sənətlərdən bir olan döymə misgərlikdən bəhrələnlər isə mis metallarını zindan üstündə çəkiclə döyməklə mətbəxdə istifadə edilən müxtəlif əşyaları, məsələn, qazan, tava, siqaretqabı və s. hazırlayırlar. 70 ildən çoxdur istifadə olunan dəmirçilik sənətinə bağlı olan insanlar isə yanan ocaqlarda yumşalan dəmirləri maşa ilə götürür, zindanın üstündə çəkiclə döyməklə müxtəlif əşyalar düzəldirlər. Bəybazarı Türkiyədə semercilik (at, eşşək və dəvələr üçün lazım olan əşyaların, məsələn, nalların hazırlanması və s.) adlı sənətin inkişaf etdirildiy nadir məkanlardan biridir. Bir zamanlar karvan yolu üzərində olan Bəybazarında sonradan nəqliyyat vasitələri dəyişsə də, hazırda da yeni istehsal və təmir xidməti baxımından semereçilərə ehtiyac duyanlar var. Saraçlık qədim dövrlərdə nəqliyyatda geniş şəkildə istifadə edilən at arabalarının gərəkli hissələrinin hazırlandığı bir sənətdir. Dəridən başqa materiallardan əşyalar hazırlayan ustalara isə saraç deyirlər. Bəybazarda hazırda yəhər, qayış s. üçün dəri əşyalarının təmiri istehsalı ilə məhz saraçlar məşğul olur.

 

 

   Vəfalı Təbriz

 

   Həftə içi.- 2012.- 2-4 iyun.-S.8-9.