Azərbaycan bayrağı Avropa zirvəsində

 

20 idmançımız İtaliyadan 20 medalla qayıdıb

  

25-27 may tarixlərində İtaliyanın Brescia şəhərində Kung FU üzrə Avropa çempionat baş tutub. Bu çempionatda Azərbaycan baş məşqiçisi Barat İsrafilovun rəhbərliyi altında 20 idmançı ilə təmsil olunub. Həmişə olduğu kimi, yenə də yığmamız yarışda uğurla iştirak edib. Belə ki, yığmamız İtaliyadan 12 qızıl, 5 gümüş və 3 bürünc medal gətirib.

Azərbaycan bayrağını qaldıran və dövlət himnimizi səsləndirən bu idmançılarımızla görüşüb yarış barədə onların fikirlərini öyrəndik. Yığmamızın liderlərindən və ən yaşlılarından sayılan, Avropa və üçqat dünya çempionu, yeniyetmələr üzrə milli komandanın baş məşqçisi Rövşən Həşimov bu yarışlara hələ mart ayından "Anar" İdman Klubunda hazırlıqlara başladıqlarını bildirdi. Onun sözlərinə görə, məşqlər yorucu olsa da, bunun qarşılığını alacaqlarına əmin idilər: "İlk döyüşüm Polşa idmançısı, ikincisi ev sahibi italyan, final görüşüm isə qardaş Türkiyə yığmasının üzvü ilə oldu. Yekunda qalib gələrək Avropa çempionu oldum".

İdmançımız bu çempionatı digərlərindən fərqləndirən cəhətin təşkilatçılıqla bağlı olduğunu dedi. Onun sözlərinə görə, hər şey yaxşı təşkil olunmuşdu, idmançılar üçün hər cür şərait yaradılmışdı. Buna görə Azərbaycan Kung FU federasiyasının prezidenti Barat İsrafilova təşəkkürünü bildirən 36 yaşlı həmsöhbətimiz 4 ildən sonra daha vuruşmayacağını söyləyir: "Amma o vaxta qədər 2 dəfə Avropa və 2 dəfə də dünya çempionu olmaq istəyirəm. Hazırda üçqat dünya çempionuyam. Beşqat niyə olmasın? 40 yaşımdan sonra isə məşqçiliklə məşğul olacağam".

Bu yarış Kung FU-nun "A" versiyasında çempion olan dördqat dunya və üçqat Avropa çempionu Ramiz Yaqnəliyev üçün uğurlu olub. Həmin yarışda 3-cü dəfə Avropa çempionu olan həmsöhbətimiz İtaliyaya çox ciddi hazırlaşdıqlarını bildirir: "Tək istəyim bayrağımızı İtaliyada dalğalandırmaq idi. Ona da nail oldum. Yarışa hazırlaşmağımıza getməyimizə köməyi olan hər kəsə təşəkkür edirəm".

Dünya və Avropa çempionu Murad Məmmədov isə İtaliyada bürünclə kifayətlənib. Yarış yüksək səviyyədə təşkil olunduğunu, ilk döyüşdə qalib gəldikdən sonra yarımfinala yüksəldim deyən Murad burda Türkiyə idmançısı olan rəqibi ilə bərabər nəticə göstərib. İkinci raunda xal hesabı ilə məğlub olan idmançımız "məğlubiyyətə bəhanə gətirmək istəmirəm, amma məğlub olmağıma səbəblərdən biri qolumdakı zədə oldu" deyir.

İkinci dəfə Avropa çempionu olan Zaur Məmmədov da yarışdan ağızdolusu danışdı: "Brescia şəhəri çox gözəldi. İtaliyanların yarışa olan marağı da böyük idi. Bu yarışda qalib olmağında köməyi olan Azərbaycan Barat İsrafilov və "Anar" İdman Klubunun prezidenti Rövşən Həşimova təşəkkür edirəm".

Gənclər arasında Avropa çempionu olan Şahmar Əlməmmədov isə ilk uğurunu ötən ilin noyabrında ABŞ-da qazanıb. Burada keçirilən dünya çempionatında ikinci yeri tutan Şahmar Əlməmmədov finalda püşk atmanın nəticələrinə görə, döyüş keçirmədən yarımfinala çıxıb: "Yarımfinalda İtaliya idmançısı ilə qarşılaşdım və onu nakaut etdim. Finalda yenə rəqibim İtalyan idi. amma o, döyüşdən imtina etdiyinə görə mən Avropa çempionu oldum".

 

 

Cəfər Cəfərov,

Baki Avrasiya Universitetinin

IV kurs tələbəsi

fəlsəfə üzrə fəlsəfə doktoru

 

Həftə içi.- 2012.- 5 iyun.- S.8.