Tanrının
qulu Əmir Teymur...
Topallığı ilə böyük
bir imperiya qurmuş sərkərdə adını tarixə
necə yazdırdı?
O, böyük sərkərdə, imperiya qurucusu kimi
özünü çox tez təsdiqləyə və
tanıda bilmişdi. Onun imperiyası şimalda Dərbənd
keçidi, Volqa və İrtış çaylarından
başlayaraq cənubda İran körfəzinədək, Şərqdə
Qobi səhrasının hüdudları və Qanq
çayı sahillərindən qərbdə Balkan
yarımadasınadək geniş bir ərazini əhatə
edirdi. "Əmir Teymur", "Teymurləng", "Sultan
Teymur", "Topal Teymur" adı ilə tarixdə qalan sərkərdə
haqqında indi də bilmədiklərimiz çox şeylər
var.
Əmir Teymur Azərbaycana
hücumu zamanı yorğunluğunu çıxarmaq
üçün bir diyarda məskunlaşır. O öz vəzirindən
soruşur ki, qarşıdakı dağın adını xəbər
alır. Vəzir cavabında "Ağrıdağdır"
deyir. Teymur qarşıdan axan çayın da adını
soruşur və onun "Əyriçay" olduğunu
öyrənir. Teymur bir müddət
sonra - "bu kəndin adı nədir"
deyə sual edir. Vəzir cavab verir ki, "Qibleyi-aləm, bu, Oğrukənddir".
Teymur qəzəblənib qoşuna
buranı tərk eləmək əmri
verir: "Buranın ağrısı da, əyrisi də,
oğrusu da öz içindədir. Daha mənim
buranı işğal eləməyimə ehtiyac yoxdur".
Əmir Teymur
tam hüquqlu hakim olanda başqa hakimlər
kimi xan titulunu götürməyərək "Böyük əmir"
rütbəsiylə kifayətlənir. Ölkənin
paytaxtı kimi Səmərqəndi seçəndən sonra
ona ölkənin sərhədlərində sakitliyi və
daxilində səliqə-sahmanı bərqərarına 9 il lazım gəlir.
Ölkənin
müdafiəsi üstündə
baş sındırarkən əmir Teymur
özü üçün 3 qanun müəyyyən edərək
ömrünün sonunacan onlara sadiq qalır: öz ərazində
müharibə eləməmək, müdafiəyə baş
qoşmamaq və düşmənin zərbəsindən əvvəl
həmlə eləmək.
Ordunun və
ölkənin möhkəmlənməsində
Teymur Çingizxanın təcrübəsindən istifadə
edirdi. O vaxt Çingizxan "Yasa" adlanan qanunlar
toplusu elan eləmişdi ki, bu qanunlar xalqın bütün həyatını
müəyyən eləyirdi. Qadağalar şəklində
elan olunmuş həyat tərzini təmin edən qaydalarda Əmir
Teymur bircə əsil-nəsil məsələsini
çıxarmışdı. İndi
bütün mükafatlar və rutbələr döyüş
meydanında qazanılırdı. Qoşunu
xalqla birləşdirmək məqsədilə əmir Teymur
monqolların buynuzlu bayraqlarını qızılı aypara
ilə əvəz edir.
Onun əsgərləri
hər yeni şəhərdə
sənətkarları soraqlayıb sağ-salamat Səmərqəndə
gətirməyə borclu idi. Əfsanəyə
görə, Dəməşqi yandırmazdan əvvəl Teymur
məşhur məscidin gümbəzinin layihəsini
çıxarmağı əmr edib ki, sonradan onu Səmərqənddə
quraşdıra bilsin. İtirdiyi sevimli
adamların da xatirəsinə abidələr ucaldardı.
Bibi Xanım məscidi sevimli arvadı
Alcay-ağanın xatirəsinə tikilib. Sevimli
nəvəsini itirəndə isə Qur-Əmir məqbərəsinin
tikintisinə əmr verir. Gələcəkdə
həmin məqbərədə onun öz tabutu və Teymurilərdən
bir neçəsi də rahatlıq tapacaqdı.
Topal, amma
güclü və cəsarətli
Əmir Teymurun hərəkətləri,
səfərləri haqqında çoxsaylı məlumatlar
yazmış tarixçilər onun görkəmi barədə
çox az təsvirlər qoyublar. Əmirin əsiri ərəb İbn Arabşah onu
hündür boylu, iri kəlləli və hündür
alınlı kimi təsvir edir. Onun yazdığına
görə, Teymur çox güclü, cəsarətli, əla
bədən quruluşlu, enli kürək kişi
idi. Uzun saqqal saxlayırdı, bir
ayağını çəkdiyinə görə ona həm də
"Topal Teymur" deyirdilər. Elə
"Teymurləng" adının da bundan yarandığı
bildirilir.
1941-ci il 22 iyunda Qur-Əmir məqbərəsindən
çıxarılmış sümüklərə əsasən
əmirin portretini yaratmış antropoloq Gerasimov da bu təsvirə
uyğun nəticələr əldə eləmişdi. Gerasimov sümüklərin sahibinin
ayağını çəkməsini və əlinin
qurumasını təsdiq eləmişdi. Alimin
təsvirinə inansaq Teymur monqoloid yox, avropalı görkəmində
idi. Teymurun vaxtından qabaq
ağarmış kürən saçları və uzun
bığları vardı. Saçın
binokulyar altında tədqiqi saçların kürənliyinin
tarixçilərin dediyi kimi, xına ilə rənglənmiş
yox, təbii olmasını təsdiqləyib.
Tarixi gerçəklik, yoxsa uydurma?
Orta əsr bioqrafları Teymurun fitri yaddaş sahibi olduğunu, türk,
fars dillərini bildiyini yazırlar. Hətta Əmir Teymur dahi sərkərdə və qəhrəmanların
tarixçələrini çox yaxşı bilir və
döyüşdən qabaq əsgərləri ruhlandırmaq
üçün onlara danışarmış. Bununla belə, tarixçilər yazır ki, Teymur
yazıb oxumağı bilmirdi. Savadsız adam
müsəlman tarixçilərindən ən biliklilərindən
olan İbn-Həldunu necə məftun edə bilərdi ki?
Həmin ciddi-cəhdlə
tarixçilər Əmir
Teymuru böyük şəhərləri başabaş
qılıncdan keçirən, qansız və rəhmsiz qəssab
kimi qələmə verirlər. Onun
İran səfəri zamanı İsfahanda 70 min adamın
başını üzüb kəllələrdən qüllə
yaratdığından çox danışırlar. Guya, Xorasan şəhəri Səbzəvarda o,
adamları diri-diri divara hördürüb inildəyən
canlı divarlar yaratmışdı.
Guya, Misiri
zəbt eləyəndə
Əmir Teymur bir damcı müsəlman qanı
axıtmayacağına söz verdiyindən xristianları
qılıncdan keçirir və müsəlmanları
diri-diri torpağa basdırırmış. Tarixçilər Teymurləngin qaniçənliyini
fiziki əzablarıyla bağlayırlar.
Bununla belə,
hazırda Əmir
Teymurun törətdiyi "vəhşiliklər"dən təsdiq
olunmuş bir sübut belə, məlum deyil. Heç kəsilmiş başlardan ibarət qüllələrin
bir fraqmentini arxeoloji qazıntılar da ortaya
çıxarmayıb.
Ağa-qul münasibətlərindən dostluğa
Əmir
Teymur ruhanilərə, dərvişlərə xüsusi
hörmətlə yanaşıb. O, insanları küfr
elan edilmiş (fəlsəfə və məntiqlə maraqlanmaq)
işlərlə məşğul olmağa qoymur və
böyük gəlir gətirməsinə baxmayaraq, ticarət
şəhərlərində əyləncə yerlərini
bağlatdırmaqla dinin qadağalarına riayət etməyə
çalışırdı. Teymur Allaha dərindən
inanır, daim yanında "Quran" gəzdirir və
mütaliə edirdi. Ustadı Seyid Bərkə
onun ən yaxın adamı və məsləhətçisi
olub. Teymur qılınc hesabına
qazandıqlarını öz dualarıyla möhkəmləndirirdi.
Böyük fateh öz məktublarını "Mən,
Tanrının qulu Teymur.." sözləri
ilə başlayırdı. Ölüm
yatağında isə o, Seyid Bərkənin ayaqları
altında basdırılmağı vəsiyyət etmişdi.
Əmir Teymur
düşmənə qarış
amansız idi, lakin onunla açıq döyüşə girən
igid sərkərdələri yüksək qiymətləndirirdi.
Azərbaycanda Əmir Altın 300 nəfərlik
qüvvə ilə uzun müddət Əlincə
qalasını Teymurun ordusundan müdafiə etmişdi.
Onun Mərənd hakimi tərəfindən xaincəsinə
öldürüldüyünü eşidəndə Teymur buna
təssüflənmiş, qatili həbs edib edam
etdirmişdi. Böyük fateh əsir
götürdüyü İldırım Bəyazidə də
ehtiramla yanaşırdı. Onunla tez-tez fəlsəfi
söhbətlər edir, şahmat oynayırdı.
Teymur ağıllı
adamları sevər və
onlara hörmətlə yanaşarmış. O, I
İbrahim Məhəmmədi də bu səbəbdən
sevirmiş. Həmin dövrdə türklər
hədiyyə apardıqları adama hər şeydən 9 ədəd
verərmiş. Bu qaydalara riayət edən
Şeyx İbrahim də Teymurun hüzuruna özüylə 8
qul aparır. Teymur ondan "niyə 8
qul?" soruşanda, İbrahim "doqquzuncu qul mən
özüməm" cavabını verir. Bu
söz Teymurun o qədər xoşuna gəlir ki, onu Şirvan
və Şamaxının rəsmi hakimi elan edir. Tədricən I İbrahimlə Əmir Teymur
arasında ağa-qul münasibətləri dostluğa
keçir. İbrahim ona xərac vermirdi,
amma Teymurun yolu Şirvana düşəndə təmtəraqlı
ziyafətlər verməklə, qiymətli hədiyyələr
göndərməklə kifayətlənirdi. Azərbaycana yolu düşəndə Teymur tez-tez
düşərgəsini Qarabağda salırdı. O,
monqolların dağıtdığı Beyləqanı
abadlaşdırır, Arazdan suvarma kanalı çəkdirir.
Müharibə səbəbkarı
qəbr
Xalq arasında belə bir inam vardı
ki, böyük sərkərdənin qəbrini
açanda yeni müharibələr ola bilər. 1941-ci ildə Əlişir
Nəvainin 500 illik yubileyi ərəfəsində
təşkilat komitəsinə
Teymurun məqbərəsini
açıb materialları
tədqiq eləməyə
icazə verildi. Qazıntılar 16 iyunda başlayır.
Əvvəl nəvəsi Uluqbəyin
oğullarını, sonra
Teymurun oğulları
Miranşah və Şahruhun cənazəsini
yerindən çıxarırlar.
Əmir Teymurun qəbir daşını yerindən
tərpədəndə ətrafa
boğucu qətran, kamfora, qızılgül və büxur ətrindən qarışıq
boğucu qoxu yayıldı. Alimlər iyunun
21-dən 22-nə keçən gecə Teymurun sərdabəsinə düşürlər.
Bundan bir saat keçmiş
Almaniya SSRİ-yə hücum haqqında elan verir. Buna baxmayaraq, Teymurun
sümükləri qəbirdən
çıxarılıb Moskvaya
gətirilir. Stalin taleyini
bir az
da sınamaqdan çəkinib sümüklərini
yerinə qaytarmaq əmri verir.
Nigar İxtiyarqızı
Həftə içi.- 2012.- 30 iyun -2
iyul.- S.16.