Türk
dünyasının qeyri-maddi mədəni
irs paytaxtı
Bu il Şəki şəhərində müxtəlif
tədbirlər, festivallar, simpoziumlar, ustad dərsləri, dəyirmi
masalar keçiriləcəyi planlaşdırılır.
Şəki şəhəri Tatarıstanın Elabuqa və
Başqırdıstanın Ufa şəhərləri ilə
birgə türk dünyasının 2012-ci il üçün
qeyri-maddi mədəni irs paytaxtı elan olunub. Bu, TÜRKSOY-un
ötən ilin sentyabrında Rusiya Federasiyasının
Tatarıstan Respublikasında keçirilən IV
seminarının yekun rəyinə əsasən müəyyənləşdirilib.
Şəhər icra hakimiyyəti başçısının
müavini Zərinə Cavadova mətbuata
açıqlamasında bildirib ki, bu, qədim sənətkarlıq
ənənələri ilə seçilən Şəkiyə
göstərilən çox böyük etimaddır. O qeyd
edib ki, Şəkinin 2012-ci il üçün türk
dünyasının qeyri-maddi mədəni irs paytaxtı elan
edilməsi heç də təsadüfi deyildir. Qədim
dövlətçilik ənənələri, zəngin tarixə
malik olan bu şəhər, eyni zamanda, sənətin və sənətkarlığın
yüksək səviyyədə inkişaf etdiyi ərazilərdən
biri olub. El sənətkarlarının fədakar əməyi
sayəsində bu qədim şəhərdə çox zəngin
tarixi-mədəni irs yaranıb. Burada memarlıq, tətbiqi sənət,
ağac və sümük üzərində oyma,
dulusçuluq, misgərlik, şəbəkə, zərgərlik
və digər sənət növləri yüksək səviyyədə
inkişaf edib.
Şəki uzun illər Azərbaycanda, eləcə də
bütövlükdə Qafqazda ipəkçiliyin mərkəzi
olub. Özünəməxsus mətbəxi ilə ölkəmizin
hüdudlarından kənarda da yaxşı tanınan bu qədim
diyar dünya əhəmiyyətli tarix-memarlıq abidələri
ilə də məşhurdur. Şəki xanlarının
sarayı, Yuxarı və Aşağı Karvansaralar, Şəkixanovların
evi, Dairəvi məbəd, Cümə məscidi və onlarla
digər tarix-memarlıq abidələri maddi-mədəni
irsimizin ən gözəl nümunələridir. Təsadüfi
deyil ki, Azərbaycan Respublikası Mədəniyyət və
Turizm Nazirliyinin "2010-2014-cü illər üçün
Xalq Yaradıcılığı Paytaxtları"
proqramına əsasən, Şəki şəhəri 2010-cu
ildə "Azərbaycanın Sənətkarlıq
Paytaxtı" elan olunub.
Zərinə Cavadova bildirib ki, Şəki şəhərinin
2012-ci il üçün türk dünyasının
qeyri-maddi mədəni irs paytaxtı elan edilməsi ilə
bağlı təklif ilk olaraq Mədəniyyət və Turizm
Nazirliyi və TÜRKSOY-un birgə təşkilatçılığı
ilə 2010-cu il aprelin 28-də Şəkidə
keçirilmiş "Türkdilli xalqların qeyri-maddi mədəni
irsinin konvensiyalaşdırılması,
inventarlaşdırılması və
proqramlaşdırılması" mövzusunda III beynəlxalq
seminarda irəli sürülüb.
Nigar
Həftə içi.- 2012.- 6 mart.- S. 8.