"Qadına ən gözəl hədiyyə diqqət, qayğı və sevgidir"

 

    İnsanlıq qadının gözəlliyini qəbul etdiyi kimi, bacarığını, qabiliyyətini, ağlını da qəbul edir. Əslində bəşəriyyət qadına daha çox minnətdar olmalıdır. Çünki hər böyük şəxsiyyətin arxasında bir qadın dayanır. Bütün gözəllikləri və varlığı onlar öz incəlikləri ilə yaradırlar. Jalə xanım da belələrindəndir...

   "Bu günün Azərbaycan qadını ailədə həyat yoldaşına daha yaxın dost, iş yerində idarəçiliyə daha yaxından cəlb olunmuş əməkdaş, cəmiyyətdə isə sosial problemləri daha yaxından görən və onları həll etmək arzusunda olan vətəndaşdır". Bu onun Azərbaycan qadını haqqında dediyi sadəcə bir cümlədir. O, özü də cəmiyyətin fəal qadınları sırasındadır və bu gün ölkənin ictimai həyatında onun kimi fəal qadınlara çox ehtiyac var.

   Müsahibim yenicə "Əməkdar müəllim" fəxri adına layiq görülmüş Xarici Dillər Universitetinin prorektoru Qəribova Jalə Əhməd qızıdır. Onunla söhbətimiz də elə özü və qadının cəmiyyətdə rolu barədə oldu...

   - Bu gün Azərbaycan qadınına olan münasibət sizi qane edirmi?

   - Qadına münasibət insana olan münasibətdən ayrı deyil. Məncə, hər hansı bir cəmiyyətdə istər hüquqi-siyasi, istərsə də sosio-kulturoloji paradiqmalar insana münasibətin ədalət, qayğı və ehtiram əsasında qurulmasını təmin edə bilirsə, burada qadına qarşı münasibət də özü-özünə tənzimlənəcəkdir. Təbii ki, hər hansı bir cəmiyyətdə müəyyən səbəblərdən müxtəlif sosial, iqtisadi və sosiopsixoloji problemlərin yaşanması mümkündür. Və bunların nəticəsində toplum içərisində bəzən qeyri-adekvat davranış modelləri yaranır. Bunlar cinsindən asılı olmayaraq bütün insanlara təsir edir. Amma nədənsə şərq ölkələri ilə bağlı bu məsələ müzakirə olunduqda məhz qadınlara münasibət üzərində dayanılır. Azərbaycan mədəniyyətinin insana münasibət komponenti isə mərhəmət, qayğıkeşlik, qarşılıqlı hörmət, sədaqət, qarşılıqlı inam və paylaşım üzərində qurulub. Azərbaycanda qadına münasibət də tarixən bu paradiqmalar çərçivəsində formalaşıb. Azərbaycan cəmiyyətində qadının mövqeyinə gəldikdə isə məncə qadınlarımızın fəaliyyət miqyasına və onları aktiv fəaliyyətə həvəsləndirən istər hüquqi, istərsə də sosio-kulturoloji stimullar sisteminə nəzər salsaq, artıq şərhə ehtiyac qalmaz 

   - Gənclik illəriniz sovet dövrünə təsadüf edib. Bu günlə müqayisədə qadına verilən qiyməti necə qiymətləndirərdiniz?

   - Doğrusu, çətinlik çəkirəm. Çünki qadının Azərbaycan cəmiyyətində dəyəri hər zaman yüksək olub. Buna həm Şərq-İslam dünyasında qadına tanınan şərəf və ülviyyət, həm sovet siyasəti nəticəsində qadının yüksək ictimai mövqeyinin təmin edilməsi, həm də Azərbaycan cəmiyyətində insana münasibətin pozitiv tonlar üzərində qurulması səbəb olub. Lakin təbii ki, sovet dövründə qadının üzərinə düşən yük daha çox idi. Çalışqan və ictimai baxımdan fəal olan qadınların üzərinə Kommunist Partiyasının tələbləri çərçivəsndə müxtəlif əlavə işlər görmək, xüsusilə rayon və kənd yerlərində hansısa təsərrüfat planları vermək kimi məsuliyyətlər qoyulurdu. Bu baxımdan müasir dövrdə Azərbaycan qadınının həyat şəraiti asanlaşıb və onun ictimai fəaliyyətə zaman ayıra bilməsi mümkün olub. Digər tərəfdən, Azərbaycanın beynəlxalq inteqrasiyası əksər qadınlarımızda daha qlobal, daha müasir və daha işgüzar düşüncə tərzini formalaşdırıb. Bu isə öz növbəsində qadına qarşı istər onun ailəsi, istərsə də cəmiyyət tərəfindən qurulan münasibəti keyfiyyətcə dəyişməyə bilməz. Məncə, müasir Azərbaycan qadını ailədə həyat yoldaşına daha yaxın dost, iş yerində idarəçiliyə daha yaxından cəlb olunmuş əməkdaş, cəmiyyətdə isə sosial problemləri daha yaxından görən və onları həll etmək arzusunda olan vətəndaş olub.

   - Azərbaycan təhsili üçün gördüyünüz işlərə görə "Əməkdar müəllim" adına layiq görülmüsünüz. Bunun düsturu necədir? Digər həmkarlarınıza bu zirvəyə çatmaları üçün nə məsləhət görərdiniz?

   - İlk növbədə, məni belə bir yüksək ada layiq gördüyünə görə möhtərəm prezidentimizə və məni fəxri ad almaq üçün təqdim etmiş hər bir şəxsə öz minnətdarlığımı bildirmək istərdim. Əslində burada xüsusi bir düstur yoxdur. Hər şey yüksək məsuliyyət hissindən başlayır. Müəllimlikdə ən qorxulu xüsusiyyət arxayınçılıq hissidir. Müəllim hər dərsinə imtahana gedəcəkmiş kimi hazırlaşmalıdır, sadəcə tələbə qarşısında öz biliyini nümayiş etdirmək üçün deyil. Müasir müəllim tələbəyə bilik və bacarıqdan başqa müstəqil şəkildə öyrənməyi də öyrətməlidir. Digər tərəfdən, işə məhəbbət hissi olmalıdır. İnsan öz işini sevirsə, onun hər dəqiqəsindən zövq alır və bu onu yaradıcı olmağa sövq edir. Müəllimlik peşəsi üçün isə yaradıclıq çox vacibdir... Bir də insanları sevmək...

   - Karyera qurmaq qadın üçün o qədər də asan deyil. Bunun üçün mütləq nələri və ya kimlərisə qurban vermək lazımdırmı?

   - Ümumiyyətlə, insan həyatda heç bir şeyə tam şəkildə və ya sonadək sahiblənə bilmir və yəqin ki, sahiblənməli də deyil. Buna görə də "qurban vermək" mənim üçün bir qədər mücərrəd məfhumdur. Digər tərəfdən, "qurban vermək" kimi dəyərləndirdiyimiz bir hərəkət əslində "qurban verilənin" xeyrinə də yönələ bilər. Məsələn, çalışan qadınların ailələrinə daha az zaman sərf etdikləri bir reallıqdırsa, onların iş yerlərində müəyyən vərdişlər əxz etdiklərinə görə ailə daxilində daha keyfiyyətli münasibətlər qura bilmə bacarığı, müəyyən hallarda ailəyə iqtisadi cəhətdən dayaq ola bilmələri də həqiqətdir. Təbii ki, burada ümumiləşdirmələr aparmaq olmaz. Ailə həyatının müxtəlif mərhələlərində karyera inkişafı müxtəlif keyfiyyət nəticələrinə gətirib çıxara bilər. Məsələn, övladları daha kiçik olan analar üçün karyera inkişaf etdirmək təbii ki, daha çətin ola bilər.

   - Jalə xanım özünü daha çox rahat hiss edir: mətbəxtdə, yoxsa iş yerində?

   - Əksər qadınlarda olduğu kimi, mənim də ilk prioritetim ailəmdir.

   - Bu gün cəmiyyətdə qadına qarşı hansı münasibəti dəyişərdiniz?

   - Mən ümumiyyətlə, bəzi cəmiyyətlərdə qadınlarla kişilərin arasında süni rəqabət yaradılması meyillərinin aradan qalxmasını istərdim. Amma bir məsələni də qeyd etməyə bilmərəm: bəzən öz cəmiyyətimiz daxilində də "əxlaqi dəyərlər" məhfumunu tranformasiya etməyə meyilli olan və Azərbaycan cəmiyyətdə qadınlar üçün məqbul sayılan davranış prinsipərini qadınlara qarşı silaha çevirən insanların fikirləri ilə də rastlaşırıq. Belə fikirlər son zamanlar geniş insan kütləsinin seyr etdiyi televiziya ekranlarına da yol tapmışdır. Prinsipləri rəhbər tutmaq vacibdir, lakin bütün situasiyaların yalnız prinsiplər prizmasından dəyərləndirilməsinə aşırı aludəçilik məsələləri yalnız ya ağ ya da qara tonda görməklə nəticələnir. Hər hansı problemlə rastlaşmış, xətalarla üzləşmiş və ya özü müəyyən səbəbdən xəta törətmiş bir qadının cəmiyyətə reinteqrasiyasına insanlarımız daha açıq və daha hazır olsalar bundan cəmiyyətimiz yalnız fayda görəcəkdir.

   - Azərbaycan qadınının ictimai mühitdəki fəaliyyəti cəmiyyətin fəal qadını kimi sizi qane edirmi?

   - Bəli. Azərbaycan qadınının cəmiyyətin fəal üzvü olmasını sübut edən bir çox nümunələr var. Azərbaycan qadını peşəkar və sosial fəaliyyətə açıqdır, həvəslidir və nəticəyə yönümlüdür. Məncə, cəmiyyətimizin gələcək inkişafı qadınlarımızın fəaliyyətindən çox bəhrələnəcək.

   - Qadını zəif cinsin nümyəndəsi adlandırırlar. Bu sindromun qırılması üçün hansısa çevriliş lazımdırmı, yoxsa buna ehtiyac yoxdur?

   - Məncə, qadının güclü bir məxluq olması fikri artıq qəbul edilib. Söhbət fiziki gücdən getmir təbii ki. Qadınlar güclü mənəvi, psixoloji və intellektual potensiala malik insanlardır. Zəiflik adlandırdığınız o məziyyət əslində elə bu potensialın özüdür. Məncə, qadınların qüdrəti onların zəifliyində, kişilərin qüdrəti isə qadınları güclü görə bilmələrindədir.

   - Sizcə 8 martın tarixçəsini bilməyən qadınlara da hədiyyə verilməlidirmi? Yoxsa siz də "qadınlar hər halları ilə qadındır" deyənlərdənsiniz?

   - 8 mart simvolik bir bayrama çevrilib. Bu bayramın qeyd olunması yolları ilə onun tarixçəsi arasında demək olar ki, heç bir bağlılıq qalmayıb insanlar bunu sadəcə "qadınlar bayramı" olaraq qəbul edirlər. Mən 8 mart təbriklərini bu prinsip üzərində qurmazdım. Fürsətdən istifadə edərək, Nigar xanım, mən sizin bayramınızı təbrik edir sizə işlərinizdə uğurlar arzulayıram.  

   - Bir müəllimə ictimai qadına veriləcək ən gözəl hədiyyə nədir?

   - Müəllim üçün ən gözəl hədiyyə tələbələrinin ondan daha irəliyə gedə bilməsidir. İctimai fəal olan qadının da işinin, fəaliyyətinin qiymətləndirilməsi onun üçün ən dəyərli hədiyyədir. Amma bir müəllim və ya bir ictimai xadim həm də qadındırsa, təbii ki, bütün qadınlar kimi onun üçün də ən gözəl hədiyyə diqqət, qayğı və sevgi olacaqdır.

   - Bu günün qadınına necə, veriləcək ən gözəl hədiyyə nədir sizcə?

   - Hər bir dövrün qadınına verilən ən gözəl hədiyyə ona olan ehtiram və bəslənən ən ülvi hisslərdir.

 

 

   Nigar İxtiyarqızı

 

   Həftə içi.- 2012.- 8-9 mart.- S. 8.