Bəşəriyyətin prokuroruDostoyevski

 

   O, zadəgan titulu və zabit rütbəsi olan qatı inqilabçı, qumarbaz yazıçı, alçalmış və bədbəxtləri sevən məşuq idi

 

   O, 23 aprel 1849-cu ildə dövlətə qarşı başqaldırma iddiası ilə həbs edildi. Ölüm cəzası verildikdən sonra səkkiz ay həbsxanada qaldı.

   Edam edilmək üçün aparıldıqları meydana gedərkən qəfil Çar tərəfindən bağışlandılar. Edam cəzası sürgün ilə əvəz edildi. Cinayət və cəza qavramları ilə burda yaxından tanış olan yazıçı bu illərdə sara xəstəliyi səbəbi ilə dəfələrlə xəstəxanaya düşdü. Sürgündə keçirdiyi 4 ildən sonra 1854-cü ildə orduya girdi. Burda 5 il xidmət etdikdən sonra zabit rütbəsinə qədər yüksəldi.1857-ci ilin fevral ayında dul və vərəm əstəliyindən əziyyət çəkən Mariya Dmitrievna İsayeva ilə evləndi. Elə yazdığı romanların sujeti qədər drammatik həyat yaşayan bu şəxs dünyanın ən böyük drammaturqu Fyodır Dostayevskidir.

   1846-cı ildə Sankt-Peterburqun ədəbi səmasında Dostoyevski adında yeni ulduz parladı. Onu İvan Paneyevin gecələrində görmək olardı. Məşhur tənqidçilərlə ünsiyyətdən qaçaraq otağın bir küncünə sığınıb evin xanımı Avdotyanı güdürdü. Gözəl, ağıllı, dildən zirək bu xanım onun xülyalarının qadınıydı. Nekrasova görə sonralar öz ərini atmış bu xanım əsəbi və xəstəhal gənci heç görmürdü. Dostoyevski özünə söz verir ki, mütləq məşhur yazıçı olacaq. Bax onda məğrur gözəl özü onun yanına qaça-qaça gələcək!

   Yazmağına yazırdı, amma tələsdiyindən ilk əsərləri alınmır. "Kasıb adamlar?" romanın Qriqoroviç və Nekrasova oxuyandan sonra onlar "Yeni Qoqol doğulub" sözləriylə birgə əsəri Belinskiyə göstərdilər. O isə "Siz anlayırmısız ki, nələr yazmısız? Ola bilməz ki, 20 yaşında bunu başa düşürsüz! Həqiqət Sizə bəllidir, özünüzə sadiq olsanız, dahi yazıçı olarsız" deməklə Dostoyevskiyə qol-qanad vermişdi. Vaxtını öldürmək arzusuyla o, Petraşevskinin dərnəyinə getməyə başlayır. Orda cavanlar toplaşır, çay içə-içə qadağan olunmuş ədəbiyyat oxuyaraq respublika haqqında arzularını bölüşürdülər. Təbiətcə monarxist olsa da, onun bu dərnəyə ürəyi yatırdı. Amma bu "çay içmələrin" sonu yaxşı qurtarmadı. İmperator Birinci Nikolay "çay həvəskarları"nın törətdiklərini yaxşı bildiyindən hamısını həbs eləyir. Dostoyevskiyə qarşı əsas ittihamlardan biri o idi ki, Belinskinin Qoqola məktubunu oxuyanda oradaymış. İstintaq zamanı dostlarından heç kimi satmadığına görə onu ən qatı inqilabçı adlandıraraq zadəgan rütbəsi və varidatdan məhrum edərək Petropavlov qəsrində 9 ay saxlayandan sonra ölümə məhkum edirlər. İmperatorun şəxsi əlavəsinə görə ölüm hökmünün ləğvi güllələnməkçün düzülüb, hətta atəş əmri veriləndən sonra elan edilməliydi. Sonra Dostoyevskinin əl-ayağını qandallayıb Oma qəsrinə sürgünə göndərirlər.

  

   Cinayətin ardınca gələn cəza...

  

   Sonrakı 4 ili Dostoyevskinin həyatında ən çətin illərdəndir. Zadəgan əsilli yazıçı əyyaşlar, oğrular və adamöldürənlər arasına düşür. Buralara düşənlər bir neçə gündən sonra hamı kimi olmasa, onu nifrət obyektinə çevirirlər. Dostoyevski sınmadı və məhz sürgündə həyatın üzünü, insan xasiyyətlərini, bir şəxsin içində həm yaxşı, həm də pis keyfiyyətlərin olmasını, həqiqət və yalanı tanıdı. Ən vacibi o, Allahı tanıdı və inandı ki, cinayətin ardınca mütləq cəza gəlməlidi. Sibir türməsindəki həyatını Dostoyevski "Ölü evdən məktublar" əsərində təsvir edib. 4 ildən sonra Dostoyevski məhkəmənin qərarıyla Semipalatinsk polkuna sıravi əsgər kimi təyin edilir. Tədricən ona zadəgan titulunuzabit rütbəsini də qaytarırlar. O, dövrdə bu, çox nadir hadisəydi. Bunu imperatorun Dostoyevskini yazıçı kimi qiymətləndirməsi kimi də qəbul etmək olar.

 

   Əzabkeş, yetim, alçalmış və bədbəxtləri sevən...

  

   Şimşək kimi birdən çaxan sevgi yeknəsəq əsgər həyatına işıq saçır. Mariya İsayeva öz sərxoş ərindən əzab çəkdiyinə görə Dostoyevskinin diqqətini çəkir. Axı o, həmişə əzabkeş, yetim, alçalmış və bədbəxtləri sevirdi. Marya Dmitriyevna ərinin ölmündən sonra Dostoyevskinin vurğunluğunu bilsə də, yerli müəllimə vurulmağa da imkan tapa bilmişdi. Taleyin bu zərbəsi altında özünü öldürmək haqqında fikirlər yazıçını rahat buraxmırdı. Bu, sevgidən çox sayıqlamaya, qarabasmaya, xəyala, ağılsızlığa bənzəyirdi. Nədənsə birdən-birə Dostoyevskiyə ərə getməyə qərar vermiş bu xanım özü isterikalardaimi başağrılarından əziyyət çəkirdi. Dostoyevskiyə qarşı onsuz da soyuq olan bu qadın ilk toy gecəsində həyəcan və əsəbdən epileptik tutmaya düşən yeni ərini yerdə uzanıb ağzı köpüklü çırpıntılarda qovrulan görəndən sonra hiss elədiyi ikrah hissini ömrü boyu unuda bilmədi.

  

   "Nahaq sənə ərə gəldim, sənsiz daha yaxşı olardı"

  

   Peterburqa gələn kimi hər şeyin necə də dəyişdiyini hiss edən Dostoyevski söz azadlığı, qəzet və jurnal bolluğuna baş vurdu. Qardaşının açdığı "Zaman" jurnalı qısa müddətdə ölkədə baş verən hadisələrə reaksiya verən çap orqanına çevrildi. Ədəbi fəaliyyətin gətirdiyi sevinc nə qədər böyük olsa da, yazmaq əzabı, yuxusuz gecələrə, arvadının "Nahaq sənə ərə getdim, sənsiz daha yaxşı olardı" kimi deyinmələrinə dözmək lazımıydı. Ona görə də cavan Polina Suslovayla görüşü onun özünə əminliyini geri qaytara bildi. Polina onun həyatına kometa kimi birdən soxuldu və yenidən sevgidən əzab çəkməyə vadar elədi. Onlar əvvəl redaksiyada, sonra orda-burda gizlincə görüşməyə başladılar. 40 yaşlı Dostoyevski 22 yaşlı Polinanın yanında yaşını heç hiss eləmirdi. Dostoyevski bu qızda ehtiras oyadandan sonra onun qabağını özüala bilmədi. Tədricən sevgi münasibətləri mübarizəyə çevrilir. Başını götürüb Parisə qaçan Palinanın ardınca necə gedəydi? Xəstə arvadı, borclar, yarımçıq romanlar aman versəydi! Borc elədiyi pullar yolun yarısına çıtırdı. Yenidən ruletka onu xilas edəcəkdi. Qəribədi, bu dəfə həmişəkindən fərqli olaraq uduzmadı, udduqlarını bərk-bərk gizlədib Parisə doğru qaçdı. Cibində udduğu 5000 frank arvadı Mariya Dmitriyevnaoğulluğunun təminatı üçün kifayət eləməliydi. Polina onu soyuq qarşıladı. Bu müddətdə o, ispan Salvodora vurulmağa imkan tapmışdı. Dostoyevski bilirdi ki, Palina onuvaxtsa atacaq, amma indi o, buna hazır deyildi. Ölüm yatağında uzanmış arvadının da obrazı rahat buraxmırdı. Palinaya karnaval kimi rəngarəng həyat vəd eləmiş ispan tezliklə onu atdı. Onu yalnız ruletka xilas edə bilərdi. Yalnız qumarxanada Palina ilə birgə bütün dünyanı da unuda bilərdi. O, oyun sevən deyildi, oyun xəstəsiydi. Həmişə də uduzardı. Vəziyyət o qədər pis idi ki, geriyə Rusiyaya qayıtmaqçün Polina öz saatını da Dostoyevskinin lombardlardan çıxmayan saatının yanında girov qoymalı olur.

  

   "Onun yerində olsaydın nə edərdin?"

  

   Sonrakı illər də yaxşı heç nə vəd eləmirdi. Arvadı Mariya yazda vərəmdən vəfat edir, qardaşı Mixail yayda dünyasını dəyişir. Başını yalnız problemlərin həlliylə qata bilərdi. Qardaşından qalan 25 minlik borcu ödəyib ailəni müflis olmaqdan xilas etməkçün öz adına veksellər ödəyir və qohumlarını öz qanadının altına çəkir. Yeni jurnal yaratmaq cəhdləri yeni borcların yaranmasına gətirir. İş o yerə çatır ki, kreditorlar onu borca görə türməyə salmaqla hədələməyə başlayırlar. Bu vaxt onun qarşısına Stellovskiy adlı nəşriyyatçı çıxır. Onların bağladığı müqaviləyə əsasən Dostoyevskinin üç cildlik kitabı çap olunmalıydı. Buna görə Dostoyevski 3 min alacaqdı. Müqavilədə belə müddəa da vardı ki, yazıçı müəyyən olunmuş müddətə yeni romanını təhvil verə bilməsəydi, sonra yazılan bütün əsərlərinə müəlliflik hüququnu naşirə verməliydi. Dostoyevski bu şərtlərə də razılaşmalı olur. İş elə gətirir ki, vəd olunmuş romanın vaxtına çox az qalsa da, Dostoyevski bir cümlə də yazmamışdı. Dostlarının məsləhətiylə o, Snitkina Anna Qriqoryevnanı stenoqrafçı kimi dəvət edərək "Qumarbaz" romanını ona diqtə eləyir. Romanın bitib təhvil edildiyi anda Dostoyevski başa düşür ki, Annadan ayrılmaq ona çox çətin olacaq. Qızı anlatmaqçün cavan qıza vurulmuş qoca sənətkar haqqında əhvalatı uydurur. Əlbəttə ki, Anna yazıçının üzünün əsməsi və səsinin titrəməsindən əhvalatın əsl personajlarının kim olduğunu anlayır. "Onun yerində olsaydın nə edərdin" sualına qız "Mən sizi sevirəm, və ömür boyu sevəcəm" cavabını verir.

  

   Qumarbazlığın dərmanı yoxdu!!!

  

   Dostoyevski həmişə tutqun və əsəbi olur, Anna onu gözləyərək, adətən, tənha yatırdı. Kiçicik şeylərə görə qısqanclıq səhnələri quraşdırıb çığıran yazıçıyla yola getməyə səbr lazımıydı. Cavan arvadını dəlicəsinə sevsə də, onların həyatı pul çatışmamazlığı, bu qadını gözü götürməyən qohumların dığdığı, oğulluğunun xain hərəkətləri və böhtanları həyatını tamamilə dözülməz eləyir. Dostoyevski ya bunlara dözməli, ya da Annanın təkidiylə xaricdə yaşamalıydı. Bir əlindən qələmi buraxmayan yazıçı o biri əliylə yenə də ruletkadan yapışmışdı. Bütün pulları- ailənin ehtiyatını, borc götürülmüş vəsiatin hamısını, hələ yazılmamış kitablarının qonorarını da uduzur. O, arvadına toyqabağı bağışladığı qızılları və nişan üzüyünü sələmçiyə verməkdən də çəkinmir. Ona görə də "İdiot"u yazanda o, ucuz daxmadaimi ehtiyacla barışmalıydı. Anna başa düşəndə ki, qumarbazlığın dərmanı yoxdu, sakitləşdi. Sonuncu pulunu da Dostoyevskiyə verib qumarxanaya yola saldı. Bunu da uduzandan sonra yazıçı tövbə elədi. Xaricdə keçirdikləri bu 4 il ərzində baş verənlər - onun epileptik tutmaları, qumarxanalara ehtirası, doğulandan sonra tezliklə məhv olmuş qızları hər ikisini bir-birinə o qədər yaxınlaşdırdı ki, sonra Rusiyaya qayıdıb gələndən sonra gözəl ailə kimi yaşadılar. Mələk saydığı arvadıyla yaşadığı sonrakı 10 il bircə dəfə, o da oğlu Alekseyin ölümünə görə qanı qaralmışdı.

  

   "Bilirəm, bu gün öləcəm"

  

   Peterburqa qayıdandan sonra nəhayət ki, həyatının işıqlı zolağına növbə çatır. "Karamazov qardaşları", "Yazıçının gündəliyi" yazılır, uşaqlar doğulur. Yanında sevən və onu anlayan qadını var. İnsana daha nə lazımdı ki? 70-ci illlərdə Dostoyevski istedadının və uğurunun yüksək nöqtəsində olur. Onu tez-tez xeyriyyə gecələrinə dəvət edirlər. O, tanınmış və məşhurdur. Elmlər Akademiyasına rus dili üzrə müxbir üzv seçirlər.

   Dostoyevskinin həyatında sonuncu ən böyük hadisə onun Puşkinin abidəsi qarşısında söylədiyi nitqi oldu. Bu hadisəni müşahidə edənlər deyir ki, camatın içindən bir cavan oğlan çıxıb Dostoyevskinin əlini sıxandan sonra hissiyyatından ürəyi də gedibmiş. Hamı dağılışandan sonra Dostoyevski özü abidəyə yaxınlaşıb böyük sənətkar qarşısında yerəcən təzim eləmişdi. Ömrünün sonuna yaxın həkimlər ağ ciyərlərindəki vəziyyətlə bağlı özünü fiziki işdən və həyəcandan qorumağı tapşırmışdılar. Bir gün qələmi əyilib götürəndə kitab şkafını yerindən tərpətməli olmuşdu. Bundan sonra boğazından gələn qanı günlərlə saxlamaq mümkün olmadı. Öləcəyi günü səhər gözünü "Bilirəm, bu gün öləcəm" sözləriylə açmışdı. Dahi yazıçıyla görüşməyə minlərlə insan toplaşmışdı.

 

 

  Nigar İxtiyarqızı

 

  Həftə içi.- 2012.- 10-12 mart.- S.16.