Adını tarixə yazmış qəhrəman
Bir gün İsgəndər
Zülqərneynə dedilər: "Az qala dünyanın
yarısına hakimsən, varın, dövlətin sahibisən,
bir neçə arvad al ki, səndən yadigar qalan çoxlu
oğul-uşağın olsun.
- "Bu dünyada
kişidən oğul-uşaq yox, xoş əməl, təmiz
ad qalar", - dedi böyük hökmdar.
Xalqımızın
igid oğlu Aydın Şəmiyev də saflıq, paklıq,
haqq, ədalət və təmizlik simvolu olaraq
köçdü qəlbimizə. Qürur
duyacağımız, ziyarətinə gedəcəyimiz, and
yerimizə çevrildi. Müqəddəs ruhu müqəddəs
torpağın ruhuna qovuşdu.
Onun
agrılı-acılı günlərdə,
döyüşün qızğın vaxtında əlinə
fürsət düşən kimi cızmaqara elədiyi
gündəlikdən sətirlər:
"Doğuluruq, ayaq
açıb böyüyürük. Körpəlikdən
uşaqlığa, uşaqlıqdan gəncliyə, gənclikdən
ahıllığa, ahıllıqdan qocalığa gecikirik.
Qocalıqdan da Tanrı dərgahına yol gedirik. Yəqin ki,
bu məqamlarda ən saf, ən təmiz dönəm körpəlikdir.
Ancaq nədənsə körpəlikdən
uşaqlığa, sonra ömrün müəyyən mərhələlərinə
doğru yol gələn bizlər-insanlar böyüdükcə
qəlbimizdə pisliklər, şər işlərə meyil
daha çox hiss olunmağa başlayır. Bu hisslər
böyüyüb içimizdəki şeytan xislətinə
çevriləndə fəlakətlər, müharibələr,
müsibətlər baş verir. Allahın yaratdığı
insan öz həmcinsinin qatilinə çevrilir.
İnsanlıq insanlığa qarşı durur, bəşəri
hisslər unudulur".
Aydın Musa oğlu
Şəmiyev keçmiş SSRİ DTK-da (1976)
çalışıb. Lerik, Lənkəran, Biləsuvar
rayonlarında fəaliyyətini davam etdirib. Təlükəsizlik
orqanlarında işlədiyi vaxtlarda kənd və rayon sovetlərinin
deputatı və rayon partiya komitəsinin büro üzvü
seçilib. Bacarığı, peşəkarlığı,
uzaqgörənliyi, istedadı və təcrübəsiylə
hər zaman həmkarlarından fərqlənib. Hər zaman
işinə can yandırıb, hər kəsə əl tutub.
Bütün bunlar ona 2-ci və 1-ci dərəcəli "Səhəd
Qoşunları Əlaçısı" döş
nişanları, SSRİ silahlı qüvvələrin 60 və
70 illiyi münasibətilə "Qüsursuz xidmətə
görə" 3-cü və 2-ci dərəcəli medallarla
və Azərbaycan DTK-nın dəfələrlə fəxri fərmanı
qazandırıb.
Xatırlama: Aydın
Şəmiyev 1946-cı ildə Füzulinin Mahmudlu kəndində
doğulub. Seyidəhmədli kənd orta məktəbini gümüş
medalla bitirəndən sonra Azərbaycan Dövlət
Universitetinin (indiki BDU) mexanika-riyaziyyat fakültəsinə
daxil olub. Ali təhsili başa vurandan sonra isə Əbdürrəhmanlı
kənd məktəbində müəllim kimi fəaliyyətə
başlayıb.
O, yenilikçi idi,
elmin qəbul etdiyi prinsipləri və standartları qəbul
etmirdi. Onun baxış bucağı tətbiq edilmiş
çərçivəyə sığmırdı.
İntellektual biliyi ilə normativlərdən kənara
çıxaraq şagirdlərə ali insani duyğuları
aşılamaqla yanaşı, onları əsl vətənpərvər
kimi yetişdirirdi. Bu onun parlaq zəkasından xəbər verir. Aydın həmişə
yüksək ideyalar uğrunda
mübarizələrin öncüllərindən olub. İstər müəllim, istərsə
də DTK-nın yerli təşkilatlarının
rəisi vəzifəsində işlədiyi vaxtlarda
təşəbbüskarlığı,
professionallığı və müdrikliyi
onun dadına çatıb. Elə bu səbəbdən də xalq
arasında böyük hörmət və
nüfuz qazanıb.
Keçən əsrin
80-ci illərindən başlayan erməni separatizmi hamı kimi
Aydını da narahat edirdi. Qarabağda baş qaldıran bu
qiyam Vətən müharibəsinin əsasını qoydu.
Murdar xislətli qonşularımız ərazilərini
genişləndirmək məqsədilə təkcə 20-ci əsrdə
5 dəfə torpaqlarımıza soxulublar. Qeyrətli ər
igidlərimizin qarşısında yeniləcəklərini bilən
"hay"lar hər zaman olduğu kimi hiyləyə, fitnəkarlığa,
yalana əl atdılar. Özlərinə arxa bildikləri
"böyük qardaşlarına" sığınaraq
imdad, kömək dilədilər. Yenicə müstəqilliyinə
qədəm qoyan ordusuz, silahsız Azərbaycana qarşı
birlik yaratdılar. Acı da olsa, həqiqətdir ki, qanlı
"20 Yanvar" dəhşətindən sonra daha da ayaq
açdılar insan saymadığımız erməni vandalları.
Qarabağdan gələn qara xəbərlər artıq, tək
Qarabağı yox, ətraf əraziləri də
çulğamışdı.
Elə bu arada igid
soydaşımız Aydın Şəmiyev vəzifəsini
icra etmək üçün (onun xahişini nəzərə
almışdılar) Cəbrayıla yola düşdü. Məqsəd
ətraf kəndlərin məruz qaldığı erməni
basqınının qarşısını almaq, onları
torpaqlarımızdan birdəfəlik qovmaq idi.
Aydın yalnız
öz vəzifəsini icra etmirdi, o hər an soyuqdan kişnəyən,
istidən haray qoparan səngərlərdə əsgər və
polislərin yanında idi. Erməni quldurlarına tutarlı
cavab vermək üçün kifayət qədər
silah-sursatın olmaması Aydını qorxutmurdu. Ona görə
də əsgərləri geyim və hərbi texnika ilə təmin
etmək üçün bütün imkanlardan istifadə
etdi. Qısa zaman kəsiyində düşmən müdaxilələrinin
qarşısı qismən alındı. Ancaq düşmən
qüvvələri heç də geri çəkilmək istəmirdilər.
1990-cı ilin noyabrında Qışlaq kəndinə erməni
hücumları yenidən başladı. Ordu yox,
könüllülər pərakəndə, milislərin də
əksəriyyəti əliyalın. Postlarda əsasən ov
tüfəngləri, tək-tək avtomatlar və milislərin
tabel silahlarından istifadə edirdilər. Nə yaxşı
ki, Aydın Şəmiyevin Cəbrayıla gəlişi bu pərakəndə
dəstələrin qismən birliyinə və
silahlanmasına səbəb olmuşdu. Əhalidə əhvali-ruhiyyə
artmış, Aydının qorxmazlığı dildən-dilə
düşmüşdü. Hətta rayon camaatı "bəlkə,
Aydın gələndən sonra aydınlığa
çıxarıq, inşallah!", - deyirdi. Əslində
Aydının Cəbrayıla gəlişi insanların
qol-qanadını açmış,
döyüşçülərin vətənpərvərlik
ruhunu qaldırmışdı. Necə deyərlər, vur deyənlə,
vuran yarıdır.
Döyüşlər
bütün əyalətdə geniş vüsət almışdı.
Sirik, Yuxarı Məzrə, Doşulu kəndləri Hadrut
istiqamətindən güclü artilleriya atəşinə
tutulduqdan sonra qoşunların irəliləməsinə mane
olmaq üçün Aydın özü silaha sarıldı.
Komandan öndə olanda əsgərlər daha ürəkli
olar deyirlər. Aydının "haydı, irəli!"-
hayqırtısı dərələrdə əks- səda verəndə
düşmənin neçə-neçə canlı qüvvəsi
müqəvva kimi yerə sərilmişdi. Namərdlərin
bir çoxu ölümün cəngindən qurtarmaq
üçün qaçmağa üstünlük verdi. O
gün düşmən daha nələr itirmədi
silah-sursatdan savayı...
Döyüşlər
ara vermirdi. Bu arada Fransadan, Livandan gətirilən muzdlu qatillərin
ələ keçirilməsi bir çox faktların aşkar
edilməsində yardımçı oldu. Əsir
götürülmüş vətəndaşlarımızın
geri qaytarılması üçün DTK Qarabağ idarəsinin
rəisi Vladimir Qasumyanla əlaqə saxlayan Şəmiyev istəyinə
nail ola bildi. Təəssüf ki, ermənilər əsirlərin
ikisini yandırmışdılar.
1991-ci il, 16 noyabr.
Strateji əhəmiyyət daşıyan Şayaq kəndini
düşmənlərdən azad etmək üçün
hücum əmri verildi. Dəstənin tərkibində əksəriyyəti
könüllülər olmaqla, 30-a yaxın Xüsusi Təyinatlı
Polis nəfəri də vardı. Bu uğurlu əməliyyatda
xeyli düşmən texnikası qənimət kimi
götürülmüşdü. Ölən və
yaralananların sayı-hesabı yox idi.
Döyüşçülərimiz də itki vermişdi. Bu əməliyyatın
uğurla yerinə yetirilməsi də məhz Aydın Şəmiyevin
adıyla bağlıdı.
Axşamayaxın
Xüsusi təyinatlılar qan bahasına
aldığımız postu tərk edərək geri çəkildilər,
haradansa əmr gəlib, deyə. Onların postu tərk etməsi
düşmənin yeni bir hücumuna şərait yaratdı. Və
beləliklə, 17 nəfərlik milis dəstəsi mühasirəyə
düşdü. Hər tərəfdən əlaqə kəsilmişdi,
Aydının Daxili İşlər Nazirliyinə vurduğu zənglər
də cavabsız qalmışdı. Yaxınlıqda yerləşən
SSRİ Daxili Qoşunlarının qüvvələri də
bu hadisəni kənardan seyr etməklə kifayətlənirdilər.
Hər yerdən əli üzülən Şəmiyev Hadrutun
komendantı ilə əlaqə saxlamağı
düşündü. Rus komendant
dedi ki, Arkadi Tevasyan sizin milisləri doğramaqla hədələyir.
Çox
qəddar və namərd adamdır, həm də onu erməni əsgərləri komandan
kimi qəbul edir.
...Əlaqə
uzun çəksə
də, komendant razılıq verdi.
Bir şərtlə ki, yalnız Aydın Şəmiyevlə görüşəcək.
Belə olduğu halda Məmməd Məmmədov
(Aydının paqon yoldaşı) bu razılaşmanı pozmağa
çalışdı. Komendantın
məhz Aydınla görüşünə şübhə
ilə yanaşdı.
- Aydın,
getmə! Özün bilə-bilə ölümə
tərəf addımlayırsan.
- Yas
bir evdə olsa yaxşıdır, - dedi Aydın və gülə- gülə Məmmədi başdan-ayağa süzdü.
(Aydının qorxmazlığı,
mərdliyi yenə də dar məqamda
özünü büruzə
verdi).
Görüş baş tutmuş, əsirlər geri qatarılmışdı. Təəssüf ki, onlardan 4
nəfəri vəhşicəsinə
qətlə yetirilmişdi.
1993-cü ilin apreli. prezident Əbülfəz
Elçibəy vəziyyətlə
yerindəcə tanış
olmaq üçün
Cəbrayıl-Füzuli bölgəsinə
yola düşdü. Bu gözlənilməz səfər əhali arasında müsbət qarşılansa da, təəssüf ki, nəticəsiz oldu. Məhz bundan sonra bölgədə
vəziyyət getdikcə
ağırlaşmağa başladı.
Füzulinin Cuvarlı və
Qoçəhmədli kəndlərini
işğal edən erməni-rus hərbi birləşmələri Cəbrayıl-Füzuli
yolunu kəsməyə
çalışdılar. Aydın Şəmiyevin Daxili İşlər Nazirliyinə
və əlaqəli orqanlara müraciəti, sanki qulaqardına vurulurdu. Gecələr evində rahat
yatmadı Aydın, postlara baş çəkdi, planlar cızdı, əhalinin rifahı üçün
çalışdı, neçə-neçələrini
düşmən əsirliyindən
azad etdi.
Aydın Şəmiyevin
ölçüyəgəlməz rəşadəti və polad iradəsi neçələrinin ömür
yoluna bir çıraq olub. Bölgə əhalisi onun igidliyindən, qeyrətindən
danışıb həmişə.
Hələ sağlığında şəninə şeirlər
qoşulub, bayatılar
deyilib. Aydının
həmkarları, iş
yoldaşları, dostları,
döyüş yoldaşları
da qorxmazlıq nümunəsi olan, qaranlıq gecələrdən
aydınlığa yol
alan Aydın
təfəkkürünə, Aydın zəkasına, Aydın qəhrəmanlığına
həmişə inanıblar.
Avqustun 15-də ermənilər bir çox kəndləri işğal etdilər.
Həmin
gecə Aydının
başçılığı altında əks hücuma keçən döyüşçülərimiz kəndlərin bəzisini
geri qaytarmağa müvəffəq oldular.
Ancaq ermənilərin
növbəti əməliyyatı
əsgərlərimizin irəliləməsinə
mane ola bildi.
Artıq
Cəbrayıl işğal
ərəfəsində idi.
Aydın Şəmiyev
həmişə dövlətə,
dövlətçiliyə bağlı olub. 3 il bir rayonda, 5 il digərində
"köçəri" həyat sürüb. Özünə ev-eşik də
qurmayıb, sanki başqaları üçün
doğulub, başqaları
üçün çalışıb
həmişə. Ona görə
də Aydın haqqında söhbət düşəndə "o, evdən
getmədi, eldən getdi" deyirlər.
Həqiqətən də elin oğlu idi.
Aydının uzun illər təhlükəsizlik orqanlarında
fəaliyyətinə, 3 ildən
çox müharibə
zonasındakı iştirakına,
onlarla əsir və girovlarımızın
azad edilməsi yönündə apardığı
uğurlu danışıqlara
baxmayaraq, keçmiş
MTN rəhbərliyi, polkovnik-leytenantı
qədərincə qiymətləndirmədi.
Hələ bu azmış
kimi Cəbrayılın
işğalından sonra
Biləsuvarda peşə
fəaliyyətini davam
etdirən Şəmiyev
vəzifəsindən uzaqlaşdırıldı.
Yaşamaq üçün bir koması da yox idi.
Aldığı maaşı
da silah-sursata xərcləyirdi, "elnən
gələn qara gün toy-bayramdır",
- deyə.
"Sağ
olsun indiki rəhbərlik. Aydının 60 illik yubileyində
yığışıb gəlmişdilər.
Xeyli hədiyyə də gətirmişdilər. Aydının
dünya malında
gözü yox idi. Ancaq həmin gün
o məndən çox
rahat görünürdü.
Bəlkə də ilk
dəfə idi ki, unudulmadığını
hiss edirdi", - qəhrəmanımızın
ömür-gün yoldaşı
Şamama Rüstəmova
belə deyir.
Şair demişkən,
"Sağlığında qiymət verin insanlara". Bəs, o qiyməti
Şəmiyev ala bildimi?
Əsla yox! Ancaq o, hələ sağlığında
ikən cəsarəti
və rəşadəti
ilə "Azərbaycanın
Milli Qəhrəmanı"
səviyyəsinə yüksəldi.
Onun adı dillərə düşdü. Ancaq bu
ad rəsmi təsdiqini
tapdımı? Əsla
yox!
Cəbrayıl
bölgəsində ümidini
göydə Allaha, yerdə Aydına bağlayanlar o qədər
idi ki... Ancaq keçmiş rəhbərliyin
səriştəsizliyi Aydının
işıqlı yollarına
sanki keçilməz bir sədd çəkdi.
İndi Aydının
döyüş yoldaşlarının,
həmkarlarının və
onu sevənlərin, tanıyanların bircə
arzusu var: haqq-ədalət öz yerini tapsın. Qeyrətli və ər oğlumuzun gələcək nəsillərə
örnək ola
biləcək döyüş
yolu yenidən araşdırılsın. Və qəhrəmanlıq
tarixi yazan igid soydaşımıza layiq olduğu ən yüksək ad verilsin. Bu, hər
birimizin arzusudur.
Və inanırıq ki, Vətənimizin bütövlüyü,
xalqımızın rifahı
uğrunda daim çalışan möhtərəm
prezidentimiz və onun komandası bu və bu
kimi ər oğullarımızın şərəfli
yoluna bir işıq tutacaqlar.
Bax onda o işığın
nurunda azadlığın,
suverenliyin dadını
çıxaran xalqımızın
sevincdən dodağı
çatlayacaq. Bax onda bütün şəhidlərimizin
ruhu sevinəcək.
Allah rəhmət eləsin, Tanrı dərgahına qovuşanlara.
Aydın Şəmiyevin
ailəsində 3 övlad
böyüyür. Vətən sevdalı,
vətənpərvər ruhlu.
Tanrı
özü versin onların taleyini.
Bu yerdə
Hüseyn Cavidin bir beytini də
xatırlamağa dəyər:
Ölüm
var ki, həyat
qədər dəyərli,
Həyat var
ki, ölümdən də zəhərli.
Həyat qədər
dəyərli bir ömür yaşadı qəhrəman Aydın Şəmiyev. Yaşasaydı
bu gün 66 yaşı tamam olacaqdı...
Ötərxan ELTAC
Həftə
içi.- 2012.- 10-12 mart.- S. 14.