Sultan bəy haqqında bilmədiklərimiz

 

  Erməni daşnaklarına qan uddurmuş Sultan bəyin xalq qəhrəmanı Koroğlunun nəslindən olduğu üzə çıxıb

  

  Dahi bəstəkarımız Üzeyir Hacıbəyov deyərdi ki, insanda olan müsbət keyfiyyətlər onun genindən, nəslindən gəlir. Sultan bəy də Azərbaycanın tanınmış, xalq qəhrəmanları səviyyəsinə çatan kişilərdən biri olub. Sultan bəy 1871-ci ildə Laçın rayonun Qurdqajı kəndində dünyaya göz açan zaman muştuluğa gedənləri atası Paşa bəy əliboş qaytarır, "nə zaman o oğul olduğunu sübut edərsə, onda muştuluq verərəm", - deyir.

   Nəhayət, bir gün Paşa bəyə xəbər çatır ki, Sultan bəy erməni quldurlarını məhv edib, onlar üzərində qələbə çalıb. Paşa bəy Sultan bəy doğulanda muştuluğa gələn adamları çağırtdırıb ona çoxlu hədiyyələr verir və deyir ki, "oğul var, qız ondan yaxşıdır. Oğul var, əsl oğuldur, düşmən çəpəridir. Sültan bəy düşmən çəpəridir, şir ürəklidir".

   Tanınmış filoloq Əli Əliyevin apardığı araşdırmaya görə, Qaraqasımlı tayfasından olan Sultan bəy "Qasım uşağı" nəslindəndir. Bu tayfa Təkə-Türkman mahalından İrana gəlmiş, oradan isə Qarabağa köçmüş və Laçında məskunlaşmışlar: "Qasımuşağı" tayfasına aid olanlar Laçın rayonun Ələkçl, Narzan (Nağdalı), Şamkənd, Yuxarı Çorman, Qurdqajı və Ərikli kəndlərində yaşayırdılar. İgidlik və cəsurluq bu camaatın irsi xarakterik əlaməti idi. Hər bir fəaiyyət sahəsində bu camaatın içərisindən seçilib-sayılan və qonşu kəndlərdə adı fəxrlə çəkilən bacarıqlı gənclərə rast gəlinirdi. Odur ki, "İgidlik soydan gəlir" kəlamı təsadüfi deyilməyib. Bu tayfa Təkə-Türkmandan gəlibdir, "Təkəli" və yaxud "Türkman" tayfası adlanırlar. qızılbaş tayfalarından biri,Təkətürkman tayfasının bir qolu olan "Təkəli"lər cənubi Azərbaycanda və Kiçik Asiyada köçəri həyat sürürdülər. Səfəvilər dövlətinin siyasi həyatında mühüm rol oynayan "Təkəli"lərin bir hissəsi sonralar mərkəzi hakimiyyətə qarşı çıxdıqlarına görə 1596-cı ildə I Şah Abbas tərəfindən məhv edilib, qalanları Azərbaycanın müxtəlif yerlərinə yayılmışdı".

   Tədqiqatçı-alim bildirir ki, "Türkmanlar" və Türkmənlər"azərbaycanlıların etnogenesində iştirak etmiş türkdilli tayfadır. Onun sözlərinə görə, bu tayfa səlcuqların tərkibində İrana, Azərbaycana və Kiçik Asiyaya gəlib. Azərbaycanın və İranın siyasi həyatında mühüm rol oynamış Türkmanlar ağqoyunlulardan ayrılaraq qızılbaş tayfa birliyinin tərkibinə daxil olmuş və Səfəvilər dövlətinin yaranmasında iştirak etmişlər: "Bu tayfalardan tam aydın olur ki, Sultan bəyin nəsli dərin köklərə bağlıdır və onun igidlik, cəsurluq tarixi ulu əcdadlardan bu günə qədər keçib gələn genoloji atributdur. Bunu XVI əsrdə Cəlaləddin üsyanının başçısı, tarixi şəxsiyyət olan Koroğlu timsalında da görə bilərik". Əli Əliyev tarixi ədəbiyyatda Koroğlunun da tarixi şəxsiyyət kimi adının çəkildiyini deyir. Onun sözlərinə görə, Koroğlunun tarixi şəxsiyyət olduğunu ilk dəfə İ.P.Petuşevski olub. Həmçinin, "Koroğlu" dastanında adları çəkilən qəhrəmanların da bir çoxu tarixi şəxsiyyətlərdir: "Koroğlunun yaxın silahdaşı Dəli Həsən, Giziroğlu Mustafa bəy, Kosa Səfər və Tanrıtanınmaz tarixi qaynaqlarda cəlalilərin geniş şöhrətə malik rəhbərləri arasında yad edilir. Koroğlu öz tayfasının haralı olmasını belə söyləyir:

  

   Muradbəyli derlər bizə  

   Meydanda mərdlik işləni... 

   Ərəb paşa, sənə bir ərz eyləyim,  

   Yerim xəbər alsam, Muradbəyliyəm.

  

   Həmin Muradbəyli indiki Ağdam rayonun Muradbəyli kəndi olduğu məlumdur. Məşhur "Hər oxuyan Molla Pənah, hər qatırçı Murad olmaz" el məsəlinin də Muradbəyliyə aid olduğu bildirilir. Əli Əliyev bildirir ki, Murad bəyin nəvəsi Qara bəyin qızı Ziba xanımla evlənibmiş. Dastanda Aşıq Cunun da doğulduğu obanı söyləyir:

  

   Arasbar tərlanıyam  

   Sonalar Təkləndənəm.

  

   Ağcabədi rayonunun Arasbar kəndinin yaxınlığında Təklə kəndi olub. Nəhayət, Koroğlunun və Nigar xanımın övlad həsrətinə çarə tapan da məhz Aşıq Cunun olub. O, gənclik illərindən yaxşı tanıdığı (ərazicə yaxın olduğu) Təkə-Türkmən obasına gəlir. Burada qəssab Alının oğlu gənc Eyvazı yüz igidin içindən seçib bəyənir və onu Koroğluya, Nigar xanıma layiq övlad bilir. Təkə-Türkmən kəndi də uzaqda deyil, Muradbəyli və Arasbarla eyni bölgədə yerləşirdi.

   Filosof deyir ki, XVI əsrdəki Təkə-Türkmən Bərdənin indiki Türkmən kəndidir. XX əsrin əvvəllərinədək bu kəndin Təkə, yaxud Təklə türbəsi də olub. Beləliklə, xalq Koroğlu indiki Ağdamın Muradbəyli, Eyvaz Bərdənin Türkmən, Aşıq Cunun isə Ağcabədinin Arasbar kəndlərində dünyaya gəlib. Həmsöhbətimiz bütün bunlardan belə nəticəyə gəlir ki, Sultan bəyin ulu babaları Təkə-Türkmanlılar, "Təkəli"lər Cəlalilər üsyanının iştirakçısı, başçıları olmuşlar.

  

 

  Qələndər Xaçınçaylı

 

  Həftə içi.- 2012.- 10-12 mart.- S.15.