Milli təhlükəsizlik orqanlarının yaranmasından 93 il ötür

 

Bu münasibətlə bayram tədbiri keçirilib

 

Milli təhlükəsizlik orqanlarının yaranmasından 93 il ötür. Peşə bayramı münasibətlə milli təhlükəsizlik naziri Eldar Mahmudov başda olmaqla nazirliyin şəxsi heyəti Fəxri Xiyabana gələrək, ümummilli lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyublar.

Sonra Şəhidlər Xiyabanına gələn Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları "Əbədi məşəl" abidəsinin önünə əklil qoyublar. Bayram mərasimi Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında davam etdirilib.

Milli təhlükəsizlik naziri Eldar Mahmudov mərasimdə çıxış edərək kursantları və dinləyiciləri Azərbaycan təhlükəsizlik orqanlarının 93-cü ildönümü münasibətilə təbrik edib.

Hazırda milli təhlükəsizlik orqanlarının müxtəlif struktur bölmələrində fəaliyyət göstərən gənc kadrların əksəriyyətinin aka-demiyanı bitirdiklərini diqqətə çatdıran nazir Eldar Mahmudov, bu xüsusi təyinatlı təhsil ocağının hərtərəfli inkişafı üçün bütün zəruri tədbirlərin görüldüyünü və tədrisin keyfiyyətinin ildən-ilə artırılmasının, yeni ixtisas sahələrin tətbiqinin kadr hazırlığına müsbət təsir göstərdiyini qeyd edib. Nazir bildirib ki, ölkə rəhbərliyi tərəfindən inamla və ardıcıl aparılan hərtərəfli islahatlar kursu və yeni-yeni layihələr Azərbaycanın iqtisadi inkişaf tempinə və digər göstəricilərə görə dünyada aparıcı mövqelərə çıxmasına imkan verib: "Ancaq inkişafımıza qısqanclıqla yanaşan, ona mane olmağa, müxtəlif vasitələrlə bu uğurlara kölgə salmağa çalışan həm xaricdə, həm də daxildə qüvvələr də var".

Sonra çıxış edən Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov dövlət başçısının şəxsi heyətə təbriklərini çatdırıb, dövlətçiliyin, milli maraqların qorunmasında və təhlükəsizliyin təmin olunmasında Milli Təhlükəsizlik Nazirliyinin rolunun yüksək qiymətləndirildiyini vurğulayıb. Yığıncaqda Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının rəisi general-leytenant Ziya Yusifzadə çıxış edərək deyib ki, indi milli təhlükəsizlik orqanları yeni tarixini yaşayır. Müasir dünyanın ən inkişaf etmiş xüsusi xidmət orqanlarının bərabər səviyyəli və etibarlı tərəfdaşına çevirilmiş Milli Təhlükəsizlik Nazirliyi müasir maddi-texniki bazaya, bacarıqlı və peşəkar kadrlara malikdir.

Prezident İlham Əliyevə mərasim iştirakçıları adından müraciət qəbul olunub.

 

 

Əli Zülfüqaroğlu

 

Həftə içi.- 2012.- 29 mart.-S.2.