31 Mart Azərbaycanlıların
Soyqırımı Günüdür
İran və Rusiya
arasındakı müharibə Azərbaycanın Araz
çayı boyunca Cənubi və Şimali Azərbaycana
bölünməsi ilə nəticələndi. 1828-ci ilin 10
fevral tarixində "Türkmənçay müqaviləsi"
ilə Rusiyanın müstəmləkəsinə çevrilən
Şimali Azərbaycan İrandan və digər ölkələrdən
gətirilən xristian ermənilərin məkanına
çevrildi. Torpaqlarımızda məqsədyönlü
şəkildə məskunlaşdırılan ermənilərin
əli ilə azərbaycanlılara qarşı açıq və
gizli şəkildə müxtəlif vaxtlarda
soyqırımı aksiyaları, terrorlar həyata
keçirildi.
Əsas niyyət isə
Azərbaycanı dövlətçilik fikrindən həmişəlik
uzaq tutmaq idi. Odur ki, ötən əsrin 1905-1906, 1918-1920,
1948-1953 və 1988-1992-ci illərində və daha sonralar azərbaycanlılara
qarşı törətdikləri soyqırımı və
deportasiya siyasəti davam etmişdir. Hazırda işğal
altında olan Qarabağ torpağı ermənilərin
işğalçılıq niyyətindən əl çəkmədiyini
əyani şəkildə göstərir. Lakin
respublikamızın beynəlxalq aləmdə və super
dövlətlərin nəzərində nüfuzunun artması
gələcəyə ümidlə baxmağımıza əsas
verir.
Ermənilərin
Bakıda və ölkəmizin digər yaşayış məntəqələrində
törətdikləri kütləvi qırğınlardan 94 il
keçməsinə baxmayaraq, onların insanlığa
sığmayan vəhşilikləri xalqımızın qan
yaddaşında dərin iz buraxmışdır. Onların
1918-1920-ci illərdə Azərbaycan xalqını yer
üzündən silmək kimi iyrənc siyasəti daha da
genişlənmişdir. Tarixi sənədlərdə
Şamaxıda, Qubada, Muğanda, Zəngəzurda, Qarabağda,
İrəvan quberniyasında və digər ərazilərimizdə
şəhər və kəndlərimizin məhv edildiyi, əhalinin
amansız şəkildə qətlə yetirildiyi əks
olunmuşdur.
1918-ci ilin mart
ayının son üç günündə təkcə
Bakı şəhərində otuz mindən çox insan ermənilər
tərəfindən vəhşicəsinə
öldürülmüşdür. O cümlədən 11 min nəfərədək
türk-müsəlman soyqırıma məruz
qalmışdır. Hətta onların çoxunun meyitləri
yandırılaraq dənizə və quyulara atılaraq cinayətin
izi itirilmişdir. Bakı şəhəri camaatının 400
milyon manatlıq zinət əşyaları və müxtəlif
adlarda digər əmlakı qarət olunmuşdur. Ermənilər
bir çox tarixi abidələri, o cümlədən,
"Cümə" məscidini və İsmailiyyə
binasını top atəşinə tutaraq
dağıtmışlar.
Bakıda törədilən
soyqırıma "vətəndaş müharibəsi"
adı verən və qətlə yetirilənlərin
sayının azaldılması üçün Stepan
Şaumyan aprelin 13-də Moskvaya göndərdiyi məktubda
yazmışdır: "Üç gün içində, yəni
30-31 mart və 1 apreldə Bakıda şiddətli savaş
oldu. Sovet ordusu, bizim yaratdığımız Beynəlxalq
Qızıl Ordu və erməni milli ordusu Müsavat
Partiyasının liderliyindəki müsəlman "Dikaya
dviziya"sıyla və silahlı müsəlman
quldurlarıyla savaşdılar. Bu savaşda düşmən
tamamilə yox edildi. Hər iki tərəfdən
öldürülənlərin sayı 3 mindən çoxdur. Əgər
müsəlman türklər qalib gəlsəydilər,
Bakı Azərbaycanın paytaxtı elan ediləcək, Qafqaz
Rusiya üçün itirilmiş olacaq. Bütün qeyri
müsəlmanlar isə qətliama məruz qalacaqlar".
S.Şaumyanın Moskvaya göndərdiyi məktubda
soyqırımı gizlətməsi göz
qabağındadır. O xaxt Şamaxı şəhəri də
dəhşətli vəhşiliklərə məruz
qalmışdır. Oradakı 13 məhəllə məscidi və
müqəddəs ocaq sayılan "Cümə" məscidi
yandırılmışdır. Şamaxı qəzasının
53 kəndində 8 min 77 nəfərdən çox
soydaşımız qətlə yetirilmişdir. Onlardan 4190 nəfəri
kişi, 2560 nəfəri qadın və 1277 nəfəri
uşaq olmuşdur. Həmin kəndlərə dəyən
ümumi maddi zərər o dövrün qiymətləri ilə
339,8 milyon manat hesablanmışdır.
Daşnak-bolşevik
qoşununun planına əsasən Şamaxının
işğalından sonra Quba qəzasına hücum
edilmişdir. Ermənilərin bolşevik lideri Stepan Şaumyan
Cənubi Qafqazda "Böyük Ermənistan" yaratmaq
üçün Azərbaycan dövlətinin
yaradılmasının qarşısını almağa
çalışmışdır. Ona görə də ermənilər
bolşeviklərin dəstəyi ilə Quba qəzasında
üç dəfə dəhşətli qırğın
törətmişdir. Daşnak-bolşevik hərbi birləşmələri
nəinki Quba qəzasında, hətta Bakıdan Dərbəndə
kimi böyük bir ərazidə müsəlmanların
soyqırımını həyata keçirmək niyyətində
imişlər.
Tarixdən məlumdur
ki, 1918-ci ilin yazından başlayaraq Ermənistanda (Qərbi Azərbaycanda)
yaşayan azərbaycanlılar da erməni-bolşevik quldur dəstələri
tərəfindən müxtəlif növ işgəncələrə
məruz qalmışlar. Hər yerdə olduğu kimi burada da
"Böyük Ermənistan" yaratmaq üçün Qərbi
Azərbaycandakı müsəlmanları oradan qovub
çıxarmağa çalışmışlar. Təkcə
aprel ayının sonunda həmin ərazidə
dağılmış müsəlman kəndlərinin sayı
199-a çatmışdır.
1918-ci ilin yazında
Bakı şəhərində və Azərbaycanın qəzalarında
daşnak-bolşevik birləşmələrinin
türk-müsəlman əhalisinə qarşı törətdikləri
vəhşilikləri uzun müddət həm hüquqi, həm
də siyasi baxımdan soyqırımı kimi qiymətləndirilməmişdir.
Nəhayət, sabiq prezident Heydər Əliyev 27 mart 1998-ci il
tarixdə "31 Mart Azərbaycanlıların
Soyqırımı haqqında" fərman verdi. Bununla da
ölkəmizdə həmin tarix azərbaycanlıların
soyqırımı günü kimi qeyd edilir. Bu isə
özünü dünya ictimaiyyətinə məzlum, əzabkeş
və guya türklər tərəfindən soyqırıma məruz
qalmış ermənilərin iç üzünü açmağa
şərait yaratmışdır.
Bütün bunlarla
yanaşı, təəssüf doğuran odur ki, dünyada
ikili standart hələ də qalmaqdadır. Qatil Ermənistana
və qondarma Dağlıq Qarabağ Respublikasına maliyyə
yardımı göstərilir. Halbuki beynəlxalq ictimaiyyət
XXI əsrdə belə bir işğalçını lənətləməli
və super dövlətlər terrorçu Ermənistanın
Azərbaycan torpaqlarından çıxarılması
üçün lazımi tədbirlər həyata keçirməlidirlər.
Artıq iki əsrə
yaxındır ki, ermənilər Azərbaycanın
torpaqları hesabına qondarma Ermənistan dövləti yaratmaqla
kifayətlənməyib "Dağlıq Qarabağ
Respublikası" adında daha bir dövlət yaratmaq
uğrunda dəridən-qabıqdan çıxır.
İnanırıq ki, müstəqil Azərbaycan dövləti
tezliklə öz suverenliyini bərpa edəcək və bəşəriyyətin
XXI əsrdə rastlaşdığı ən dəhşətli
Xocalı soyqırımına məruz qalmış
xalqımız öz doğma Qarabağ torpağına
qayıdacaqdır.
Mehdi
MEHDİYEV,
Qarabağ
Müharibəsi Əlilləri,
Veteranları
və Şəhid Ailələri İctimai
Birliyinin
sədri, ehtiyatda olan polkovnik
Həftə
içi.- 2012.- 30 mart.- S.4.