Latviyada azərbaycanlı əsgərin məzarı aşkarlanıb

 

Latviyanın "Patriot" axtarış təşkilatının Liyepaya bölməsindən Azərbaycanın Latviya Respublikasındakı səfirliyinə daxil olmuş məlumata görə, keçən il sentyabr ayında Liyepaya meşəsində həlak olmuş 14 döyüşçünün nəşləri aşkar edilmişdi. Bu informasiya yerli meşə idarəsində yoxlanıldıqdan sonra "Libava" axtarış qrupu ekshumasiya işinə başlayıb.

Həlak olmuş döyüşçülərin şəxsi əşyaları arasında 3 əsgər medalyonu tapılıb. Medalyonlardan birini açandan dərhal sonra onun içərisindəki mətni oxumaq mümkün olub. Məlum olub ki, bu medalyonun sahibi 1941-ci ildə Liyepaya şəhərinin müdafiəçilərindən biri, əslən Azərbaycandan olan qızıl əsgər Məmmədov Bəşir Şafiroviçdir. Bununla əlaqədar, səfirlik Azərbaycan Respublikasının səfərbərlik və hərbi xidmətə çağırış məsələləri üzrə Dövlət Xidmətinə müraciət edib. Məlum olub ki, Latviyanın Liyepaya şəhərində həlak olmuş azərbaycanlı əsgər Samux rayonunun Mircəfərli kəndinin sakini Məmmədov Bəşir Şafiroviçdir. O, 1915-ci ildə anadan olub, 1939-cu ildə Samux rayon hərbi komissarlığından hərbi xidmətə göndərilib. Lakin hazırda Samux rayonu ərazisində yaşayan şəxslər arasında bu əsgərin doğmaları və yaxınları tapılmayıb. Qeyd edək ki, nəşiləri tapılmış döyüşçülər Liyepayanı müdafiə edərkən həlak olublar. Onlar 1941-ci ilin iyun ayında bu yerlərdə mühasirədən çıxıblar. Həlak olmuş döyüşçülərin nəşiləri Liyepaya şəhərinin mərkəzi qəbiristanlığında Qardaşlıq məzarında təkrar dəfn edilib. Bu mərasimdə Azərbaycan, Rusiya, Belarus və Özbəkistan səfirliklərinin əməkdaşları və Azərbaycan diasporunun nümayəndələri iştirak edib. Azərbaycanlı əsgərin nəşi müsəlman adətləri üzrə torpağa tapşırılıb. Mərasim iştirakçıları Qardaşlıq məzarının üstünə əklillər və tər çiçəklər qoyublar. Məzarın üstünə Latviya prezidenti adından da əklil qoyulub.

 

 

Azad

 

Həftə içi.- 2012.- 1 may.-S.2.