"Həqiqi yazar bir həqiqətə borcludur"

 

Hər bir yazıçının, şairin, nasirin, tənqidçi və publisistin birinci və ən vicdanlı tədqiqatçısı elə özüdür. Təsadüfi deyil ki, Füzuli özü birinci olaraq öz yaradıcılığı haqqında düşüncələrini, sənət barəsində qənaətlərini, bir sözlə estetik görüşlərini ifadə edib. Əsil yazar onu yaradıcılığa sövq edən, daxilində yeraltı maqma kimi hərəkət edən enerjini başqalarından daha yaxşı görür və dərk edir. Bəzən şair "həmin yeraltı maqma"nın təsiri ilə daxili enerjinin hərəkəti ilə özünü, sözünü bilmir. Sanki havalanmış olur, çıxışları emosional duyğularla müşayiət olunur, bir sözlə, ruhun dili ilə danışır. Bu zaman o, başa düşülmür, hətta bəzən "qəribə adamlar" sıyahısına salınır.

Tanınmış şair-publisist Əli Rza Xələfli də bir yazar kimi yaradıcılıq yolunun hansı psixoloji mərhələlərdən keçdiyini, onu yaradıcılığa sövq edən səbəblərin nə olduğunu yaxşı bilir. Nə qədər qəribə olsa da, ilk şeirini Araza həsr edib. Bəlkə də, Arazın sahilində doğulmağı, tikanlı məftillərin yaratdığı qəribə əhvalın, Cənub haqqında oxuduğu kitabların, xüsusən də Əhmədağa Muğanlının "Tikanlı məftillər" povestinin təsirindəndir.

Beləliklə, "Seşilənlər" rubrikasının budəfəki qonağı şair-publisist Əli Rza Xələflidir. Hazırda 3-dək kitabın müəllifi olan həmsöhbətimizin yaradıcılığında Araz, sərhəd və körpü mövzuları üstünlük təşkil edir. Elə sonuncu kitabı da "Araz ağrısı" adlanır. Hələ 7-ci sinifdə oxuyarkən məktəbin divar qəzetində "Bal oğlan" adlı satirik şeiri dərc olunmuşdu Əli Rza Xələflinin. Ərköyün uşaqların, məktəb qaydalarını pozan şagirdlərin tənqid olunduğu bu şeirdə ad çəkilməsə də, sinif yoldaşları ondan inciyib. Elə o vaxtdan satira janrına az-az müraciət etmək qərarına gəlib.

 

"Şairin intellekt səviyyəsi onun mütaliəsindən asılıdır"

 

Əli Rza Xələfli hesab edir ki, hər hansı təsadüfi hadisə kimsəni şair edə bilməz. Onun fikrincə, bunun üçün insanın daxili aləmindən gələn bir səs, bir varlıq olmalıdır: "Biz ona daxili aləmdə hərəkət edən enerji, qanda cərəyan edən ruh deyirik. Bu, təbii bir istedaddır, anadangəlmə keyfiyyətdir, irsən ötən bir "xəstəlikdir". Beləliklə, hər hansı bir yazarın şair olması üçün birinci şərt təbii qabiliyyət, anadangəlmə istedadın olmasıdır. Şairin intellekt səviyyəsi onun mütaliəsi, keçdiyi həyat yolu, müşahidələri ilə çox bağlıdır. Mən həmişə bu fikirdəyəm ki, poeziya nə qədər şairin ruhundadırsa, bir o qədər də həyatdadır. Nə vaxt ki, həyatda olan poeziya ilə, şairin ruhundakı poetik qənaət üst-üstə düşür, o zaman poeziya yaranır. Elə bilirəm ki, insanın varlığında, daxili aləmində həyatda görünən haqsızlıqlara və ədalətsizliklərə və eləcə də, həyatın ətalətinə yönəlik bir etiraz hissişairin daxili aləmində "yeraltı maqmanı" hərəkətə gətirir. Şair üçün əsas şərt özünü daim bu döyüş üçün ayaqda saxlamasıdır".

Tanınmış şair onu da deyir ki, çağdaş ədəbiyyatın cəfakeşlərini birləşdirə biləcək bir qrumun olmaması da çatışmazlıqdır. Əli Rza Xələflinin fikrincə, kim tənqiddən xoşhal olduğunu deyirsə, səmimi deyil. O hesab edir ki, hər kəsə səhvini onun üstün tərəflərinin əsasında göstərmək lazımdır: "Ədəbiyyatda da belədir. Sənətkara birbaşa "sən yaza bilmirsən" demək qeyri-insani keyfiyyətdir. Müxtəlif vaxtlarda, müxtəlif qələm dostlarım yazılarımda ifrat münasibət olduğunu mənə deyiblər. Hiss edirəm ki, düz deyiblər. Sağlam şüuru, düşüncəni qidalandıran tənqid yaradıcılıq üçün oksigendir. Tənqid təkcə nəyi isə çıxdaş etmək deyil, xüsusilə, ədəbi tənqid ilhamı qanadlandırmağa xidmət etməlidir. Yaradıcıya müsbət enerji, mənəvi güc bəxş eləməlidir".

 

Ədəbiyyat başqa cəmiyyət üçün

 

Müsahibimiz deyir ki, müasir cəmiyyətdə ədəbiyyatla insan toplumu arasında sanki böyük bir sərhəd yaranıb. Sanki ədəbiyyat hansısa başqa bir cəmiyyət üçün yazılıb. Əli Rza Xələflinin fikrincə, indiki adamlar da ədəbiyyata yad bir nəzərlə baxır: "Bu cür yanaşmalar məni narahat eləyir. Sanki insanlar daha çox maddi imkana malik olan insanlardır. Gözləyirlər ki, lap sən dünyanın səkkizinci möcüzəsini yaratmış olsan belə, yuxarıdan desinlər ki, bu, yaxşı əsərdir. Buna bax və qiymət ver. Bəli, bizim cəmiyyətimizdə belə bir tendensiya var".

Əli Rza Xələfli deyir ki, sənət adamlarına qayğı lazımdır. Bu qayğının formasını tapmaq isə qayğını göstərməyə borclu olan adamlara layiqdir. Onun sözlərinə görə, yolu abad olan, istirahət evləri min bir rəngə çalan məmləkətdə şairin, sənətkarın bir qarış torpağa sahib olmamsı, dəbdəbəli villa yox, sadə bir ev sahibi olub kitablarını qoruya bilməməsi mənsub olduğu xalqa - o xalqa ki, firəvan dolanışığı ilə öyünür - utanclıq gətirir.

Azərbaycan yazıçılarının növbəti qurultayının uzanmasına gəlincə, həmsöhbətimiz deyir ki, belə qurultaylar ictimai-siyas olaraq cəmiyyətin diqqətindədir. Ancaq onun fikrincə, qurultay ola da bilər, olmaya da: "Bu, o demək deyil ki, yazıçı quraltay olmasa, qələmi yerə qoymalıdır. Kimlərsə elə düşünür ki, yazıçının taleyi qurultaydan asılıdır. Bu, o yazıçılara aiddir ki, həyatını dünyanın maddi tərəfləri ilə bağlayıb. Əgər qurultay olsaydı, onun hansısa bir problemi həll olunacaqdı. Mən belə düşünmürəm".

Əli Rza Xələfli hesab edir ki, həqiqi yazar öz hücrəsində qələmi və alın təri ilə yalnız bir həqiqətə borcludur. Onun fikrincə, hər bir yaradıcı şəxsdən kimə borclu olduğunu soruşsalar, düzgün cavab yalnız bir olmalıdır: "İlham pərisi!"

    

 

Qələndər Xaçınçaylı

 

Həftə içi.- 2012.- 2 may.- S. 7.