"Qız qalası" "Eurovision"a hazırlaşır

 

"Eurovision" mahnı müsabiqəsinə Bakının ev sahibliyi etməsi ilə əlaqədar paytaxtda abadlıq işləri daha da artırılıb. Qız qalası da təmir edilən tarixi abidələr sırasındadır. Şəhərdə aparılan bütün abadlıq işlərinin gələn ilin may ayına qədər bitməsi müəyyənləşdirilib. Lakin görünür, paytaxtın gerbinə çevrilmiş Qız qalasının təmiri hələ uzun müddət də davam edəcək.

Bəs, "Eurovision" müsabiqəsi üçün şəhərimizə gələcək turistlər Qız qalasını görə biləcəklərmi? Təmirdən sonra əcnəbi ustalar bizə "avropalı" Qız qalası təqdim etməyəcək ki?

Bu və ya digər suallara aydınlıq gətirmək üçün "Həftə içi"nin əməkdaşı təmir və yenidənqurma işlərinin aparıldığı Qız qalasına baş çəkib. Bəri başdan deyək ki, Qız qalasında restovrasiya işlərinə 2011-ci ilin iyun ayından start verilib. Uzun müddətdir qalanın divarlarına təmir məqsədilə dəmir konstruksiyalar quraşdırılıb. Qalada bərpa və muzey konservasiya işlərinə dövlət büdcəsindən 2,5 milyon manat vəsait ayrılıb. Qalada aparılan restovrasiya işləri Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş "Bakının tarixi mərkəzinin konservasiyası üzrə ətraflı "Baş Plan"a uyğun olaraq, ərazidəki tarix-memarlıq abidələrinin qorunmasına göstərilən xüsusi qayğı çərçivəsində həyata keçirilir. Nəzərdə tutulmuş işlər Avstriyanın məşhur bərpası mütəxəssisi, dünyanın müxtəlif yerlərində 400-dən artıq abidəni, o cümlədən İçərişəhərdə yerləşən Məhəmməd Məscidini bərpa etmiş Erix Pummerin rəhbərliyi ilə xarici və yerli mütəxəssislər tərəfindən həyata keçirilir. Təmir zamanı Almaniyanın "Remmers" şirkətinin bərpa üçün nəzərdə tutulmuş xüsusi materiallarından istifadə olunur. "Atelier Erich Pummer" şirkəti tərəfindən 2009-cu ilin noyabrında abidənin unikallığı və təkrarolunmazlığı nəzərə alınaraq, tam miqyaslı işlərə başlanmazdan əvvəl Qız qalasının cənub-qərb tərəfindəki sınıq sahəsində bərpa işləri aparılıb.

 

"Abidədən bir daş belə çıxarılmayacaq"

 

Qız qalası təmirə bağlandığı gündən hər kəsi narahat edən əsas məsələlərdən biri də aparılan restovrasiya işlərindən sonra qalanın öz görünüşünü dəyişməsidir. Əksəriyyət elə güman edir ki, təmir işləri qalanın ənənəvi görünüşünə xələl gətirəcək və onun tarixiliyini heç edəcək. Ancaq Dövlət Tarixi-Memarlıq Qoruğundan bildirdilər ki, Qız qalasının görünüşündə dəyişiklik yalnız daşın təbii rəng çalarlarının bərpasında özünü göstərəcək. Bərpa və konservasiya işləri zamanı ancaq qaladakı boşluqlar daşəvəzedici məhlulla doldurulacaq və abidədən bir daş belə çıxarılmayacaq, zədələnmiş daşlar isə bərpa edilərək öz yerinə qaytarılacaq.

Memar Emil Axundlu bildirir ki, həqiqətən də qalanın təmirə ehtiyacı vardı: "Uzun illərdi, tarixi tikilinin fasadları təmir olunmayıb, aşınma davam edib. Qalanın üstü açıqdır. Yağan yağış divarı yuyur, hətta qalanın içinə keçir. Bunun qarşısı alınmalı idi. Məsələnin maliyyə tərəfi məni maraqlandırmır. Amma düşünürəm ki, Azərbaycanda kifayət qədər, peşəkar memar, heykəltəraş var ki, onların da imkanlarından istifadə etmək olardı".

Memarın sözlərinə görə, bərpa və konservasiya işlərindən sonra İçərişəhərin müasirləşməsi qaçılmazdır: "İstənilən halda müasirləşmə olacaq. Amma bunu yüksək peşəkarlıqla etmək lazımdır".

 

Qalanın bərpası 2013-cü ilin oktyabrında yekunlaşacaq

 

Şəhər sakinlərini narahat edən digər əsas məqam isə Qız qalasındakı təmir işlərinin "Eurovision" müsabiqəsinə kimi yekunlaşıb-yekunlaşmamasıdır. Bununla bağlı verəcəyimiz xəbər görünür bir çoxlarının ürəyincə olacaq. Belə ki, artıq Qız qalasında aparılan muzey konservasiyası işlərinin birinci mərhələsi başa çatıb.

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, birinci mərhələdə işlər Qız qalası abidəsinin kontrforsunda və baxış meydançasında aparılıb.

Muzey konservasiyası zamanı zədələnmə səviyyəsindən asılı olmayaraq, heç bir daş abidədən kənarlaşdırılmayıb və mövcud problemlər aradan qaldırılaraq kontrforsun səthi möhkəmləndirilib.

Qız qalasının əsas dairəvi hissəsində muzey konservasiyasının ikinci mərhələsi isə iyunun əvvəlində başlanacaq. Bununla belə Qız qalasında bərpa işlərinin 2013-cü ilin oktyabrında yekunlaşdırılması nəzərdə tutulur.

Bərpa işlərini həyata keçirən Avstriyanın "Atelier Erich Pummer" şirkətinin müdir müavini Çingiz Neymanzadə qalanın ətrafında konservasiya işləri ilə əlaqədar qoyulan dəmirlər və ləvazimatların "Eurovision-2012" müsabiqəsinə bir həftə qalmış yığışdırılacağını deyib: "Azərbaycan "Eurovision-2012" müsabiqəsinə ev sahibliyi etmək şansı qazandı. Müsabiqədən bir həftə əvvəl biz bərpa işləri üçün yığılan dəmirləri çıxaracağıq və qalanın şimal tərəfində işimiz başa çatmış olacaq. "Eurovision" müsabiqəsindən sonra biz yenidən bərpa işlərini davam etdirəcəyik və əgər fövqəladə bir hal baş verməsə Qız qalasının bərpasını 2013-cü ilin oktyabrına kimi yekunlaşdırmaq niyyətindəyik".

Qeyd edək ki, bərpa işlərindən sonra Qız qalasının görkəmində heç bir dəyişiklik olmayacaq. Əsas məqsəd qaladakı problemləri aradan qaldırmaq və dağılmasının qarşısını almaqdır.

Məlumunuz olsun ki, təmir işləri hələ də getməsinə baxmayaraq qalaya giriş var və "Eurovision" müsabiqəsi zamanı da fəxrimiz olan Qız qalasının qapıları ziyarətçilərin üzünə açıq olacaq.

 

 

Nigar İxtiyarqızı

 

Həftə içi.- 2012.- 3 may.- S. 8.