"Eurovision"un
açılış məşqləri başlayır
Məşqlər şəhərin bir
neçə məkanında aparılır
Azərbaycanın ev sahibliyi etdiyi
"Eurovision-2012" mahnı müsabiqəsinə
hazırlıqlar davam edir. Hazırda "Eurovision"
şounun keçiriləcəyi "Bakı Kristal
Zalı"nda səhnə tərtibatı işləri
tamamlanmaqdadır.
May ayının 13-dən "Bakı Kristal
Zalı"nda "Eurovision" mahnı müsabiqəsi
2012-də iştirak edən ölkələrin təmsilçilərinin
məşqləri başlayacaq. Səhnə dizaynı,
işıq effektləri, "Green Room"u ilə fərqlənəcək
Bakıdakı "Eurovision" mahnı müsabiqəsi həm
də açılış şousu və interval aktları
ilə bütün Avropa izləyicilərinin böyük
marağına səbəb olacaq. Artıq
açılış şousu və interval aktlarının
(ölkələrin çıxışından sonra səsvermə
zamanı efirə yayımlanan şou) ssenarisi hazırdır.
Yerli və xarici mütəxəssislərin cəlb
olunduğu bu şoularda çıxış edəcək
müğənnilər və qrupların məşqləri
başlayıb. Məşqlər Bakının bir neçə
məkanında - "Buta Palace", Heydər Əliyev
adına İdman-konsert Kompleksi və digər konsert
saraylarında aparılır.
Ənənəyə uyğun olaraq,
"Eurovision"a ev sahibliyi edən ölkə
açılış və interval aktlarında adətən
milli mədəniyyətini əks etdirən şoular təqdim
edir. Bu baxımdan Bakı şousunda da tamaşaçılara
Azərbaycanın zəngin musiqisi, mədəniyyəti ilə
fərqli, milli adətlərlə müasirliyin sintezindən
yaranan açılış və interval aktları təqdim
olunacaq.
"Eurovision-2012"nin yarımfinalları və
finalındakı açılış və interval
aktları səhnə tərtibatı, ssenarisi və bu
şouda çıxış edəcək müğənniləri
ilə yadda qalacaq. "Eurovision" mahnı müsabiqəsinin
mayın 26-da keçiriləcək final mərhələsinin
açılış və interval şousunda muğam
ustadı Alim Qasımov, müğənni-bəstəkar Emin,
"Natiq" Ritm Qrupu, Azərbaycan Dövlət Rəqs
ansamblı, xarici rəqs qrupları, eləcə də digər
məşhur yerli və xarici müğənnilərin
performansları, yarımfinalların interval aktlarında isə
ötən "Eurovision" mahnı müsabiqəsindən
tanıdığımız məşhur müğənnilərin
çıxışları, "Eurovision" starlarından
ibarət qrupun, eləcə də məşhur DJ-lərin
şousu təqdim ediləcək.
Xatırladaq ki, "Eurovision" mahnı müsabiqəsinin
yarımfinallarının əsas məşqləri mayın
21, 23-də, yarımfinallar mayın 22-i və 24-də, final mərhələsinin
əsas məşqi mayın 25-də, müsabiqənin
finalı isə mayın 26-da olacaq.
Nigar
Həftə içi.- 2012.- 3 may.- S. 8.