Xanəndə müəllimlərin
müəllimi
Azərbaycan muğamsevərləri uzun müddətdir
görmürdü onu. Elə bu yazının müəllifi də
çoxdandı
darıxmışdı onun üçün. Sovet
dövründə toylarda, el şənliklərində və
tədbirlərdə oxuduğu yanıqlı, amma məlahətli
səsi və zənguləsi bu gün də
qulaqlarımızda qalıb. Səhnə ona çox
yaraşırdı. Gözəl dəf tutmağı, qaval
çalmağı indi də çoxlarının xatirindədir.
Qarabağ xanəndələrinə məxsus səhnə mədəniyyəti
vardı. O, oxuyanda zaldakılar ayağa qalxardı.
Söhbətin tanınmış xanəndə
ustası Barat Fərhadovdan getdiyini yəqin anladınız.
Hamı onu Cabbar Qaryağdıoğluna oxşatsa da, Barat
müəllimin sənətdə öz yolu vardı. Bir məktəb
idi Barat müəllim. Xalq artisti, ölməz sənətkarımız
Qədir Rüstəmov 4 il ondan dərs alıb, muğamın
sirlərini ondan öyrənib.
Təsadüf bizi Barat müəllimlə Xan
Şuşinski adına Ağdam rayonlararası Muğam Məktəbində
görüşdürdü. Sağ olsun məktəbin
direktoru Rafiq Püstəmovu. Vaxtilə tələbəsi
olduğu müəlliminə bu gün də müəllim
gözüylə baxır. Üstəlik məktəbdə
muğam dərsini də ona həvalə edib. 81 yaşlı
Barat müəllimin səsi olduğu kimi qalıb. Bu xoşbəxtliyi
də Tanrı hər adama vermir. Gözlərindən kədər
duyulurdu, torpaq, yurd həsrəti onu yaman sıxırdı,
yaman kövrək idi. Sanki həyatdan küsmüş, bir
balaca da incik kimi görünürdü...
İlk məktəb - kənd toyları
Söhbətə sənət yolundan
başlayırıq. Deyir ki, uşaqlıq illəri
Böyük Vətən müharibəsi illərinə təsadüf
edir. Atası müharibədən qayıtmayıb,
qardaşı və anası ilə başsız qalıb Barat
Fərhadov. Amma çətinliklərə, hər əzaba sinə
gərib gələcəyini qurmağı bacarıb: "Hələ
uşaqlıqdan gözəl səsim olub, çöldə-bayırda
özüm üçün oxuyardım. Əfətlinin
toylarını Xan Əmi, Əbülfət Əliyev, Mütəllim
Mütəllimov kimi xanəndələr aparardı. Mən də
toylara gedib onlara qulaq asardım, onlardan qaval vurmağı,
muğamın sirlərini öyrənərdim. Orta məktəbdə
oxuduğum illərdə səsimin olduğunu müəllimlərim
bilib məni məktəbin tədbirlərində
oxutdurardılar".
Nəhayət, Barat Fərhadov Ü.Hacıbəyov
adına Ağdam Musiqi Texnikumunun xanəndəlik şöbəsini
bitirib. Gözəl səsə malik olduğuna və
muğamlarımızı mükəmməl bildiyinə
görə onu texnikumda saxlayıblar. Ağdamın işğalına
qədər burada tələbələrə xanəndəlik
sənətindən dərs deyib. Respublikanın bir çox
tanınmış xanəndələri və sənətçiləri
Aydın Niftalıoğlu, Aydın Məmmədov, Elza
Qaybalıyeva, Tacir Şahmalıoğlu, Nadir Bayramlı, Təyyar
Bayramov, Ehtiram Hüseynov kimi gənc xanəndələr ondan
dərs alıb.
Barat Fərhadov deyir ki, hələ o dövrlərdə
SSRİ Xalq artistləri Fikrət Əmirov, Niyazi, Əfrasiyab
Bədəlbəyli operada çalışmaq
üçün onu Ağdamdan Bakıya gətirmək istəyiblər.
Hətta ona Məcnun rolunu ifa etmək də təklif olunub:
"Amma Ağdamı, Qarabağı qoyub Bakıya getmədim.
Hətta məni Bakıya gətirə bilmədiklərinə
görə Ağdam Rayon Partiya Komitəsinin birinci katibinə
töhmət də verirdilər ki, siz necə katibsiniz, belə
bir fitri-istedad sahibini Bakıya göndərə
bilmirsiniz?!"
Qarabağı Bakıdan üstün
tutan sənətkar
Qarabağda işləməyi Bakıdan üstün
tutan tanınmış sənətkar 25 il Ağdamın ən
məşhur ansamblı olan "Şur"un solisti olub.
Ansamblın tərkibində bütün dünyanı gəzib,
Kremlin "Qurultaylar" sarayında, Böyük Teatrda
keçirilən festivallarda iştirak edib və həmişə
birinci yerə çıxaraq qızıl medallarla vətənə
qayıdıblar: "Aldığım qızıl
medalların sayı-hesabı yoxdur. 1964-cü ildə
"Heyratı" muğamını Cabbar və Xan Əmidən
sonra mən ifa etdim. Baxmayaraq ki, korifey sənətçilər
məndən əvvəl ifa ediblər, amma bu muğamın
möhrünü mən vurmuşam. Hətta
"Heyratı" mənim ifamda vala yazılaraq Qızıl
Fondda saxlanılır".
Tanınmış muğam ustası ulu öndər
Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi
dövrlərdə bütün dövlət tədbirlərinə
dəvət olunduğunu da xatırladır. Onun sözlərinə
görə, Ümummilli lider "Şur" ansamblının tədbirlərə
dəvət olunması üçün şəxsən
özü göstəriş verirmiş: "Ulu öndər
hər xanəndəni bəyənməzdi, mənim səsim
onun çox xoşuna gələrdi. "Şahnaz" və
"Heyratı" muğamını ifa edəndən sonra
zal ayağa qalxıb gurultulu alqışlarla məni
salamlayardılar".
Bununla belə, dəfələrlə festivalların
qalibi olmasına, qızıl medallara layiq görülməsinə
baxmayaraq, Barat Fərhadova hələ də fəxri ad verilməyib.
Buna görə özünü günahlandıran sənətkar
deyir ki, indiyədək abırıma sığınaraq fəxri
ad almaq üçün heç kəsə müraciət etməyib:
"Düz 51 ildir sənətdəyəm. Artıq 81
yaşım olsa da, ancaq səsim dəyişməyib. Məni
bu gün yaşadan sənətim və səsimdir. Ancaq Mədəniyyət
və Turizm Nazirliyi, eləcə də Ağdam rayon rəhbərliyi
guya ki, məni tanımırlar. Bunun nəticəsidir ki, 80
illik yubileyimi lazımi səviyyədə keçirə bilmədim".
"Şöhrət atı"nı
çapan tələbələr...
Barat Fərhadov tələbələrindən də
gileylənir. Onun sözlərinə görə, muğam sənətini
öyrətdiyi tələbələri "şöhrət
atı"na minəndən sonra müəllimlərini yaddan
çıxarıblar: "Hətta küçədə və
məclislərdə məni görəndə özlərini
görməməzliyə vururlar. Tələbələrin
arasında yalnız Təyyar Bayramov hərdən məni
axtarır".
Tanınmış xanəndənin fikrincə, bu
gün istedadlı gənclərin sayı çox olsa da
cabbarlar, xanəmilər, əbülfətlər, qədirlər
yetişmir. Səbəbini isə onunla əlaqələndirir
ki, o səsin yetişməsində əsas
qidalandırıcı maya olan keyfiyyətlər Qarabağda,
Ağdamda, Şuşada qalıb. O "Səni tanıyıram"
verilişinin aparıcılarının bu yaxınlarda
Quzanlıya səs axtarışına gəldiklərini də
söyləyir: "Təəssüf ki, bir nəfər səsi
olan ağdamlı gənc tapa bilmədilər. Ona görə
ki, onlar bu gün Qarabağın ab-havasını duymur,
Qarabağın torpağından, havasından, suyundan məhrumdurlar
indiki gənclər. Bu, məni hədsiz dərəcə də
ağrıdır. İndiki oxuyan müğənnilərimiz nəinki
dəf çalır, heç qavalı da düzgün tuta
bilmirlər. Bu gün həqiqi mahnılar yazılmır.
Çünki artıq mahnı bəstələyən yoxdur.
Bayağı mahnılar isə ayaq tutub yeriyir, geniş
meydanlara gedib çıxa bilir".
Qələndər
Xaçınçaylı
Həftə içi.- 2012.- 3 may.- S. 7