Heç vaxt Azərbaycanı unutmayacağam"

 

Kuba səfirinin xanımı Maura Gintero ilə "Həftə içi"ndə eksklüziv söhbət

 

Kuba səfirinin xanımı, eləcə də bu ölkənin Azərbaycanda baş konsulu Maura Gintero ilə müsahibə yazmaq üçün onların evindəcə qonaq olduq. Olduqca şən, gülərüz, mehriban və səmimi olan bu xanımla söhbətimiz iki saatdan uzun çəkdi. Azərbaycanı çox sevən Maura xanım bizimlə söhbətində ailəsindən, ölkəmizdə yaşadığı illər ərzində topladığı xoş təəssüratlarından söz açdı, respublikamızın iqtisadi-sosial inkişafını vəsf etdi. Dedi ki, yayda fəaliyyət müddətləri başa çatdığı üçün Kubaya qayıdacaqlar, amma imkan düşən kimi Bakıya qonaq gələcəklər.

- Burada olduğum 4 il ərzində, fikir vermişəm, Azərbaycan xalqı qarşısına məqsəd qoyur və ona çatır. Mən tez-tez ailəmlə birlikdə şəhərə gəzməyə çıxıram və hər dəfə ölkənin sürətli inkişafını görəndə, fərəhlənirəm. Allah Azərbaycan xalqını qorusun, onun prezidentinə və xanımına cansağlığı versin. Azərbaycan hökumət çalışır ki, insanlar üçün hər cür şərait yaratsın.

Hansı ki, biz daha əvvəl 5 il Afrikada yaşamışıq, oranı sizin ölkə ilə qətiyyən müqayisə etmək olmaz. Küçəyə çıxanda baxıram ki, hamı məktəbə gedir, böyüklər işə tələsir, bütün bunlar xalqın yaxşı yaşadığını göstərir. Bu ölkəni çox sevirəm. Yeri gəlmişkən, küçədə rastlaşdığım adamlar mənə Azərbaycan dilində salam verirlər, deyirlər azərbaycanlılara çox oxşayıram. Burada çoxlu dostlarım var. Azərbaycan xalqı qonaqpərvərdir, həmişə çalışırsınız qonaqları yaxşı qarşılayasınız. Bilirsiniz, Braziliyanın Bakıya yeni səfiri gəlib. Onlar məndən soruşdular ki, bu ölkədə nələr xoşuma gəlir, cavab verdim: Azərbaycanda hamı tam təhlükəsiz şəraitdə yaşayır və gecənin yarısı şəhərdə istədikləri kimi, sərbəst gəzə bilərlər. Hətta qızım Marsiyanın 15 yaşı olmasına baxmayaraq, o, dostları ilə şəhərə gəzməyə çıxanda, fikirləşmədən razılıq verirəm. Bir misal çəkim: bir dəfə kubalı boksçular Bakıda səfərdə olarkən, gecə saat bir radələrində səfir Marselo onları öz maşını ilə Novxanıya - qaldıqları otelə aparırdı. Amma necə olursa, birdən yolu itirir və təsadüfən rastlaşdıqları bir nəfər yerli sakindən Novxanıya necə gedəcəklərini soruşur və o da çox həvəslə onu başa salır. Yəni indiyədək çox ölkədə olsaq da, insanlardan bu cür qayğı hiss etməmişik. Arada atamla telefonda danışıram, nəvəsinin burada necə yaşadığını soruşur. Azərbaycanı ona o qədər tərifləmişik ki, bizim bu ölkədə olmağımızla fəxr edir. Çox təəssüf ki, biz bu yay Azərbaycandan gedirik. Buna görə çox heyfslənirəm, Azərbaycan doğrudan da gözəl ölkədir.

- Qızınızdan söz açdınız, yəqin ki, məktəblidir?

- Hə, 6 saylı məktəbdə oxuyur. O qədər dostları var ki... Tez-tez onları evə dəvət edir, əla uşaqlardır. Hətta evdə tək qalanda belə zəng vurur, uzun-uzadı onlarla telefonda danışır. Bir də görürsən ki, dostları ilə şəhərə gəzməyə çıxır, heç nədən narahat olmuram.

- Burada Kuba vətəndaşları çoxdur?

- Demək olar ki, yoxdurlar. Hə, bir kubalı idmançı vardı, ondan da çoxdandır xəbər tutmuruq. O, Azərbaycan pasportu daşıyır. Bir nəfər də balaca qız uşağı var ki, valideynləri azərbaycanlıdır, amma uşaq Kubada doğuldu üçün ona ölkəmizin vətəndaşlıq pasportu verilib.

- Azərbaycandan əvvəl hansı ölkələrdə olmusunuz?

- Qazaxıstanda 2 il yaşamışıq. Sonrakı 5 il ərzində Afrikada işləmişik. Ümumiyyətlə, mən Marselo ilə 20 ildir evliyəm, bu illərin çoxunu xaricdə keçirmişik.

- Təxmini bilirsinizmi Azərbaycandan sonra hansı ölkəyə gedəcəksiniz?

- Məlumatım yoxdur, amma səfir Marselo rus və fransız dillərində mükəmməl danışır deyə, onu yəqin ki, keçmiş sovet sistemli və ya fransızdilli ölkərdən birinə göndərəcəklər.

- Yəqin gələcəkdə Azərbaycana yenə gələcəksiniz?

- Kubanın qaydalarına görə, bir şəxs eyni ölkədə iki dəfə səfir təyin oluna bilməz. Amma gəzməyə, əlbəttə ki, gəlmək istərdim. Mən heç vaxt Azərbaycanı unuda bilmərəm. Burada ata-anaya, ağsaqqala-ağbirçəyə böyük hörmət var. Yeri gəlmişkən, Afrikada da kiçiklər böyüklərə eyni cür ehtiram göstərirlər. Hansı ki, özünü mədəniyyətin beşiyi sayan Fransa, Almaniya, Britaniya və sair kimi Avropa ölkələrində bu cür yüksək ailə mədəniyyəti zəifdir.

- Bayaq dediniz ki, rəfiqələrinizlə şəhəri gəzməyə çıxırsınız. Sirr deyilsə, rəfiqələriniz səfir xanımlarıdır, yoxsa sadə azərbaycanlılar?

- Səfir xanımları ilə ayda bir dəfə yığıncağımız olur və bir də hansısa tədbirlərdə görüşürəm. Qalanları azərbaycanlı xanımlardır və mən onlarla bir yerdə olanda özümü rahat hiss edirəm. Onlar da məni çox istəyirlər. Deyəndə ki, bu yay Kubaya qayıdacağıq, çox təsirlənirlər.

- Azərbaycanda daha çox haraları gəzib-görmək, harada istirahət etmək istərdiniz?

- Şəkini çox sevirəm, orada olanda elə bil "min bir gecə" nağıllarına düşürəm. Yeri gəlmişkən, bir məqamı da qeyd edim ki, olduğum ölkələrin çoxunda iqtisadi-sosial inkişaf yalnız paytaxt şəhərlərdə hiss olunur. Azərbaycanda isə əyalətlərdə də həyat şəraitinin yüksək olduğunu görürəm və bu o deməkdir ki, ölkə əhalisi yaxşı yaşayır. Hətta atam məndən soruşanda ki, burada insanların vəziyyəti necədir, cavab verirəm: hər yerdə ikimərtəbəli ev, həyətdə "Lada" avtomobil və evin çardağında çanaq antena var. Lənkəranda, Qəbələ və Qubada keçirdiyim günləri heç vaxt yadımdan çıxarmayacağam. Laxıc necə də gözəldir. Mən ora gedəndə hava mülayim idi, amma qayıdanda elə güclü qar yağdı ki, gəl görəsən. Orada milli-tarixi üslublarda misdən qab-qacaq düzəldirlər. Çoxlu şəkillər, videolar çəkmişik, Kubaya aparmaq üçün bəzi əşyalar da almışıq. Ümumiyyətlə, Azərbaycanın rayonlarında insanların işləməsi üçün zavod-fabriklər mövcuddur, ticarət güclüdür. Getdiyim rayonların hamısında muzeylər, istirahət parkları və sair görmüşəm. Hər yerdə məktəblər, uşaq bağçaları, xəstəxanalar var. Ən əsası isə hara getdimsə, böyüklərə hörmət gördüm, bu isə hər millətə xas xüsusiyyət deyil. Mən gərək oturub fikirləşəm ki, bu ölkədə xoşum gəlməyən nə isə var, ya yox. Sonra da ki, axı Kuba ilə Azərbaycan arasında dövlətlərarası əlaqələr də çox gözəldir...

- Bizim üçün maraqlıdır, dövlət rəsmilərindən kiminsə qonağı olmusunuz və ya belə şəxslərin xanımları ilə dostluq edirsinizmi?

- Düzdür, səfirin bütün dövlət rəsmiləri ilə gözəl münasibətləri var, amma heç vaxt belə şəxslərin evində olmamışıq. Marselo heç bir nazirin evinə qonaq getməsə də, həmişə onların iş yerlərində yüksək səviyyədə qəbul edilir.

- Bayaqdan söhbət edirik, amma bir kəlmə də olsun həyat yoldaşınızdan danımırsınız...

- (gülür) Nə deyə bilərəm onun barəsində, çox gözəl insandır. Onunla birlikdə olduğum üçün deyərdim ki, çox xoşbəxt qadınam. Eşitdiyimə görə, kimin üzündə xalı varsa - yanağındakı xalı göstərir - o xoşbəxtdir. Səfir Marselo işində çox ciddidir. Ailəsinə çox bağlı adamdır. Mənə nə vatsa irad tutubsa, bu yalnız işlə bağlı olub. Yeri gəlmişkən, mən səfirlikdə konsul vəzifəsini yerinə yetirirəm. Səfir Marsellonun bir xasiyyəti də var ki, bəzən işdə nə qədər fəallıq göstərsəm də, heç vaxt məni tərifləmir, əksinə, mütləq işimdə bir çatışmazlıq tapır. Hansı ki, başqalarını hər işinə görə alqışlayır. Buna baxmayaraq, bilirəm ki, ürəyində belə deyil.

- Belə başa düşdüm ki, bəzən işdə yola getmirsiniz, bəs evdə necə dolanırsınız?

- (gülür) Evdə komandir mənəm. Əlbəttə, bunu zarafat qəbul edin, amma deyim ki, biz ailədə işləri bölmüşük. Düzdür, mən də işləyirəm və necə deyərlər, evə pul gətirirəm. Amma evin sosial məsələlərinə baxmaq mənə həvalə olunub. Nə alacağıq, nə yeyəcəyik, hara gedəcəyik, bunları evin sahibəsi olaraq mən həll edirəm. Hətta qızım da harasa gedəndə məndən icazə alır.

- Harada tanış olmusunuz?

- İyirmi il əvvəl mən riyaziyyat institutunda, səfir Marselo isə Xarici İşlər Nazirliyində işləyirdi. Bir dəfə məni də, onu da iş yerimizdən kollektiv şəkildə başqa yerə - ümumi fəaliyyət sahəsinə göndərmişdilər. Günlərin birində təsadüfən onunla domino oynayırdım. Oyun zamanı mənə dedi ki, "sən əla domino oynayırsan, amma mənimlə oynasan daha yaxşı olar. Bəlkə davam edək?" Nəticəsi də budur ki, hazırda 15 yaşında qızımız var.

- Həm siz, həm də yoldaşınız olan cənab səfir şən, zarafatcıl, Azərbaycanda bir söz var, deyərlər, çox şux, oynaq adamlarsınız...

- Oynaq demişkən, biz ikimiz də əla rəqs edirik. Bir dəfə Şəkidə tədbirdə olarkən musiqi səsləndirdilər, dedilər hamını "Seld" oynamağa dəvət edirlər. Amma yoldaşım mənə dedi ki, əhəmiyyət vermə, qoy onlar bu mahnını çalsınlar, biz isə tans oynayaq. Bəzən bizi Bakıda toylara çağırırlar, orada əsl Azərbaycan rəqslərini ifa etməyə çalışırıq.

- İxtisasınız nədir?

- Havana Universitetinin riyaziyyat fakültəsini bitirmişəm. Amma səfir Marselo ilə ailə qurandan sonra elmi işlərimi davam etdirə bilmədim. Çünki həm ailə, həm də işimizlə bağlı xarici ölkələrdə yaşadığımız üçün sadəcə, vaxtım olmadı. Hansı ki, subay vaxtlarımda riyaziyyat-informatika sahəsində Kubada keçirilən bütün beynəlxalq tədbirlərdə iştirak edərdim. Buna baxmayaraq, yenə də xaricdə vətənimi təmsil etdiyim üçün çox xoşbəxtəm.

- Bayaq toylardan söz açdınız, Azərbaycan və Kuba toyları arasında hansı fərq və bənzərlikləri görürsünüz?

- Sizdə olduğu kimi, Kubada da gəlin maşınları gül və sairlə bəzədilir, gəlinlərə ağ gəlinlik geyindirilir, başlarına fata qoyulur. Amma şəxsi müşahidəmə əsasən başlıca fərq Azərbaycanda toylara həddidən artıq pul xərclənməsidir, burada toylar daha təntənəli keçir. Sizdə qonaqlar masa arxasında otururlar, yeyib-içib, şənlənirlər. Bizdə isə adamlar toya əsasən oynayıb-şənlənmək üçün gəlirlər. Yemək-içmək isə ayaqüstü həll olunur, bəylə gəlinə hədiyyələr verilir və sair. Burada süfrəyə o qədər çeşiddə yemək düzülür ki, adam bilmir hansından dadsın. Mən isə bayaq da dedim, qabağıma qoyulan bütün yeməkləri yeyirəm.

- Bir xanım olaraq ev işləri ilə mətbəxlə aranız necədir?

- Çox yaxşıdır, amma təəssüf ki, hazırda işlərin çoxluğundan buna vaxt ayıra bilmirəm. Görürsünüz, burada ev işlərinə baxan xanım bizə kömək edir. Hansı ki, çox istərdim əziz qonaqlarıma şəxsən özüm qulluq göstərim. Azərbaycan mətbəxini də çox sevirəm, amma əminəm ki, yeməklərinizi layiqincə bişirə bilmərəm. Onlar çox dadlı olur, görürsünüz, burada çox kökəlmişəm. Yeməkləriniz o qədər ləzizdir ki, qabağıma nə qoyurlar heç birinə yox demirəm.

- Daha çox hansı yeməklərimizi bəyənirsiniz?

- Yarpaq dolmasını və lüləkababları. Nə vaxt ki, toya gedirəm, süfrəyə gətirilən bütün lüləkababları mən yeyirəm. Azərbaycanda olduğumuz dövrdə o qədər qutab yemişəm ki, sayı-hesabı yoxdur.

- Bəs Kuba mətbəxindən nəyi xoşlayırsınız?

- Bizdə balıqdan hazırlanan yeməklər çox dadlı olur. Xüsusən də onu mənim atam bişirsin, yeməklə doymaq mümkün deyil. Bir dəfə atam balıq bişirmişdi, səfir Marselo isə təxminən 1 saatdan sonra təyyarə ilə uçmalı idi. Amma o, balığa elə girişmişdi ki, təyyarəyə gecikdiyini hiss etmirdi. Bundan əlavə, banandan hazırlanan tostenos adlanan, eləcə də dəniz məhsullarından bişirilən yeməklər də var. Hətta nə vaxtsa evimizə qonaq çağıranda çalışırıq bu yeməklərdən birini bişirək.

- Atanızın yaxşı yemək bişirdiyini deyirsiniz, o, aşpazdır?

- Yox, əslində yeməkləri anam bişirir, amma əlahəddə vəziyyətlərdə, əziz qonağımız gələndə yemək məsələsinə məhz atam baxır. Yeri gəlmişkən, atam mexannikdir, anam isə mühasib.

- Heç olubmu ki, cənab səfir yemək bişirsin?

- Hə, iki cür yemək hazırlayır. Biri Seneqal xörəyidir, ətdən hazırlanır, içinə müxtəlif qarışıqlar, hətta mal əti ilə yanaşı toyuq əti də qatır. Bu yeməyi vaxtilə Minskdə təhsil alarkən onunla birlikdə qalan seneqallı tələbələrdən öyrənib. Ona görə də yeyən kimi, dadlı olmasına baxmayraq, tələbə yeməyi olduğu açıq hiss olunur. İkinci yemək isə İspaniya resepti əsasında hazırlanır. Onun reseptini bizə Qazaxıstanda olarkən vermişdilər. Yemək çox dadlı olur. Yəqin bunun bir səbəbi də odur ki, xörəyin hazırlanmasına 150 avroluq məhsul sərf edilir. Çünki onların hamısını İspaniyadan gətirdirik. Yeri gəlmişkən, evimizə qonaq gələndə, eynən atam kimi, səfir Marselo özü mətbəxə keçir və bu yeməklərdən birini hazırlayır.

- Maraqlıdır, vətəninizə qayıdarkən Azərbaycandan xatirə olaraq nə aparmaq istəyərdiniz?

- Hara getmişiksə, bizə çoxlu hədiyyələr veriblər. Məsələn, əllə toxunmuş xalçalar, rəsm əsərləri, Laxıcdan və sair aldıqlarımız qab-qacaqlar var, hamısını Kubaya aparacağam. Yeri gəlmişkən, biz Afrikadan qayıdanda nə ki, gətirmişdik, hamısını Havanadakı evimizdə xüsusi guşədə saxlayırıq. Yəqin ki, Azərbaycandan aparacağımız əşyaları da başqa bir guşə düzəldəcəyik.

- "Eurovision" yarışması keçirilən müddətdə Bakıda olacaqsınız. Bu tədbirlə maraqlanırsınızmı, ümumiyyətlə, konsertə dəvət almısınızmı?

- Öncə deyim ki, tədbirin keçiriləcəyi ərazidə əvvəl zavod yerləşirdi. Bu yaxınlarda cənab səfirə dedim ki, gedək, baxaq görək orada tikinti işləri necə aparılır. Təsəvvür edin ki, gözlərimizə inanmadıq, ərazi tamam dəyişib, möhtəşəm konsert zalı tikilib, dəniz sahili boyunca yeni park salınıb. Əminəm ki, Bakıda keçiriləcək "Eurovision" yarışması da tarixi hadisə olacaq. Məncə biz şanslı adamlarıq ki, bu konserti Bakıda izləyəcəyik. Amma açıq deyim ki, konsertə bilet almamışıq. Hətta eşitmişəm atıq biletlər baha olmasına rəğmən satılıb, qurtarıb. İndi gözləyirik, bəlkə kimsə dəvət edər... Bütün hallarda təəssüflənmirəm, konserti televizorda da olsa izləyəcəyəm.

- Yeri gəlmişkən, Azərbaycan müğənnilərindən tanıdıqlarınız var?

- Araşın ifasını çox sevirəm. Hətta onunla birlikdə şəkil də çəkdirmişəm. Müasir Azərbaycan musiqisi xoşuma gəlir. İmkanım daxilində mahnılarınızı dinləyirəm.

 

 

Vüsal Tağıbəyli

 

Həftə içi.- 2012.- 8 may.-1;3.