"Eurovision-2012"nin alman təmsilçisi

 

"Eurovision-2012" mahnı müsabiqəsində Almaniyanı təmsil edəcək Roman Lob 1990-cı ildə Düsseldorfda doğulub. Musiqi karyerasına 2006-cı ildən başlayan bu şəxs "Rooftop Kingdom" rok qrupunun üzvü olub.

2008-ci ildə Almaniyanın "Eurovision" üzrə milli seçimlərində iştirak edib. Bu il yenidən seçimlərə qatılan Roman Lob finalda 50,7 gaiz səs toplayaraq ölkə təmsilçisi seçilib. O, Bakıdakı "Eurovision" şousunda "Standing Still" mahnısını ifa edəcək.

Roman Lob da digər iştirakçılar kimi Azərbaycanı daha yaxından tanımaq istəyənlərdəndir. Almaniyalı təmsilçi böyük şou hazırlıqlarına başlayıb. O, "Eurovision-2012" hazırlıqları barədə danışarkən Bakıdakı çıxışının çox sadə olacağını bildirib. 21 yaşlı müğənninin müsabiqədəki mahnısı ayrılıq mövzusundadır. "Standing still" adlı mahnı ilə Azərbaycanın ev sahibliyi edəcəyi böyük şouya gələn Roman Lob ölkəmizi və onun sakinlərini yaxından tanımaq arzusundadır. Almaniya təmsilçisi müsabiqə ərəfəsində boş vaxt taparsa, mütləq Bakı çimərliyinə gedəcəyini də söyləyib.

Roman Lob Bakıda dünya musiqiçiləri ilə görüş anını səbirsizliklə gözlədiyini bildirib: "Bu, böyük hissdir və çox xoşbəxtəm. Müsabiqədə iştirak mənim üçün çox şey deməkdir. Bütün bunlar həqiqətən cəlbedicidir".

Bakıda ifa edəcəyi mahnısı barədə danışan Lob etiraf edib ki, "Standing Still" ("Hərəkətsiz") mahnısını ilk saniyələrdən sevib: "Mahnını Ceymi Kallum yazıb. Mahnı ayrılan cütlük haqqındadır. Oğlan sevdiyi qızın onu tərk etməsi ilə barışmalıdır".

Onun sözlərinə görə, Bakıdakı müsabiqədə digər mədəniyyətlər və yeni insanlarla tanış olmağı səbirsizliklə gözləyir. Lob deyib ki, indiyə qədər "Eurovision"da səslənən ən sevdiyi mahnı müsabiqənin qalibi Lenanın "Satellite" mahnısıdır.

Qeyd edəkki, musiqi Lobun əsas peşəsi deyil və o, ixtisasca mexanikdir. Roman Lob həm "Eurovision-2012"nin ən yaraşıqlı kişi təmsilçisidir. Belə ki, Xorvatiyanın eurosong.hr saytının keçirdiyi maraqlı səsvermədə müsabiqənin ən cazibədar xanım yaraşıqlı oğlan təmsilçi müəyyən olunub. Səsvermənin nəticələrinə görə, "Eurovision" mahnı müsabiqəsi 2012-nin ən cazibədar qadın iştirakçısı 42,2 faizlə Yunanıstanlı Eleftheria Eleftheriou, ən yaraşıqlı kişi təmsilçi isə Roman Lob seçilib.

 

 

Nigar İxtiyarqızı

 

Həftə içi.- 2012.- 11 may.-S.8.