Bu gün 9 May Qələbə Günüdür
Bununla bağlı 28 mindən çox
müharibə veteranına birdəfəlik yardım verilib
Bu gün İkinci
Dünya müharibəsində faşizm üzərində Qələbədən
67 il keçir. Bəşər tarixində ən dəhşətli
bu müharibədə möhtəşəm Qələbənin
əldə olunmasına Azərbaycan xalqı da böyük
töhfələr verib.
Qeyd edək ki,
Böyük Vətən müharibəsində Azərbaycandan
640 mindən çox insan cəbhəyə yola salınıb
və onların təxminən yarısı döyüşlərdə
həlak olub. Eyni zamanda, döyüşlərdə göstərdikləri
igidliyə görə ölkəmizin 130-dan çox vətəndaşı
Sovet İttifaqı Qəhrəmanı adına layiq
görülüb, 170 mindən çox əsgər və
zabitimiz müxtəlif orden, medallarla təltif edilib. Bundan
başqa, Azərbaycanda təşkil olunmuş diviziyalar
Qafqazdan Berlinədən şanlı döyüş yolu
keçib, yüzlərlə həmyerlimiz isə partizan dəstələrinin
tərkibində vuruşub. Azərbaycanlı
çağırışçı və
könüllülərdən
formalaşdırılmış 77-ci, 223-cü, 336-cı,
402-ci və 416-cı milli atıcı diviziyalar
döyüşlərdə misilsiz igidlik və şücaət
göstərərək adlarını tarixə qızıl hərflərlə
yazıblar.
Bəs görəsən,
bu gün Azərbaycanda veteranlara göstərilən
qayğı hansı səviyyədədir? Veteranlar onlara
göstərilən diqqəti qənaətbəxş
sayırlarmı?
Bakı Veteranlar
Şurasının sədri Məmməd Qarayev "Həftə
içi"nə açıqlamasında dövlət tərəfindən
veteranlara göstərilən qayğıdan razı
olduğunu deyir. Onun sözlərinə görə, mərhum
prezident Heydər Əliyev Naxçıvandan Bakıya gələndən
sonra müharibə veteranlarına qayğı daha da artdı:
"Ona görə də biz veteranlar 9 may qələbə
bayramı ərəfəsində Heydər Əliyevin məzarını
ziyarət etməyi özümüzə borc bildik".
O bildirir ki, prezident
İlham Əliyevin bu günlərdə imzaladığı
"1941-1945-ci illər Böyük Vətən müharibəsi
iştirakçılarına, həlak olmuş və sonradan vəfat
etmiş döyüşçülərin dul arvadlarına,
arxa cəbhədə fədakar əməyinə görə
orden və medallarla təltif edilmiş şəxslərə
birdəfəlik maddi yardımın verilməsi barədə"
sərəncamı veteranların böyük sevincinə səbəb
olub: "Düzdür, bu artıq ənənə halına
çevrilib. Biz veteranlar
ölkə başçımızın qayğısından
razıyıq. Hər il 9 mayda
ölkə başçısı Sovet
İttifaqı Qəhrəmanı Həzi Aslanovun
abidəsi yaxınlığında bizimlə görüşür,
problemlərimizlə, qayğılarımızla maraqlanır.
Bu bizi daha
da ruhlandırır".
Müharibə
xatirələrinə də toxunan Məmməd
Qarayev deyir ki, o, 18-ci ehtiyat
alayının tərkibində Smolensk
vilayətinin hitlerçilərdən azad
edilməsində yaxından iştirak edib: "Bundan başqa, Leninqrad uğrunda gedən döyüşlərdə
də fəal iştirak etmişəm. Sonradan ağır yaralandım. İndi o illəri ancaq xatirələrdə yaşadırıq və
mayın 9-da biz veteranlar
bir yerə toplaşaraq
xatirələrimizi bölüşürük".
Həmsöhbətimiz
vurğulayır ki, hazırda sədri olduğu Bakı Veteranlar
Şurasının Bakının 11 rayonunda
şöbəsi fəaliyyət göstərir: "Hər
şöbənin də çoxlu
veteranı var. Ümumilikdə isə Veteranlar Şurası 324 təşkilatı,
90 minə yaxın veteranı öz ətrafında
birləşdirir. Onların arasında 1152 müharibə
veteranının adı var".
Digər
veteran həmsöhbətimiz Camal Qəhrəmanov da
dövlətin veteranlara göstərdiyi
qayğını yüksək qiymətləndirir. Onun sözlərinə görə, Azərbaycanda
veteranlar böyük
qayğı ilə əhatə olunublar:
"Böyük Vətən müharibəsində
mən arxa cəbhədə işləmişəm.
O dövrdə gecəmiz-gündüzümüz yox idi. Bütün günü
işləyirdik. Çünki arxa cəbhədə yaxşı işləməsəydik,
ön cəbhədə uğurlu
əməliyyatlar aparıla bilməzdi. İndi
o illəri xatırlayanda
qazandıqlarımız üçün
sevinsək də, itirdiklərimizə görə çox təəssüflənirik. Amma dövlətin göstərdiyi
qayğı bizə daima ruh
verir, həyata daha
möhkəm bağlanırıq".
Dövlət
Sosial Müdafiə Fondu
(DSMF) Böyük Vətən müharibəsinin
iştirakçılarına birdəfəlik maddi
yardımların verilməsi məqsədilə ümumilikdə
6,645 milyon manat məbləğində
ödəniş edib. DSMF sədri Səlim
Müslümov jurnalistlərə
açıqlamasında bildirib ki, 28 968 nəfərin hesabına
köçürülməsi nəzərdə tutulan 7,5 milyon manatdan 6,645 milyon manatı
artıq ödənilib. Qalan vəsait
854,5 min manat təşkil
edir. Həmin məbləğ şəxslərin
müraciətlərinin təmin edilməsindən
asılı olaraq ödəniləcək.
Onun sözlərinə görə, hər
biri 500 manat məbləğində
birdəfəlik maddi yardım alan şəxslərin ümumi
sayı 2739 nəfərdir, qalan 26 229 nəfər
isə 200 manat yardım alır.
Yeri gəlmişkən, 1941-1945-ci illər
müharibəsi iştirakçılarına dövlət tərəfindən
verilən birdəfəlik maddi
yardımların ən yüksək məbləği Azərbaycanda
qeydə alınıb. Məsələn, Qazaxıstanda bu məbləğ Azərbaycan manatı ilə
götürsək, təxminən 357 manat,
Ukraynada 100 manat, Belarusda 135 manat, Rusiyada 138 manat və s. təşkil edib.
Sevinc
Həftə içi.- 2012.- 9-10 may.- S.6.