Özünü Fransa sayan sərkərdə - Napoleon

 

            Bir vaxt arxası ilə milyonları aparan, fransızları Avropaya qan uddurmağa vadar edən şəxsin ölümü nədənsə, mərhəmət coşqunluğu yaratmadı. Romantizm dövrü gəldikcə Don Juan, Faust və Prometey kimi qəhrəmanların sırasına qoşularaq mifik qəhrəmana çevrildi o. Vandom meydanındakı sütun və triumfal arka onun dövrünün simvolu kimi hələ də yerindədir.

            Söhbətin Fransanın dahi sərkərdəsi Napoleon Bonapartdan getdiyi yəqin anlaşıldı. XVI Lüdovik kasıblamış zadəgan ailələrinə pulsuz savad almaq imkanı verəndə Napoleonun bacı və qardaşları da bu imkandan istifadə elədilər. Kasıblar içində ən kasıbı olan Napoleon Korsika patriotizmi və fransız zülmkarlarına qarşı ideyaları təbliğ eləyirdi. O elə hesab edirdi ki, Fransa onun özüdür.

  Deyilənə görə, bir dəfə Napoleon postda yatan əsgərə rast gəlir. Dövrün qanununa görə həmin əsgər güllələnməliydi. Napoleon əsgəri oyatmadan onun silahını götürüb postda durur. Vaxt çatanda onun əvəz eləməyə gələn serjant görür ki, imperator postdadır, əsgər isə yatır. Napoleon anlayırdı ki, çiyninə tüfəng alıb postda duran imperator haqqında xəbər həmin dəqiqə yayılacaq. Ancaq bu, onu narahat etmir.

 

Heç cürə ölmək bilməyən imperator

  

Napoleon həyəcanlı ömründə dəfələrlə ölümlə üzbəüz qalsa da, sanki sehrliymiş kimi qurtula bilir. Əlində bayraq qoşunun önündə gedəndə də, baş açılmaz xəstəlikdən saralıb qupquru qurusa da, tauna yoluxmuşların hospitalına getsə də, həmişə vəziyyətdən çıxış yolu tapırdı. Elə bil ölüm özü "hələ vaxtı deyil" deyib ona yaşamaq şansı verirdi.

Napoleon qoşunu Misirdə atıb Fransaya dönəndə ölkəni idarə edən direktoriya onu fərari elan eləmişdi. Onu ölüm gözləsə də, heç kim xalqın sevimlisini qətlə yetirməyə ürək eləmirdi. Napoleonun həyatında belə bir epizod da var: Döyüş vaxtı imperatorun yaxınlığına fitili alovlanan bomba düşür. Qaçıb gizlənən əsgərlərə görk eləmək üçün Napoleon ata minib bombanın lap qənşərində durur. Partlayışdan atın içalatı yerə tökülsə də, Bonapartın heç burnu da qanamamışdı. Napoleon üçün hazırlanmış bombalar gah terrorçunun əlində, gah da o keçəndən sonra partlayırdı. Hətta özünü öldürmək cəhdləri də alınmırdı. Vaterloo döyüşünün uğursuzluğundan və taxt-tacdan imtina edəndən sonra Napoleon sianid kalium qəbul etsə də, ölə bilmədi. İki il cibində gəzdirildiyi üçün təsirini itirmiş zəhər ona səhərədək zülm versə də, subh tezdən günəş çıxan kimi Napoleon da ayağa qalxmışdı.

 

"Bir az da geciksən, məni xəstə tapacaqsan"

 

"Mən taxtda olarkən lütfkarlığımı saxlaya bilmişəmsə, siz fransızlar buna görə Jozefinaya minnətdar olmalısınız. Onun incəliyi və nəvazişi mənim xasiyyətimi yumşaldaraq dəliliyimi ram edə bilirdi".

 Onlar tanış olanda Napoleon Fransanın tanınmış adamı, Jozefina Boqarne isə iki uşaq anası, kübar cəmiyyətin gözü və azad dul qadın idi. Evlənmək təklifini qəbul edəndə qadının 32, Napoleonun isə 26 yaşı vardı. Toy hədiyyəsi olan göy yaqut qaşlı üzüyün iç tərəfində yazılmışdı: "Bu, taledir!" Amma toydan iki gün keçmiş Napoleonun təzə gəlini qoyub cəbhəyə getməsi elə bil ki, onların bütün ailə münasibətlərinin təməlini qoyur. Sevgilisindən uzaqlaşdıqca hər dəfə atları dəyişməkçün dayananda Jozefinaya növbəti məktub yazılırdı: "Mən and içmək istəyəndə əlimi sənin portretini saxladığım sinəmin üstünə qoyuram. Sən gələcəksən, eləmi? Mənim yanımda olacaqsan?! Tez gəl!.. Ürəyim yüzlərlə bıçaq batırılmış kimi ağrıyır. Bu bıçaqları daha da dərinə soxma, yalvarıramg Sən 6 aydır ki, mənim portretimi belə əlində tutmursang Bax, bir az da geciksən, məni xəstə tapacaqsan!.. Əgər məni sevmirsənsə, bu dünyada yaşamağımın mənası yoxdur..."

 O isə gəlib çıxmaq bilmirdi. Əsgərlərlə bərabər döyüş meydanlarında yaşamaq Jozefinanın ürəynicə deyildi. Tarixçilər "Napoleon növbəti dəfə qoşunu qoyub getdi" yazanda o, Jozefinanın görüşünə qaçırdı. Jozefina isə arabir xəyanətlərinin sayından bezmiş Napoleonun qapısının ağzında ağlayıb səhərəcən üzr diləməli olurdu.

  

 Saçı-başı pırtlaşıq xoşbəxt imperator

     

 Böyük siyasət, daimi səfərlər, müharibələr onların "ailə" həyatının ayrılmaz hissəsi idi. Əvəzində Napoleon zinət əşyalarını çox sevən Jozefinaya qiymətli hədiyyələr edərdi. Tacqoyma mərasimində Jozefina üçün hazırladığı dəfnə budaqları formasında duadema 1040 brilyantla bəzənmişdi. Bu forma 200 il ərzində dəbdən düşmədi.

 İmperiyanın maraqları naminə sevimli qadını Jozefina ilə ayrılaraq Avstriya imperatorunun qızı Mariya-Luiza ilə evlənir. Mariya Luiza uşaqlıqdan dövlət maraqlarına xidmət edəcək nikaha hazırlanırdı. Napoleon arvadını dəmir barmaqlıqlar arasında saxlamaq fikrindəydi. Jozefinanın yüngüllüyü ona dərs olmuşdu. Amma xanımının otaqlarını bəzəməkçün ləvazimatı, geyimi, zərgərlik məmulatlarını, qab-qaşığı da şəxsən özü seçirdi. Gəlinin toya gəlməsini gözləməyə səbri çatmayan Napoleon korteji gözləməyərək özü Mariya-Luizanı qarşılamağa çıxmışdı. Napoleon kilsədəki və kubar nikah mərasimlərini gözləməyə də səbri çatmadı... Yeni arvadının cavanlığı və bakirəliyi ona xüsusi ləzzət vermişdi.

 O, çox çalışırdı ki, yaxşı ər olsun, arvadını teatrlara, ballara, hətta ova da aparırdı. Onun zəhmətini yerə vurmayan Mariya-Luiza əvəzində Napoleona oğul hədiyyə elədi. Napoleon arvadını imperatriçə, kraliçə və imperiyanın regenti elan elədi. Napoleon Elba adasına sürgün edilən kimi bu qadın oğluyla birgə Vyanaya qayıdaraq öz həyatını yaşamağa başladı. Onu adada gözləyən və Avstriya imperatoruna məktubunda arvadını və oğlunu tələb edən Napoleon əmin idi ki, Mariyanı buraxmırlar. Napoleonun Mariya-Luizanın nikahdan kənar ikinci uşağa hamiləliyindən xəbəri yox idi. İmperatorun vəsiyyətinə görə öləndən sonra ürəyini ikinci arvadı Mariya-Luizaya göndərməliydilər. Amma nə qədər ki, ürəyi döyünürdü o, birinci arvadı Jozefinanı düşünürdü...

        

 Ayrılığı göz yaşlarıyla almışdı

       

Napoleonla boşanandan sonra Jozefina Evre ətrafına köçüb zəngin həyat yaşamağa başlamışdı. O istədiyi hər bir şeyi əldə eləmişdi: Yelisey, Malmezon və Navarra malikanələri, illik 3 milyon renta, əvvəlki kimi titul, gerb, mühafizə və hörmət. Napoleon üçün verdiyi saraylar heç nə idi. O, ayrılığı daha baha qiymətə, göz yaşlarıyla almışdı. Atdığı arvadının həyatının xırda detallarıyla hələ də maraqlanan Napoleon məktubu məktuba calayırdı. Amma Malmezona gələndə heç vaxt Jozefinanın otağına keçməz, ətrafdakılara "keçmiş arvadını məşuqəsi kimi saxlayır" deməyə imkan verməzdi. Jozefinanın oğlu Yevgeni sonradan İtaliyanın vitse-kralı, qızı Qortenziya isə Holland kralı Lüdovik Bonapartın arvadı və 3-cü Napoleonun anası olur.

Napoleon təbabətə inanmırdı, ona görə də həmişə müalicədən imtina edərdi. Ondan soruşanda ki, "Siz fatalistsiz, qəzavü-qədərə inanırsınızmı", - belə cavab vermişdi: "Əlbəttə! Taleyin dediklərinə həmişə qulas asmaq lazımdır. Nə yazılıbsa, o da olacaq!" Sona yaxın müalicədən imtina eləməsini heç gür anlamayan həkiminə "Başa düşürsünüz, mən xəstəlikdən ölmək istəyirəm" demişdi. Ölümünə az qalmış Napoleonun xidmətçiləri göydən düşən komet görmüşdülər. Bunu eşidən imperator çığırmışdı: "Komet Sezarın ölümünü qabaqcadan bildirmişdi, mənim ölmümü də xəbər verir!"

Sona yaxın Napoleon birdən-birə iştah açdı, bir az meyvə yeyib şampan içdi. Sabahısı vəziyyəti ağırlaşanda hava almaqçün onu əlləri üstə bayıra çıxarmaq təklifini eşidəndə "Yox, mən öləndə onsuz da əlləriniz üstə aparacaqsınız, hələ ki, mənə dəstək olsaz kifayətdi" demişdi.

Napoleon öləndə ağzından bir kəlmə çıxdı: "Jozefina..."

    

"Mışyak"a qurban gedən Napoleon

    

Həkimlərin diaqnozuna görə, Napoleon mədə xərçəngindən vəfat eləmişdi. Amma ölümündən sonra şayiələr gəzirdi ki, onu zəhərləyiblərmiş. 20-ci əsrdə Napoleonun saçını xüsusi avadanlıq vasitəsilə tədqiq edəndə saçın tərkibində "mışyak"ın normadan 13 dəfə artıq olduğunu ortaya çıxarmışdılar. Bu zəhəri ona uzun müddət, az dozalarda verirmişlər. Başqa bir versiyaya görə, zəhər Napoleonun bədəninə mışyak tərkibli yapışqanı olan yaşıl rəngli sevimli divar kağızından da keçə bilərdi. Adaya gələn kimi sürətlə kökəlməsi də mışyakla zəhərlənmənin simptomlarından biri sayılır. Bəzi alimlərsə Napoleonun kökəlməsini onun sona yaxın harmonal xəstəliyin olmasıyla bağlayırlar. Guya, onun qanında qadın harmonları kişi harmonlarını üstələməyə başlamışdı.

 

 

Nigar İxtiyarqızı

 

Həftə içi.- 2012.- 12-14 may.-S. 16.