Britaniya iştirakçısı

 

     Böyük Britaniyanı "Eurovision-2012" mahnı müsabiqəsində 75 yaşlı Engelbert Hamperdink təmsil edəcək. Əsl adı Arnold Corc Dorsi olan bu dünyaşöhrətli bariton 45 illik uğurlu musiqi karyerasına sahibdir. Onun səsyazıları bu vaxtadək 150 milyon nüsxə ilə satılıb.

     Dörd "Qremmy" sahibinin 63 qızıl 24 platin musiqi albomu var. Bundan əlavə, Engelbert Hamperdink Hollivudda Los Ancelesdəki "Şöhrət xiyabanı"nda ulduzu olan məşhurlardandır. O, dünya şou-biznesinin varlıları siyahısında 5-ci yerdədir. Engelbert Hamperdink bu vaxtadək 80 musiqi albomunu təqdim edib. Müğənni ölkəsini builki müsabiqədə təmsil etməkdən müsabiqənin bir parçası olmaqdan şərəf duyduğunu söyləyib. Engelbert Hamperdink Bakı səhnəsində ifa edəcəyi mahnını London, Los Anceles Naşvill şəhərlərində yazdırıb. Mahnı bir çox məşhurlarla işləyən Martin Terefe Sacha Skarbek tərəfindən təqdim olunur.

      Xatırladaq ki, "Eurovision" ailəsinin "böyük beşliyi"nə daxil olan Böyük Britaniya mayın 26-da birbaşa final şousunda iştirak etmək hüququna malikdir. Onu müsabiqənin ağsaqqalı da adlandırırlar. Çünki Engelbert bu yaxınlarda 76 yaşını qeyd edib. Engelbert Hamperdink Bakı səhnəsində keyfiyyətli musiqinin təbliğinə önəm verəcəyini bildirib. "Əgər sənin keyfiyyətli məhsulun, ürəkləri fəth edən mahnın varsa, tamaşaçılar da sənə səs verəcək", - deyən britaniyalı təmsilçi dünya üzrə 120 fan klubun olmasından qürur duyduğunu dilə gətirib.

      Maraqlıdır ki, Engelbert Hamperdink "Eurovision-2012" mahnı müsabiqəsindəki rəqiblərinin mahnılarını dinləməyə vaxtı olmadığını bildirib: "Hələlik bütün fikrimi öz mahnım üzərində cəmləmişəm, rəqiblərimi isə müsabiqəyə bir həftə qalmış dinləyəcəm".

      Engelbert Hamperdink müsabiqəni Bakıdan birbaşa Böyük Britaniyaya aparmaq istədiyini bildirib. O, builki müsabiqədə böyük uğura imza atacağına inanır. Engelbert 57-ci dəfə keçiriləcək müsabiqəsini zəngin tarixə malik möhtəşəm tədbir adlandırıb: "Mən 1969-cu ildə Lulunun, 1974-cü ildə "ABBA"nın 1976-cı ildə "Brotherhood of Man" qrupunun qalibiyyətini xatırlayıram. Böyük Britaniyanın 1997-ci ildə əldə etdiyi birincilik sonuncu qalibiyyətimiz idi. Mən bu uğuru təkrarlamağa çalışacağam".

      Konsertlərində qrupu ilə birgə canlı çıxış edən Böyük Britaniya təmsilçisi "Eurovision-2012"də onunla bərabər gitara ifaçısı Ceyms Brayanın da səhnəyə çıxacağını qeyd edib. Səhnə performansının bu məqamını açıqlayan Böyük Britaniya təmsilçisi, digər məqamları sirr saxlamağa üstünlük verib.

      Bakıdakı şoudan da danışan Engelbert Hamberdink "Eurovision-2012"də Rusiya təmsilçiləri "Buranovskiye babuşki"ni bəyəndiyini açıqlayıb. Onu da qeyd edək ki, "Buranoskiye babuşki" qrupunun üzvləri cavanlıqda Engelbertin pərəstişkarı olub. Elə buna görə nənələrin həyat yoldaşları onları yaraşıqlı müğənniyə qısqanaraq müsabiqədə iştirak etmələrinə icazə verməmişdilər. Lakin sonradan nənələr babaları yola gətirə bilmişdi. Engelbert düşünür ki, Bakıda çox qızğın mübarizə yaşanacaq. Hamperdink Avropadakı bütün pərəstişkarlarına təşəkkür edib. "Ümidvaram ki, mənə dəstək olacaqsınız. Müsabiqəni Böyük Britaniyaya aparmaq istəyirəm..."

      Britaniya təmsilçisinin bütün dünyada olduğu kimi, Azərbaycanda da fanatları var. O, Bakıda yaşayan fanatına imzalı fotosunu da göndərib. BBC əməkdaşlarının Bakıda 57-ci "Eurovision" hazırlıqları ilə bağlı reportajını elə bu telekanaldakı verilişdə canlı yayım zamanı izləyən əfsanəvi müğənni onun mahnılarını sevə-sevə dinləyən ifa edən Tünzalə Qəhrəmanı sevindirib. Bir vaxtlar caz müğənnisi kimi tanınan Tünzalə Qəhrəman Bakıdakı "Eurovision" Mərkəzinə gələrək 75 yaşlı britaniyalı həmkarının ona qarşı bu diqqətindən keçirdiyi sevinc hissini eurovision.az saytı ilə bölüşüb.

 

 

     Nigar İxtiyarqızı

 

     Həftə içi.- 2012.- 12-14 may.- S. 15.