"Səmavi-şəms"lə
parlayan ulduz
2005-ci il Muğam Müsabiqəsi onu
Azərbaycanda xeyli dərəcədə məşhurlaşdırdı.
Əsl Qarabağ xanımlarına xas mədəni
davranışları, gözəlliyi və ən əsası
məlahətli səsilə milyonların ürəyinə
yol tapdı. Gənc olmasına baxmayaraq, "Kəsmə
şikəstə"si ilə yanmış ürəklərə
sanki su çilədi, ruhları yerindən oynatdı. Sanki bir
anlıq özümüzü özümüzdən
ayırıb saflaşdıra-saflaşdıra Qarabağa, ermənilərin
tapdağı altında inildəyən doğma torpaqlara, dədə-baba
yurduna aparır.
Beləliklə,
"Seçilənlər" rubrikasında bu dəfə həmsöhbətimiz
2005-ci il Muğam Müsabiqəsinin iştirakçısı
Oksana Aslanovadır. Müsahibimiz söhbəti öz həyatından,
ilk sənət müəllimindən başlayaraq Belarusiyada
doğulduğunu deyir. Yeddi yaşında ailəsi ilə
birlikdə Ağdam şəhərinə köçüb.
Ağdam 7 saylı rus təmayüllü orta məktəbdə
oxuyub: "İki il Ağdamda yaşadıq. Tanrı bu
müqəddəs şəhəri mənə çox
gördü. Hələ 9 yaşımda Ağdam şəhəri
işğal olundu. Ailəmiz Tərtərin Hüsənli kəndinə
gəlib uşaq bağçasında məskunlaşdı.
Ağdamda ikimərtəbəli ağ daşdan
hörülmüş evimiz var idi. Həmin evlər Bakıda
indi-indi tikilir".
Oksana xanım
söyləyir ki, hələ Belarusiyada yaşayarkən həmyaşıdları
arasında muğama meyilliliyi, ecazkar səsi ilə fərqlənib.
Dediyini görə, elə o vaxtdan qeyri-ixtiyari hərdən
öz dünyasına qapılar, musiqi, xüsusən də
muğam dinləyərmiş: "Anamın gözəl səsi
olub. Ona görə də çəkinmədən hisslərimi,
muğama meyilli olduğumu anama söylədim. Anam səsimin
olduğunu biləndə mənə xalq və bəstəkar
mahnıları öyrətməyə başladı. Sonradan Tərtərin
Hüsənli kənd orta məktəbinin bütün tədbirlərinə
məni dəvət edərdilər".
Konservatoriyadan universitetə,
universitetdən səhnəyə
Ozünü musiqi,
muğam sənətinin bir parçası kimi hiss edən
müsahibimiz gələcək karyerasını da bu istiqamətdə
qurmağa başlayır. Bunun üçün 2000-ci ildə
orta məktəbi bitirən kimi sənədlərini Milli
Konservatoriyaya vermək istəyib. Amma valideynləri musiqiyə
böyük maraq göstərsələr də, buna razı
olmayıb. Buna görə də qəbul imtahanlarında Azərbaycan
Dövlət İqtisad Universitetini seçmək məcburiyyətində
qalıb: "Universitetdə oxuyanda "28 may" Mədəniyyət
Evində kompyuter kursuna da gedirdim. Kompyuter kursuna mənimlə
birgə gedən qızlardan biri Mədəniyyət Evində
səs kursunda təhsil aldığını dedi. Həmin
qızla Mədəniyyət Evinin direktoru Fərhad
Hüseynovun yanına getdik. Gəlişimizin səbəbini
ona bildirdik. Fərhad müəllim pianinonun arxasına
keçib qızın səsini yoxlamağa başladı. Amma
qızın səsi pərdəyə düşmürdü.
Özümdən asılı olmayaraq, qızın yerinə
oxumağa başladım. Bunu görən Fərhad müəllimi
sanki yuxudan oyanmış kimi təəccüb
götürdü. Çünki neçə müddətdir
kompyuter kursuna gəlirəm, amma o bilmirdi ki, mənim səsim
var. Tez ayağa qalxıb məni muğam dərnəyinin rəhbəri,
tanınmış xanəndə Əlövsət
Hüseynovun yanına aparıb vəziyyəti ona
danışdı. Əlövsət müəllim mənim
hansı bölgədən olduğumu soruşdu.
"Ağdamlıyam" cavabını verəndə Əlövsət
müəllimin gözləri doldu. Çox kövrəkcə
"qızım, mən də ağdamlıyam" dedi.
Karyera
yüksəlişinə aparan təsadüf
"28 may" Mədəniyyət
Evindəki bu təsadüfi görüş Oksana
Aslanovanın gələcək karyerasında və ümumiyyətlə,
həyatında ciddi dönüşün əsasını
qoyur. Əlövsət Hüseynov onun ifasını dinləyib
bəyəndikdən sonra "sənə kömək edəcəyəm
, sənin gözəl və məlahətli səsin var"
deyib. Bundan sonra Oksana mütəmadi olaraq kursa gəlib Əlövsət
müəllimdən muğamları öyrənməyə
başlayıb: "Həmin ərəfədə eşitdim
ki, "SPACE" televiziyasında Muğam Müsabiqəsi
keçiriləcək. Mən də müsabiqədə
iştrak etmək qərarına gəldim və bu barədə
müəllimim Əlövsət Hüseynovla məsləhətləşdim.
O da mənim fikrimlə razı oldu və aparıb sənədlərimi
müsabiqəyə təqdim etdim".
Həmin müsabiqədə
Oksana xanım münsiflər heyətində Xalq artistləri,
professor Arif Babayev, Mənsum İbrahimov, Səkinə
İsmayılova, Ramiz Zöhrabov, Nadir İsmayılovu daha
yaxından tanıyır. Nəhayət, gənc xanəndə
ilk dəfə korifey sənətçilərin
qarşısında imtahan verir: "Müsabiqə gərgin
keçirdi. Çünki istedadlıların
istedadlısı seçilirdi. Mən "Səmayi-şəms"
muğamını ifa etdim. İfam münsiflər heyətinin
xoşlarına gəlsə də, bir söz demədilər.
Ancaq sözləri bu oldu ki, get evə, lazım olsa, biz sizi
çağıracağıq. Bir neçə gündən
sonra zəng gəldi. Təsadüfən telefonu mən
götürdüm. Münsiflər heyətindən dedilər
ki, qızım, siz artıq müsabiqənin birinci mərhələsindən
keçmisiniz. Növbəti mərhələyə gəlmək
lazımdır".
Növbəti mərhələdə
"Şahnaz" muğamını ifa etdərək
muğam müsabiqəsinə qatılan Oksana Aslanova deyir ki, həyatında
xırda bir təsadüf sənətin qapılarını
beləcə onun üzünə açıb. Müsabiqədən
sonra Asəf Zeynallı adına Musiqi Kollecinə daxil olaraq
burada korifey sənətçimiz, muğam ustası Mənsum
İbrahimovdan muğamın sirlərini öyrənib. Sonra
musiqi təhsilini Milli Konservatoriyada davam etdirib:
"Konservatoriyada da müəllimim Mənsum İbrahimov olub.
Mən ən böyük dəstəyi müəllimim Mənsum
İbrahimovdan almışam".
"Biz
pulun yox,sənətin arxasınca gedirik"
Muğam
ifaçısı hazırda Xan Şuşinski adına
Ağdam Rayonlararası Muğam Məktəbində müəllim
kimi fəaliyyət göstərir. Həm də bu məktəb
Rafiq Rüstəmov, Barat Fərhadov kimi sənətkarlarla
işləməyin onun üçün böyük səadət
olduğunu deyir: "Bu muğam məktəbi onlarla
tanınmış istedadl sənətçilər yetirib. Bu
günün özündə də bu məktəbdə əsl
istedadlılar oxuyur. Müsabiqədən sonra Muğam
Teatrına dəvət alsam da, orada ancaq 6 ay işlədim.
Vaxtaşırı televiziya kanallarında
çıxışlarım olur, məni tədbirlərə
dəvət edirlər. Sağ olsunlar, televiziyanın
kanalları bizi unutmur, dövlət tədbirlərinə də
bizi çağırırlar".
Oksana xanım
muğamın, eləcə də milli musiqimizin
inkişafında Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın
böyük xidmətlərinin olduğunu da söyləyir.
Deyir ki, bu gün də fondun bütün tədbirlərinə
qatılır: "Heydər Əliyev Fondu diqqət və
qayğısını bizdən əsirgəmir".
Oksana xanım deyir ki,
onun ən böyük arzusu Opera Balet Dram Teatrında
şıxış etməkdir. Amma bu barədə teatrın
rəhbərliyinə məlumat verməyib. Hərdən el
şənliklərinə, çoxsaylı toylara dəvət
edildiyini deyən gənc xanəndə toylara getmir. Səbəbini
isə belə izah edir: "Biz pulun yox, sənətin
arxasınca gedirik. Ustadım Mənsun İbrahimov həmişə
bizə belə məsləhət verib, biz böyük sənətkarlardan
bunu görmüşük. Baxmayaraq ki, muğam sənətindən
dərs deyirəm, müəllim işləyirəm, hələ
də öyrənirəm. Özümü sənətkar
gözündə görürəm, ya görmürəm, bunu
ilk öncə ustadlarımız deməlidir".
Qələndər
Xaçınçaylı
Həftə içi.-2012.- 15 may.- S.7