2012-ci il İsmayıllıda "Kitabxanalar ili" elan edilib

 

"2011-2015-ci illərdə daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası və qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafı üzrə Dövlət Proqramı"nın layihəsi artıq Mədəniyyət və Turizm Nazirliyi tərəfindən işlənib hazırlanıb. Bu baxımdan regionlarda olan tarix və mədəniyyət abidələrinin bərpası və konservasiyası da həmin layihənin tərkib hissəsi olaraq nəzərdə saxlanılır.

Bu sahədə İsmayıllı rayonunda da xeyli sayda işlər görülür. Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayevin ötən il yanvar ayının 26-da imzaladığı 27 saylı əmrlə 2010-2014-cü illər "Azərbaycanın Xalq Yaradıcılıq Paytaxtı" proqramı çərçivəsində 2011-ci il üçün İsmayıllı rayonu "Azərbaycanın Sənətkarlıq Paytaxtı" elan olunub.

Qeyd edək ki, hazırda İsmayıllı rayonunda Mədəniyyət və Turizm Nazirliyi sisteminə daxil olan 13 mədəniyyət evi, 24 klub, 60 kitabxana, 1 Uşaq İncəsənət məktəbi, Lahıc və Basqal tarix mədəniyyət qoruqları, rayon və Lahıc Tarix-diyarşünaslıq muzeyləri, Heydər Əliyev Mərkəzi fəaliyyət göstərir. Rayonda fəaliyyət göstərən 37 klub müəssisəsindən 3-ü, 60 kitabxana müəssisəsindən 2-si xüsusi layihə əsasında tikilib, istifadəyə verilib.

İsmayıllı Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Azər Abbasov "Həftə içi"nə müsahibəsində rayondakı mədəniyyət və turizm sahəsində görülən işlərdən danışıb:

- Rayon mədəni-maarif müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində rayonda hansı tədbirlər həyata keçirilib?

- İlk olaraq Mərkəzləşdirilmiş Kitabxana Sisteminin inzibati binasında, Uşaq İncəsənət məktəbində, Mollaisaqlı kənd Mədəniyyət evində kitabxanada, Qubaxəlilli kənd Mədəniyyət evində, Diyallı kənd Mədəniyyət evi və kitabxanasında, Quşencə kənd kitabxanasında əsaslı təmir işləri aparılıb. Bundan başqa, rayonda inventar və avadanlıq alınması ilə əlaqədar tender keçirilib. Ölkəmizdə "Turizm ili" elan edilməsi ilə bağlı rayonda da tədbirlər planı hazırlandı. Rayon ərazisində olan istirahət mərkəzləri ilə mütəmadi əlaqə saxlanıldı. Elə bu səbəbdən də ötən il rayona gələn turistlərin də sayı əvvəlki illərlə müqayisədə çox fərqlənib.

- "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı"nın icrası ilə əlaqədar rayonda hansı işlər görülüb?

- Əvvəlki illərdə şöbədə kompyuter olmadığı halda 2010-2011-ci illərdə 28 ədəd kompyuter avadanlığı alındı ki, bunun da 16 ədədi bu ilin payına düşdü. Hazırda Mədəniyyət və Turizm Şöbəsinin internet saytı yaradılıb. Mərkəzləşdirilmiş Kitabxana Sistemi, Uşaq kitabxanası, Kürdmaşı, Talıstan və İvanovka kəndlərinin kitabxanaları kompyuterlərlə təmin edilərək internetə qoşulub. Proqramın Tədbirlər planın 2.1.5 bəndinin icrasını təmin etmək məqsədilə qəza vəziyyətində olan, uyğunlaşdırılmış və şəraitsiz, həmçinin özəl binalarda yerləşən, habelə oxucusu və kitab fondu az olan kənd kitabxana filiallarının birləşdirilməsi ilə əlaqədar layihə hazırlanaraq nazirliyə təqdim olunub. Mədəniyyət və Turizm Nazirliyinin ötən ilin birinci yarım ili üçün iş planının 2.34 saylı bəndinə uyğun olaraq rayonda mədəniyyət evlərinin bazasında rayon mədəniyyət mərkəzlərinin və onların filiallarının yaradılması ilə bağlı layihə hazırlanaraq nazirliyə göndərilib.

  

   - Ötən il İsmayıllı şəhəri "Azərbaycanın Sənətkarlıq Paytaxtı " elan olundu. Bu rayon üçün hansı töhfələri verdi?

- Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin dəstəyi ilə 2011-ci ildə İsmayıllı şəhərinin "Azərbaycanın Sənətkarlıq Paytaxtı" elan olunması ilə əlaqədar rayonun Heydər Əliyev adına mərkəzi meydanında xalq sənətkarlarının əl işlərindən ibarət zona sərgisi keçirildi. Sərgidə İsmayıllı, Qəbələ, Oğuz, Şəki və Şamaxı şəhərlərinin sənətkarlarının əl işləri nümayiş olundu. Keçirilən sərgidə nümayiş olunan sənətkarlıq növlərinə baxış keçirildi və sənətkarlardan 23 nəfərə Fəxri fərman və 8 nəfər sənətkara isə pul mükafatı təqdim olundu. Həmçinin, rayon mədəniyyət və turizm şöbəsi, gənclər və idman idarəsi ilə birgə "Şahbulaq" istirahət mərkəzində ölkə başçısının 20 iyul 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında 2011-ci ilin "Turizm ili" elan edilməsi ilə əlaqədar tədbirlər planı"nda nəzərdə tutulmuş "Bu Vətən Bizimdir" adlı turist düşərgəsi təşkil olundu. Tədbirdə rayon mədəniyyət evinin "Niyal" instrumental ansanblı konsert proqramı ilə çıxış etdilər. Həmçinin, rayonun Heydər Əliyev parkında ictimai kanalın 3 saatlıq "Yeni gün" proqramı keçirildi. Verilişdə sənətkarların əl işləri nümayiş olundu. Rayon ziyalılarından Baba Vəziroğlu, Musa Yaqub, Pünhan İsmayıllı və digər tanınmış şəxslər rayon haqqında öz fikirlərini söylədilər. Bununla yanaşı rayonda gənclərin istirahətinin maraqlı keçməsini təmin etmək məqsədilə gənc tələbə mədəniyyət evində birgə kino günləri təşkil edildi. İlk gün "Aşk təsdüfləri sevər" türk filmi nümayiş olundu və daha sonra filmin müzakirəsi keçirildi. Ötən il az qala hər gün İsmayıllıda mədəniyyət və turizmə aid hansısa bir tədbir təşkil olunurdu.

- Bu tədbirlər sırasında hansı tanınmış şəxsiyyətlərin yubileyi keçirildi?

- Bir sıra tanınmış şəxsiyyətlər, şairlər, aşıqların yaradıcılıq gecələri keçirildi. Ən əsası və yadda qalanı isə rayon mədəniyyət evində təşkil olunan Aşıq Ələsgər-90 "Sazlı-sözlü dünyam" ədəbi-bədii yubiley gecəsi oldu. Tədbirdə rayon aşıqları geniş konsert proqramı ilə çıxış etdilər. Tədbirdən sonra qonaqlar Heydər Əliyev adına Mədəniyyət və istirahət parkı ilə tanış oldular. Rayon tarix diyarşünaslıq muzeyində eksponatlarla tanışlıqdan sonra Hapıt folklor kollektivinin çıxışlarını dinlədilər. Həmin gün Xalq yaradıcılıq klubunda sənətkarların əl işlərinə baxış keçirildi və Lahıc folklor kollektivinin çıxışları dinlənildi. Daha sonra İvanovka qəsəbəsində olan qonaqlar İvanovka Xalq folklor kollektivinin çıxışı ilə tanış oldular.

- Bu il rayon Mədəniyyət və Turizm idarəsi tərəfindən hansı işlərin görülməsi nəzərdə tutulub?

- Yanvarın 5-də İsmayıllı Rayon Mədəniyyət və Turizm Şöbəsinin daxili imkanlar hesabına 2 nəfərdən ibarət Turizm İnformasiya Mərkəzi yaradılaraq lazımi inventar və avadanlıqlarla təmin olundu. Ümumilikdə isə bu il Mədəniyyət və Turizm Naziri Əbülfəz Qarayevin əmri ilə Tarix və Mədəniyyət abidələri ilə bağlı pilot rayonu seçildi. Ölkə başçısının imzaladığı "2011-2015-ci illərdə daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası və qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafı üzrə Dövlət Proqramı"nın layihəsi nazirlik tərəfindən hazırlanmış İsmayıllı rayonu ərazisində olan tarix və mədəniyyət abidələrinin bərpası və konservasiyası nəzərdə tutulub. Mədəniyyət və turizm naziri cənab Əbülfəs Qarayevin 23 yanvar 2012-ci il tarixli 4 saylı sərəncamına əsasən, İsmayıllı Rayon Mədəniyyət Evinin bazasında İsmayıllı Rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzi yaradıldı və Mədəniyyət evi və klublar isə həmin mərkəzin filialları oldu. Bununla bağlı nazirlik tərəfindən yeni əsasnamə təsdiq olunaraq icrasına başlanılıb.

- Yəqin ki, bu il kitabxana-informasiya sahəsində hansısa addımların atılacağı gözlənilir...

- Bəli. "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı"nın icrası ilə əlaqədar müəyyən işlər görülməsi üçün lazımi tədbirlər həyata keçirir. Bu baxımdan da İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən 23 fevral 2012-ci il tarixli 26 saylı sərəncamı ilə "İsmayıllı rayonunda 2012-ci ilin kitabxanalar ili" elan edilib. Bununla bağlı tədbirlər planı hazırlanaraq icrasına başlanılıb.

 

 

Pərvin İsmayılova,

Bakı-İsmayıllı-Bakı

 

Həftə içi.- 2012.- 19-21 may.- S. 12.