"Eurovision" üçün 300 xalça sifarişi

 

Azərbaycanın ən qədim sənətkarlıq incilərindən biri də xalçaçılıqdır. Ta qədimdən bu günümüzə qədər Azərbaycan xalçalarında olan ilmə və çeşidlər milli tariximizi, bir xalq kimi qədimliyimizi əks etdirir. Bu qədim sənət növü Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən, Abşeron yarımadası və ətrafı qəsəbələrdə geniş yayılıb.

İlk xalça da elə Qobu kəndində toxunub və Qobu xalçaları dünyada ən qiymətli xalça nümunələri kimi tanınır. Ta qədimdən əsas məşğuliyyəti heyvandarlıq, əkinçilik və xalçaçılıq olan Qobuda nənələrimiz gündüzlər mal-qara ilə məşğul olardı, gecələr isə boş vaxtlarında evlərində el dili ilə desək, hana qurub çıraq işığında xalça toxuyardılar. Bu günQobu qəsəbəsində xalçaçılıq sənəti özünün varlığını nəinki qoruyub saxlaya bilib, hətta bu sənətkarlıq növü daha da inkişaf edərək müasirləşib. İndi bu qəsəbədə xırda, şəraiti olmayan balaca bir otaqda xalça sexi də fəaliyyət göstərir.

Bir neçə gün əvvəl Qobuda olarkən buradakı xalçaçılıq sexinin əməkdaşı, xalça ustası Firəngiz Orucova bu sənət nümunələri ilə bizi tanış etdi. Onun sözlərinə görə, Qobuda bəşəri övlad məskən salandan xalçaçılıq olub: "Məşğuliyyətimiz heyvandarlıq və xalçaçılıq olub. Bu gün isə xalçaçılıq sənətini yaşatmağa çalışırıq. Biz də ilmə vurmağı nənələrimizdən öyrənmişik. Çalışırıq ki, bu sənət ölməsin. Çünki Qobu xalçası dünyanın ən çox diqqət mərkəzindədir. Nənələrimizin toxuduğu bu xalçalar dünyanın bütün tarixi müzeylərini bəzəyir. Toxuduğumuz bu xalçalar bizim vətənin tarixini özündə əks etdirir".

 Həmsöhbətimiz xalça üzərindəki hər bir ilmə və naxışı mənfur düşmənimizə tutarlı cavab kimi dəyərləndirir. Onun fikrincə, bu xalçalar xalqımızın qədim və zəngin mədəniyyətə malik olduğunu bir daha təsdiq edir: "Qobu xalçaları da özünün qədimliliyi ilə seçilir, çeşidləri əsas Şirvan qrupuna aiddir. İlmələri, naxışları mürəkkəbdir, onu toxumaq çox çətindir. Çünki əsas xalça nümunələrinin üzərindəki naxışlarda Qobustan qayaları, nəbati naxışları, həndəsi fiqurları əksini tapır və bu, bizim qədimliyimizin, mədəni intibahımızın tarixinin çox-çox qədimlərə gedib çıxdığını göstərir. İnsanlar qədim dövrdə necə yaşayıblarsa, öz təfəkkürlərinə görə naxışlar vurublar".

 Firəngiz Orucova deyir ki, Qobu xalçasının tarixi ibtidai icma qurluşuna gedib çıxır. Sonradan isə bu sənət təkmilləşib. Onun sözlərinə görə, Azərbaycanın əsas simvolu "Buta" xalçasıdır: "Od, alov rəmzi olan "Buta" xalçalarının tarixi rəssamlıq sənətinin yaranışından da əvvələ gedib çıxır: "Nənələrimiz öz təxəyüllərində canlandırdıqlarını zərif ilmələri ilə toxuduqları xalçaların üzərinə köçürüblər. Bizim hər bir xalçalarımız canlı bir sənət əsəridir".

  Firəngiz Orucova onu da bildirdi ki, hazırda "Şamaxı", "Şirvan", "Köhnə Quba", "Çiri xalçaları"nı toxuyurlar. "Eurovision" üçün 300 ədəd miniatür xalça sifarişi götürmüşük".

  Xatırladaq ki, 2006-cı ilə qədər Qobu qəsəbəsində böyük xalçaçılıq fabriki fəaliyyət göstərib. Qəsəbədə olarkən öyrəndik ki, həmin fabrikdə ən azı 500-600 nəfərdən çox işçi çalışırdı. Sonradan isə bu xalçaçılıq fabrikini imkanlı şəxslərdən biri alıb. Lakin 2000-ci ildə imkanlı bir fiziki şəxs tərəfindən özəlləşdirilən fabrik elə həmin vaxtdan fəaliyyətini tamamilə dayandırıb.

  Firəngiz Orucova söyləyir ki, fabrik fəaliyyətini dayandırdıqdan sonra bacarıqlı insanlar bu sənət yaşasın deyə qəsəbədə xırda bir sex açmaq qərarına gəlib: "Bu işdə bizə Abşeron Rayon İcra Hakimiyyətinin Qobu qəsəbə nümayəndəsi Akif Qasımov köməkliyini əsirgəmədi. Çünki o özübilirdi ki, qəsəbədə xalçaçılığa böyük maraq var. İndi hər bir işimiz qaydasında davam edir. Bu gün imkanlı şəxslər bizimlə maraqlanır və xalça sifarişi verirlər. Sifarişçilərimiz və alıcılarımız arasında xaricilər daha çoxdur".

  Bununla belə, Firəngiz Orucova xalçaçılıq sexinin özünün binası olmamasından narahatdır. Onun sözlərinə görə, xalçaçılıq gəlir gətirən sahə olsa da, sex üçün bina icarəyə götürmək imkan xaricindədir. Yaxşı olardı ki, günün tələblərinə uyğun xalçaçılığa məxsus bizi bina ilə təmin edəydilər".

  Həmsöhbətimiz bildirir ki, qəsəbədə xalçaçılıq fabriki bərpa olunsa, çoxlu sayda insan burada işlə təmin olunar. Hətta dövlət də gəlir əldə edər: "Amma çətinliklə də olsa, bu sənəti yaşatmağa çalışırıq. Xalçaçılıq ağır sənət olduğundan çox adam bu sənətə gəlmək istəmir. Çünki bu sənətə həm fiziki, həm də zehni əmək sərf olunur. "Azərilmə" İstehsalat Birliyinin prezidenti Vidadi Muradov dəfələrlə məni həmin birliyə işləməyə dəfələrlə dəvət edib. Amma mən öz qəsəbəmizdə işləməyi və burada bu sənəti yaşatmağı daha üstün tutdum".

 

 

Qələndər Xaçınçaylı

 

Həftə içi.- 2012.- 26-29 may.- S.12.