Uçmaq istəyən rəssam
Bir neçə il əvvəl
dünyanın bir çox ölkələrinin vətəndaşlarının
qatıldığı geniş rəy sorğusunda belə qənaətə
gəlinmişdi ki, ikinci minilliyin ən böyük şəxsiyyəti
italiyalı Leonardo da Vinçi olub. Təsadüfi deyil.
Xüsusilə qeyri-adi rəssamlığı və "Mona
Liza" əsərinin müəllifi kimi tanınan Da
Vinçi zamanı qabaqlayan unikal bir zəka sahibi olaraq bu
gün də milyonları heyrətə gətirir.
Leonardonun atası Pyero Vinçi yetərincə varlı
adam olub. Onlar bir neçə
nəsil notarius kimi çalışıblar. Son dərəcə diribaş və bic
olduqlarından xeyli torpaq sahələri də vardı.
Pyero eyni zamanda boylu-buxunlu, qadınlara qarşı biganə
olmayan bir kişi imiş. Ən
azı 4 dəfə evlənmişdi, 12 uşağı
vardı. Leonardo 15 aprel 1452-ci ildə
Katerina adlı bir kəndli qızından olub. Katerina Vinçi şəhərciyinin yanında yerləşən
üzüm bağları və zeytunluqlarla əhatə
olunmuş Ankiano kəndindən idi. Onun
gözəl, ya çirkin, ağıllı və ya
yüngülbeyin olması haqda bioqraflar heç nə
yazmır. Bəlli olan odur ki, Leonardo
nikahdankənar övlad olub. Katerina sonradan
bir kəndliyə ərə gedib. Pyero da Vinçi Donna
Alberiya adlı bir qadınla evlənib, amma 4 il
yaşasalar da, uşaqları olmadığından Leonardonu
oğul kimi qəbul edib. O vaxt kəbindənkənar
övladı olmaq böyük qəbahət
sayılmırdıg
Pyero istərdi
ki, oğlu da onun kimi notarius olsun. Amma xoşbəxtlikdən
o vaxtın qanunlarına görə, kəbindənkənar
uşaqlar notarius və həkim ola bilməzdi.
Qəfəsdəki quşlar azadlığa necə
çıxır?
Oğlunun
xüsusi istedadını görən ata Florensiyaya
köçür. Nəhayət, günlərin
birində Pyero da Vinçi oğlunun rəsmlərini
özünün köhnə dostu, Florensiyada ən məşhur
heykəltəraş, rəssam və zərgər kimi
tanınan Andrea Verokkoya göstərir. Verokko
onlara baxanda heyrətə gəlir və deyir ki, bu uşaq
özünü bütünlükdə rəssamlığa həsr
etməlidir. 1466-cı ildə Leonardo
şagird kimi Verokkonun emalatxanasında fəaliyyətə
başlayır. Çox keçmədən
gənc Leonardoya öz müəllimini ötmək də
müyəssər olur. İnsan kimi qəribəlikləri
çox idi Leonardonun. O, bazarı gəzir, quş
satılan yerlərdə pulunu ödəyib quşları qəfəsdən
azad edərdi. Yazı tərzi də fərqli olub onun: hər
saatda 10-15 dəqiqə yatarmış. Solaxay
olduğundan yazıları da sağdan sola yazırmış
və yazdıqlarını yalnız güzgüdə oxumaq
mümkün olurdu.
Pritonlarda axtarılan İuda
Tezliklə
istedadlı bir rəssam kimi tanınan Leonardo 1482-1499-cu illərdə
Milanda hərbi mühəndis, arxitektor, heykəltəraş və
rəssam işləyir - hersoq Lüdovik Sfortsanın
yanında. Sforsa İtaliyada tiran kimi
tanınırdı. Onu heç kəs sevmirdi,
amma qorxudan hesablaşırdılar. Burdakı iş
Leonardonu təmin etmirdi, maaşı çox az
idi. Hətta saray liliputu da ondan çox
qazanırmış. Da Vinçi Milanda
Sfortsanın sifarişi ilə "Gizli şam yeməyi" əsəri
üzərində işləməyə başlayır.
Rəsmdə İsa peyğəmbərlə həvarilərin
son söhbəti təsvir olunur. Peyğəmbər
orada bildirir ki, həvarilərin biri satqındır və təbii
ki, bu sözlər ayrı-ayrı sifətlərdə fərqli
emosiyalar oyadır. Da Vinçi burada öz
unikal bacarığını göstərib. Rəsmdə satqın İuda da yer alır. İudanın sifətinin təsviri üçün
Leonardo cinayətkarların toplaşdığı
pritonları gəzib axtarırdı. Nəhayət,
o cinayətkar yuvalarında axtardığın monastırda
tapır. Özündən son dərəcədə
razı və zəhlətökən priorun (monastır
başçısı) başını çəkir.
Bunu eşidən Sfortsa gülməkdən qəşş eləyir:
"Sən tamamilə düzgün seçim etmisən". Da Vinçi Sfortsanın at üzərində 80
metrlik bürünc heykəlini hazırlamağa
başlayır. Amma 1499-cu ildə Fransa
kralı XII Lüdovikin qoşunları Milanı ələ
keçirir və orada əsl vandalizm nümayiş etdirir.
Françesko Sfortsanın tamamlanmamış heykəli
də məhv edilir. Leonrado yenidən
Florensiyaya qayıtmalı olur.
Tüstü
kimi yox olan prinsip
Leonardo sənətdə
sfumato (italyanca tüstü kimi yox olan) prinsipinin
yaradıcısıdır. Bu üsulla
çəkilən şəkillərdə rənglər sanki
bir-birində həll olunur, dəqiq sərhəd yaranmır.
Həyatda olduğu kimi hər şey
yayılır, biri digərinə nüfuz edir. Eyni zamanda nəfəs alır, yaşayır,
fantaziyaları hərəkətə təhrik edir. O,
şəkil çəkərkən qəsdən işlədiyi
otağı tüstü ilə doldurardı ki, tüstü
burumlarında, topalarda obrazlar tapsın. Məhz
sfumato prinsipi nəticəsində Cokondanın parlaq təbəssümü
öz təcəssümünü tapdı. O, elə
çəkilib ki, şəklə baxanda fokus nöqtəsindən
asılı olaraq, Mona Liza bəzən nəvaziş və
şəfqətlə gülür, bəzənsə qəzəblə
dişlərini qıcırdadır. Əsərin
ikinci möcüzəsi odur ki, Mona Liza sanki diridir. Əsrlər keçdikcə onun təbəssümü
dəyişir - dodaqlarının qıraqları yuxarı
qalxır. Da Vinçinin bioqrafı Vazari yazır ki, bu əsər
konkret sifarişlə çəkilib: "Leonardo
fırçaya sarılıb Françesko del
Cokonde üçün onun arvadı monna Lizanın portretini
çəkməyə başladı. Amma üzərində
dörd il işləyib rəsmi yarımçıq
qoydu". Bu portret hazırda Fransa
kralının kolleksiyasındadır. Nədənsə,
da Vinçinin bütün rəsmlərində,
freskalarında qadınlar sirli bir tərzdə gülümsəyirlər.
Bu təbəssüm və yarımtəbəssümləri kişi rəsmlərində də görmək
olar. "İsa peyğəmbərin xaç
suyuna çəkilməsi" rəsmində Yəhya peyğəmbər
xaçı - gələcək çarmıxın simvolunu
göstərərək gülür. Madonna
Lita qıvrımsaçlı, gələcəyin peyğəmbəri
olacaq körpənin üzərinə əyilib gülümsəyir.
Mona ("madonna"nın
qısaldılmış variantı) Lizanın
gülüşü haqqında cildlərlə kitablar
yazılıb. Araşdırıcılar bir məsələdə
həmrəydirlər: bunlar adi gülüş deyil,
böyük sirləri bilənlərin
gülüşüdür.
Dirsəklə ölçülən körpü
Çox da
uzaq olmayan keçmişdə İstanbulda Topqapı
sarayında bir vərəq tapılıb. Burada
Leonardo da Vinçinin türk sultanı II Bəyazidə məktubu
və onun tərcüməsi var. Məktubun 1502-1503-cü ildə
yazıldığı güman edilir. Burada
Leonardo sultana bir neçə ixtirasını təqdim edir.
Bunların sırasında böyük bir
körpü layihəsi də var. O vaxt florensiyalılarla
türklər arasında gözəl münasibətlər
vardı. Da Vinçi sultana yazır: "Eşitmişəm,
İstambulla Qalatanı birləşdirən körpü
tikdirmək istəyirsən, amma bacarıqlı usta
tapmırsan". Da Vinçi altından yelkənli
gəmilərin rahatlıqla keçəcəyi böyük
bir körpünün layihəsini yaratmışdı.
Leonardo körpünün ölçülərini qeyd
kitabçasında belə verib: eni 40 dirsək, sudan
hündürlüyü 70 dirsək, uzunluğu 600 dirsək -
bunun 400-ü su üzərindən, iki yüzü quruda. Körpünün cızmaqarası da var. O vaxt bir
Florensiya dirsəyi 0,586 metr olub. Beləliklə,
körpünün ölçüləri belə olmalı
idi: eni 23,75 metr, sudan
hündürlüyü 40,852 metr, uzunluğu 350 metr. Bu layihə o vaxt həyata keçməyib. Amma
500 il sonra Norveçdə bu layihə ilə
möhtəşəm bir körpü tikilib.
Körpünün təşəbbüskarı olan Vebyürn
Sand yazır ki, öz gözəllliyinə görə da
Vinçinin layihəsi çox cazibədardır. Onun yanında XX əsrin 70-ci illərinin layihələri
köhnə dəbli görünür.
Universallıq nümunəsi
Da
Vinçinin maraq dairəsi universal idi. Buraya
rəssamlıq, heykəltəraşlıq, arixitektura,
pirotexnika, hərbi və mülki mühəndislik, riyazi və
təbii elmlər, tibb və musiqi daxil idi. Quşların necə uçmasını
araşdıran Leonardo hətta uçmaq qərarına gəlmişdi.
Bunun üçün qanadlar da düzəltmişdi.
Uçuş Qu dağı adlanan yerdə
baş tutmalı idi. Yəqin 1000-ci ildə
Nişapurda məscidin günbəzinə çıxıb
özünün hazırladığı cihazla quş kimi
uçmağa cəhd edən və yıxılıb ölən
dilşünas və ixtiraçı əl-Cövhəri
haqqında eşidibmiş. Da Vinçinin
maraqlı ixtiralarından biri 36 lüləli topdur. Üç yarusda yerləşən lülələrdən
biri atanda o biri soyumalı, üçüncü cərgə
isə doldurulmalı idi. Bu, avtomatik
silahların və raket qurğularının sələfi idi.
Bundan başqa o, vertolyotun, sualtı
qayığın, skafandrın (dəniz altına enərkən
geyinilən xüsusi paltar), hətta velosipedin çertyojunu da
çəkib.
Kralın
diziüstə gələn ölüm
Leonardo
ömrünün qürub çağlarını Fransada
keçirib. 1516-cı ildə böyük
rəssam kral 1-ci Fransisk tərəfindən Fransaya dəvət
olunur. Ona kralın baş rəssamı,
arxitektoru və mexaniki vəzifəsi təklif olunur. Şahidlərin dediklərinə əsəasən,
o, sarayda müşavir və məsləhətçi kimi fəaliyyət
göstərir. İxtiralarını yenə
davam etdirirmiş. Rəvayətə
görə, sarayda olanda Leonardo yayla hərəkət edən
mexaniki şir düzəldibmiş. Bir dəfə
msiteriya zamanı şir krala doğru hərəkət edir -
sanki üstünə cumacaq. Fransisk əsa
ilə şiri vuranda onun sinəsi açılır və
oradan kralın ayağının altına zanbaq
tökülür. Vazari yazır ki, da
Vinçi xəstə olanda kral da onun xəstəliyinə
yoluxurmuş. Bir dəfə o
bayılır və Fransisk onu qaldırıb başını
dizinin üstünə qoyur. Elə həmin anda - 2 may
1519-cu ildə Fransanın Turen şəhərindəki Klu qəsrində
böyük rəssam dünyasını dəyişir.
Nigar İxtiyarqızı
Həftə içi.- 2012.-26-29 may.-S.16.