Əməkdaşımız "Atəşgah məbədi"ni tikib

 

Təbriz Vəfalı əl işlərinin davamı olaraq məşhur Eyfel qülləsinin maketini hazırlayır

  

"Həftə içi" qəzetinin qazandığı uğurlar və nailiyyətlər sırasına yenisi də əlavə olunub. Əməkdaşımız Təbriz Vəfalı atəşpərəstlərin inanc yeri olan məşhur ziyarətgahı - "Atəşgah məbədi"nin maketini tikib. Müxtəlifin adi çöplərdən hazırladığı məbəd orijinallığı ilə çox seçilir. Belə ki, məbədin divarları, minarələri, günbəzi, hətta içərisindəki alov məşəlinin yandığı düzbucaqlı soba, pilləkənlər, yan divar qarşısındakı dairəvi sobanın maketləri xüsusi zövq və bacarıqla işlənib.

Bu sənətlə lap yenicə, ötən ilin dekabrından məşğul olan Təbriz Vəfalı deyir ki, ilk vaxtlarda karton kağızlardan, parçadan, aliminium naqillərdən, taxta parçalarından avtomobil, kottec tipli evlər, qarajlar düzəldib: "Əvvəlcə 2 kvadrat metrlik ərazini kartondan düzəltdiyim barılarla hasarladım. Burada giriş qapısı və darvaza düzəltdim. Sonra evi qurdum, pəncərələr üçün parçadan pərdə hazırladım. Məftillərdən hazırladığım avtomobili isə çöplərdən qarajın qabağında qoydum. Evin yan tərəfində çardaq və onun altında 2 kreslo, 2 stul və bir stolun maketini düzəltdim. Çardağın qarşısında qurumuş yarpaqları olan ağac budaqlarından bağ hazırladım. Ağacların kölgəsi düşən yerdə isə 2 skamya və bir stol düzəltdim. Bütün bunlar mənim ilk işim idi və mən onu 3 günə hazırladım".

Əməkdaşımızın ikinci işi isə yay istirahət evi olub. Təbriz Vəfalı bu dəfə cəmi 5 gün ərzində ağac budaqlarından, kartondan və siqaret qutularından "ev" düzəldib: "Şüşəbənd ev"in dam hissəsi siqaret qutularının kağızından hazırlanıb. O, növbəti əl işlərində bir qədər təkmilləşdirilmiş materiallardan istifadə edib. Belə ki, Təbriz Vəfalı əl işlərinə marağın artdığını görüb İrandan xüsusi çöplər sifariş verib: "İrandan gətizdirdiyim çöplərdən villalar və müxtəlif formalı birotaqlı ev tikdim. Sonra yel dəyirmanı, su quyusu, stol-stul, kreslo-stol, stolüstü lampa komplekti, arabalar, şəkil çərçivələri, eləcə də odunların doğranması səhnəsini təsvir edən kompleks, kənd təsərrüfatı alətləri və məişət əşyaları hazırladım. Bunları düzəltmək üçün çöplərdən, yapışqanlardan, naqillərdən, kartonlardan və kağız parçalarından istifadə etdim. Hətta kibrit qutularından və çöplərdən istifadə etməklə ofis stolu da düzəltmişəm".

Əl işlərinin fotoşəkillərini "Facebook" və digər sosial şəbəkələrində yaydığını deyən əməkdaşımız zəhmətinin bəhrəsi kimi pul qazandığını da deyir. Onun hazırladığı fiqurların qiyməti isə sərf olunan materialdan və işin mürəkkəbliyindən asılı olaraq dəyişir: "Şəkil çərçivəsinin, yel dəyirmanın və su quyusunun hər birini 15 manata satmışam. Ölçülərindən və quruluşundan asılı olaraq, evlərin qiymətləri 40-100 manat məbləğindədir. Kreslo, stol-stul 8-10 manatadır. Ən çox sifarişim şəkil çərçivələri ilə bağlı olub. Bu günədək 50-dək əl işimi satmışam. Amma əl işlərimdən pay verdiklərim, ad günlərinə hədiyyə etdiklərim də çox olub".

Təbriz Vəfalı deyir ki, Rusiya, Ukrayna, Türkiyə kimi ölkələrdə bu cür fiqurların düzəldilməsi ilə minlərlə insan məşğul olsa da, Azərbaycanda belələrinin sayı cəmi 3 nəfərdir: "Təhsil Nazirliyi və digər dövlət qurumları bu barədə fikirləşməlidirlər. Ən azından orta məktəblərdə əmək təlimi fənlərində tikinti-quraşdırma işləri barədə şagirdləri məlumatlandırmaq, onları praktiki işlə tanış etmək mümkündür".

Əməkdaşımız söyləyir ki, bu sənəti istedad və qabiliyyətlə yanaşı səbr, dözüm, xüsusi ustalıq və dəqiqlik tələb edir. Mənim ulu babam Məmmədalı kişi dülgər, babam Həşim kişi isə bənna və xarrat olub. Ailəmizdə atam, qardaşım və mən bu sənətin sirlərinə bələdik. Üstəlik hələ tələbə ikən çertyoj fənnini çox yaxşı qavramışam".

Hazırda məşhur Eyfel qülləsinin də maketi üzərində işlədiyini deyən Təbriz Vəfalı Qız qalasının, Hökumət Evinin, Bakı şəhər İcra Hakimiyyətinin, Milli Parkdakı saat qülləsinin, Bakı teleqülləsinin, Bakı Dəmiryolu Vağzalının və digər obyektlərin maketlərini də hazırlayacaq: "Böyük ehtimalla, yay mövsümünün sonunda bunların hamısı hazır olacaq. Ondan sonra başqa layihələrimi gerçəkləşdirəcəyəm".

Əməkdaşımız bu ilin sonunda özünün əl işlərindən ibarət sərgi təşkil etməyi də planlaşdırır: "Məqsədim kommersiya maraqlarından daha çox yeniyetmələrimizdə və gənclərimizdə bu sənətə maraq oyatmaq və bu sənəti inkişaf etdirməkdir".

 

 

Pərvin İsmayılova  

 

Həftə içi.- 2012.- 30 may.- S.7.