Amerikada Azərbaycan rəssamlarının sərgisi

 

ABŞ-ın Corc Meyson Universitetində iyunun 5-dən 22-nə qədər Azərbaycan və Amerika gənc qadın rəssamlarının sərgisi təşkil olunacaq. Sərgi QHT-lərin İnkişafına Dövlət Dəstəyi Şurasının, Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Dillər Universitetinin maliyyə dəstəyi ilə "Dünyamızı birlikdə rəngləyək: Azərbaycanın Dağlıq Qarabağ rəngləri" adlı layihəsi əsasında həyata keçiriləcək. Layihənin məqsədi qadın rəssamlar arasında yeni dialoqa çağırış, yaradıcı qadınların sülhə və optimist gələcəyə can atmaq istəyini nümayiş etdirməkdir.

Sərgidə Azərbaycan tərəfdən gənc rəssamlar Nərminə Vəliyeva və Şəhla Qəhrəmanlının əsərləri nümayiş olunacaq, Şuşa həsrəti, Xocalı faciəsi motivləri üstünlük təşkil edəcək. Tədbirdə Amerika rəssamlarını Corc Meyson Universitetinin tələbələri təmsil edəcək. Layihənin rəhbəri, "Sönməz Məşəl" Mədəni Əlaqələr İctimai Birliyinin sədri Şəhla Nağıyeva bildirib ki, layihənin iştirakçıları iyunun 3-də ABŞ-a yola düşəcəklər.

Layihənin ABŞ-dakı tərəfdaşları olan Corc Meyson Universiteti və Vaşinqtonda fəaliyyət göstərən Qarabağ Fondu iki aya yaxındır ki, sərginin təşkili, informasiya dəstəyi və keçirilməsi üçün hazırlıq işləri görür.

 

 

Nigar

 

Həftə içi.- 2012.- 30 may.-S.8.