Alimlər bəşəriyyəti aclıqdan qurtarmaq yollarını araşdırdılar

 

Qənirə Paşayeva: "Aclığı duymaq üçün mütləq Afrikaya getmək və oradakı insanları görmək lazımdır"

 

Dünən "Dialoq Avrasiya Platforumu" və AMEA-nın İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə 31 oktyabr Dünya Qənaət Gününə həsr edilmiş "Dünyada aclıq problemionun həlli istiqamətində axtarışlar" adlı elmi-nəzəri konfrans keçirildi. Əvvəlcə akademik Budaq Budaqovun xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra isə konfransı giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Mahmud Kərimov bildirdi ki, tədbirdə çox mühüm problemlərdən çıxış yolu aranmaqdadır.

Onun sözlərinə görə, dünyanın bir tərəfində bolluğun və qarşılığında israfçılığın, digər yanda isə aclıq və səfalətin olduğu, minimum yaşayış tələblərinin belə ödənilmədiyi halda "Dünyada aclıq problemi və onun həlli istiqamətində axtarışlar" mövzusunda elmi-nəzəri konfransın keçirilməsi olduqca əhəmiyyətlidir və hər bir kəs üçün aktualdır: "Bir çox ölkələr zəngin yeraltı və yerüstü sərvətlərə malikdir. Amma bu o demək deyil ki, həmin ölkələrdə insanlar xoşbəxtdirlər. Yəni sərvətlərdən planlı və düşünülmüş şəkildə istifadə olunmalıdır ki, müsbət nəticəsini insanlar hiss etsin. Bu baxımdan Azərbaycanda həyata keçirilən dövlət layihələri təqdirəlayiqdir. Prezident İlham Əliyevin birbaşa nəzarəti altında ölkəmizdə keyfiyyətli ərzaq istehsalına dair proqramlar həyata keçirilir" deyən AMEA prezidenti təəssüflə əlavə etdi ki, bütün bunlara baxmayaraq, dünyada Somali, Əfqanıstan, Pakistan kimi kasıb ölkələrin xalqları hələ də firəvanlıq həsrətindədirlər.

AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru professor İsa Aliyev isə çıxışında bildirdi ki, dünya alimlərinin qənaətincə gündəlik 1800 kaloridən az qida qəbul edən insan ac sayılır: "Aclıq geniş yayılmış problemdir. Ölkəmiz bu problemdən birmənalı şəkildə uzaq olsa da, amma heç bir dövlət, o cümlədən Azərbaycan belə təhlükədən sığortalanmayıb". Professorun sözlərinə görə, hazırda kənd təsərrüfatı sahəsinə investisiya qoyuluşu 4,4 faizdir: "Əsas aclıq çörək, buğda və ətdən olur. Əgər bu məhsullar yoxdursa, aclıq baş verə bilər. Azərbaycan ət və yağ istehsalına görə öz tələbatını ödəyə bilir, baxmayaraq ki, torpaqlar eroziyaya uğrayıb, təbiətdə bir sıra problemlər yaranıb. Amma elmi-texniki proseslər nəticəsində bu problemləri aradan qaldırmaq olar. Hətta bu halda belə əhalini 10 dəfədən çox doydurmaq qabiliyyətinə malikdir". İ.Alıyev dedi ki, Azərbaycanda ehtiyat fondu yaradılmalıdır: "7 illik buğda ehtiyatı olmalıdır. Elə rayonlarımız var ki, onlar Azərbaycanı buğda ilə tam təmin edə bilərlər, sadəcə iqtisadçılar bu barədə fikirləşməlidirlər".

Bu gün dünyada qlobal maliyyə böhranından da böyük problem mənəvi böhrandır. Bu fikri isə çıxışında Milli Məclisin deputatı Qənirə Paşayeva açıqladı. O, əlavə etdi ki, aclığı duymaq üçün mütləq Afrikaya getmək və oradakı insanları görmək lazımdır. "Aclıqla mübarizə aparmaq üçün biz gərək əvvəlcə qəlbimizi və beynimizi təmizləyək" deyən Q.Paşayeva əlavə etdi ki, bu gün konkret olaraq Azərbaycanda keçirilən toy və yas mərasimləri insanları lovğalandırmaq və ya bəhs etmək vasitəsinə çevrilib. Hansı ki, nə toyda çəkilən xərcin mərasim sahibinə faydası olmadığı kimi, yasda yeyilənlərin də mərhumun ruhuna savabı yoxdur. Millət vəkilinin fikrincə, bu mərasimlərə çəkilən əlavə xərclərlə acları doyurmaq, imkansızlara əl tutmaq və kasıbların təhsil alması üçün şərait yaratmaq daha böyük savabdır: "Buna misal olaraq Zeynalabidin Tağıyevi göstərə bilərəm. Bu şəxs milyonlarını azərbaycanlı istedadların təhsilinə, tikib-qurmağa, iş yerləri açmağa xərclədi və buna görə də 100 il sonra insanlar onu fəxrlə anırlar".

"Dünyada 7 milyard insanın hər yeddisindən biri acdır". Bunu Dialoq Avrasiya Platformasının Azərbaycan üzrə koordinatoru Mustafa Saatcı çıxışı zamanı dedi. Bildirdi ki, konfransın keçirilməsində məqsəd aclıqdan əziyyət çəkən insanları xilas etməkdir. "Bizim bu tədbiri keçirməkdə məqsədimiz həmin o insanları xilas etməyə çalışmağımızdır. Azərbaycana gəlincə isə iqtisadi durum yaxşıdır. Ancaq hər kəs aclığa qarşı mübarizə aparmalıdır" - deyə M.Saatcı bildirdi.

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri, professor İslam İbrahimov isə bildirdi ki, Azərbaycanda ərzaq təhlükəsizliyi ilə mübarizəyə dair dövlət proqramı mövcuddur. Onun fikrincə, ölkədə və dünyada aclığın qarşısını almaq üçün mütləq kompleks mübarizə tədbirləri həyata keçirilməlidir: "Azərbaycan prezidentinin bölgələrə səfəri və yerlərdə problemləri öyrənməsi, bundan əlavə, problemlərin həllini nəzərdə tutan fərman və sərəncamların verilməsi təqdirəlayiqdir. O cümlədən, kənd təsərrufatı məhsulları üzərindən 8 adda vergitutmanın ləğv edilməsi müsbət addımdır bu qərar 2014-cü ilədək qüvvədə qalacaq". Nazirlik rəsmisi onu da bildirdi ki, indiyədək kənd təsərrüfatı sahəsində çalışanlara 537 milyon manat subsidiya ayrılıb ki, bu ərzaq təhlükəsizliyinin qruması üçün böyük rəqəmdir. Eləcə də ölkədə sahibkarlığın inkişafı məqsədilə 900 milyon manatdan artıq kreditlər verilib ki, onun da 60 faizdən artığı məhz kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahəsinə ayrılıb. Çıxışının sonunda isə nazirlik rəsmisi əlavə etdi ki, bu gün Azərbaycanda kartof, tərəvəz məhsulları və meyvə ilə özümüzü 100 faiz təmin edirik, digər ərzaq məhsulları sahəsində isə bu rəqəm 80 faizə qədərdir.

Daha sonra isə professor Sakit Hüseynov, Dövlət Neft Akademiyasının dosenti İlham İbrahimov və digər alimlər sözügedən problemə dair müxtəlif mövzularda çıxışlar etdilər.

 

 

Vüsal Tağıbəyli

 

Həftə içi. – 2012. – 3-5 noyabr. –S. 7.